AZ

ABŞ və İsrailin mümkün planı: İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

İran, İsrail və ABŞ arasında gərginlik fonunda başlayan hərbi qarşıdurma hələ də davam edir. Regionda vəziyyət gərgin olaraq qalır və tərəflər arasında qarşılıqlı hücumlar dayanmayıb. Hadisələrin inkişafı Yaxın Şərqdə təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir.

Politoloq İlqar Vəlizadə müharibə ilə bağlı fikirlərini AZXEBER.COM-la bölüşüb.

Müsahibəni təqdim edirik:

– Müharibənin coğrafiyasının genişlənməsi mümkündürmü?

– Müharibənin arealı genişlənə bilər. Lakin bu, hadisələrin gedişatından və İranın müqavimət potensialından çox asılıdır. Əgər İran hazırkı imkanları ilə müqavimətini davam etdirə bilsə, müharibə bir neçə həftə uzana bilər. İranla sərhədi olan ölkələr hələlik açıq şəkildə İrana qarşı hərbi qarşıdurmaya qoşulmaqdan çəkinirlər. Bununla belə, İran Körfəz ölkələrinə qarşı təzyiqi və ya hücumları artırarsa, həmin ölkələr də münaqişəyə cəlb oluna bilərlər. Məsələn, BƏƏ-nin İrana qarşı daha açıq mövqe tutması mümkündür.

– Quru əməliyyatlarının baş verməsi ehtimalı varmı?

– Quru əməliyyatlarının baş verməsi ehtimalı çox aşağıdır. ABŞ Prezidenti Donald Tramp da belə bir ssenarinin nəzərdə tutulmadığını bildirib. Əgər ABŞ quru əməliyyatlarına başlasa, İran daxilində hakimiyyətə qarşı olan bəzi siyasi və sosial qruplara arxalana bilər. Kürdlər və digər sosial təbəqələr arasında belə qüvvələr mövcuddur. Lakin bu qrupların ciddi güc nümayiş etdirməsi çətin görünür. Çünki onlar parçalanmış və bir-biri ilə koordinasiyası zəif olan qruplardır. Məsələn, İran hakimiyyətinə qarşı çıxan bəzi siyasi və sosial qruplar kürdlərlə həmrəy deyillər və onların proqramları bir-biri ilə ziddiyyət təşkil edir.

– ABŞ üçün quru əməliyyatlarının riski nə ola bilər?

– Quru əməliyyatı başlasa, bu ABŞ üçün ciddi itkilərlə nəticələnə bilər. Vaşinqton isə belə bir riskə getmək istəmir. Çünki ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı ölkəyə tabutların qayıtmayacağını vəd etmişdi. Regiondan göndərilən hərbi itkilər Trampın seçici bazasına mənfi təsir göstərə bilər. Bu isə noyabrda keçiriləcək seçkilər ərəfəsində onun üçün ciddi siyasi risk yaradar. Buna görə də Tramp administrasiyasının belə bir qərar verməsi real görünmür.

– Müharibənin necə yekunlaşacağını düşünürsünüz?

– Müharibə müəyyən bir anlaşma ilə yekunlaşa bilər. Ola bilsin ki, İran daha ağır şərtlərlə bu münaqişədən çıxmaq məcburiyyətində qalsın. İsrailin əsas məqsədlərindən biri İran hakimiyyətində dəyişiklik yaratmaqdır. Lakin bunu qısa müddətdə həyata keçirmək asan deyil. Rejimin siması müəyyən qədər dəyişə bilər, amma mövcud şəraitdə rejimin tam şəkildə dəyişməsi üçün hələ kifayət qədər amil formalaşmayıb.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azxeber.com

1Mənbələr