Ermənistan kəşfiyyatı seçkilərə müdaxilə barədə bəyanat yayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Qurumun yaydığı rəsmi bəyanatda qeyd olunur ki, müəyyən bir xarici ölkədə Ermənistan vətəndaşlarına qarşı təzyiqlər göstərilir və qarşıdan gələn seçki proseslərinə müdaxilə cəhdləri müşahidə olunur.
“Həmin ölkədə yerli xüsusi xidmət orqanlarının adından çıxış edən müxtəlif şəxslər orada iqtisadi fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarına və erməni əsilli şəxslərə təzyiq göstərməyə çalışırlar. Onlar sahibkarları Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olan bəzi siyasi qüvvələri dəstəkləməyə sövq edirlər”, – deyə məlumatda bildirilir.
Xarici Kəşfiyyat Xidmətinin qənaətinə görə, bu cür hərəkətlər həmin iş adamları tərəfindən müvafiq siyasi qüvvələrə həm maliyyə, həm də təşkilati dəstəyin göstərilməsini hədəfləyir. Qurum bu cür fəaliyyətlərin ölkənin suveren seçki proseslərinə zidd olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az