Bakı, 10 mart, AZƏRTAC
“Bir Könüllü” platforması çərçivəsində gənclər, o cümlədən tələbələr müxtəlif beynəlxalq təşəbbüslərə qoşulur, həm yerli, həm də qlobal tədbirlərdə ölkəmizi təmsil edirlər. Bu fəaliyyətlər xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gənclərin maarifləndirilməsi və onların beynəlxalq platformalarda iştirakının artırılmasına yönəlib.
Bunu AZƏRTAC-a açıqlamasında “Bir Könüllü” İctimai Birliyinin İdarə Heyətinin üzvü Əli Süleymanov deyib.
O bildirib ki, hazırda təşkilat tərəfindən həyata keçirilən mühüm təşəbbüslərdən biri də şəhərsalma və davamlı inkişaf mövzularını əhatə edən layihələrdir. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və digər tərəfdaş qurumların dəstəyi ilə “Urban Hackathon 2026” – Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonunun keçirilməsi planlaşdırılır. Hakatonun məqsədi şəhər mobilliyi sahəsindəki mövcud problemlərə gənclərin innovativ və tətbiq oluna bilən həllər təqdim etməsinə şərait yaratmaqdır.
Əli Süleymanov vurğulayıb ki, bu təşəbbüs 2026-cı ildə keçiriləcək On Üçüncü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunur və gənclərin inkişaf, innovasiya və davamlı şəhər mühiti mövzularında aktiv iştirakını təşviq edir: “WUF13 və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində respublika səviyyəsində digər təşəbbüs və layihələrin də həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə gənclərin inkişaf və davamlı şəhər mühiti mövzularında iştirakının genişləndirilməsi məqsədilə BMT-nin müvafiq strukturları, o cümlədən UN-Habitat ilə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi planlaşdırılır”.
O həmçinin qeyd edib ki, Azərbaycanda gənclər təşkilatları son illər həm milli, həm də beynəlxalq səviyyədə müxtəlif təşəbbüslərdə fəal iştirak edir. Bu prosesdə tələbə təşkilatları, könüllü hərəkatları və müxtəlif gənclər platformaları mühüm rol oynayır: “Gənclər yalnız yerli layihələrdə deyil, eyni zamanda, beynəlxalq platformalarda da ölkəmizi təmsil edərək qlobal məsələlərin müzakirəsinə töhfə verirlər. Bu istiqamətdə fəaliyyət göstərən əsas platformalardan biri olan “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi gənclərin ictimai fəallığının artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və gənclərin qlobal proseslərdə iştirakının təşviqi istiqamətində müxtəlif layihələr həyata keçirir”.
Müxbir- Günel Türksoy