Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun yaxın çevrəsinə daxil olan keçmiş yüksək vəzifəli məmur Ruslan Tsalikov barəsində məhkəmə qərarı verilib.
Musavat.com rus mediasına istinadən xəbər verir ki, Rusiyanın keçmiş müdafiə nazirinin birinci müavini olmuş Ruslan Tsalikov məhkəmənin qərarı ilə istintaq təcridxanasına deyil, ev dustaqlığına göndərilib.
Rusiya İstintaq Komitəsi Tsalikovu cinayətkar birlik yaratmaq, vəsaitlərin mənimsənilməsi, çirkli pulların yuyulması və rüşvət almaqda ittiham edir. O, martın 5-də saxlanılıb.
Rusiya dövlət agentliyi TASS və Kremlə yaxın “İzvestiya” qəzetinin yazdığına görə, məhkəmənin onu həbs qətimkan tədbiri kimi istintaq təcridxanasına göndərməməsinin formal səbəbi səhhətindəki problemlər olub.
Məlumata görə, Tsalikov uzun illər Sergey Şoyqunun komandasında çalışıb və Müdafiə Nazirliyində nazirin ictimai və media imicinə cavabdeh şəxslərdən biri sayılıb. Onlar hələ 2007-ci ildən – Şoyqunun Fövqəladə Hallar Nazirliyinə rəhbərlik etdiyi dövrdən birlikdə işləyirdilər.
Şoyqu vəzifədən getdikdən sonra Tsalikovu Rusiyanın Tuva Respublikasının parlamentinə – Xuralına keçirmək və daha sonra Federasiya Şurasına senator təyin etmək planlaşdırılırdı. Belə bir vəzifə ona cinayət təqibindən toxunulmazlıq qazandıra bilərdi. Lakin bu plan “xarici amillər” səbəbindən baş tutmayıb.
Ruslan Tsalikov Şoyqu ilə birlikdə Müdafiə Nazirliyinə gəlmiş və sonradan saxlanılan sonuncu müavin sayılır. Ondan əvvəl istintaq orqanları Şoyqunun digər müavinləri – Timur İvanov və Pavel Popov barəsində də ittihamlar irəli sürmüşdü.
Şoyqunun başqa bir müavini – Yuri Sadovenko isə daha əvvəl müəmmalı şəraitdə həyatını itirib.
Rus mediası yazır ki, Tsalikov istintaq zamanı Timur İvanovun işi üzrə ifadə verib və məhkəmədə ittiham tərəfinin mövqeyini dəstəkləyib. Analitiklər hesab edir ki, bu amil onun barəsində daha yumşaq qətimkan tədbiri – ev dustaqlığının seçilməsinə təsir göstərə bilər.
Maraqlıdır ki, Tsalikov saxlanılmadan cəmi bir həftə əvvəl məhkəmə Rusiyada pro-hərbi media kimi tanınan “Ridovka” layihəsinin təsisçisi Aleksey Kostılevi Müdafiə Nazirliyindən 1 milyard rublun mənimsənilməsi işi üzrə həbs edərək istintaq təcridxanasına göndərmişdi.
Kostılev ağır avtomobil qəzası keçirərək komada qalsa, əlillik alsa və hərəkət etməkdə çətinlik çəksə də, məhkəmə onun səhhətini həbsdə saxlanılmasına maneə hesab etməmişdi. Bu fakt isə Rusiyada hüquq-mühafizə sistemində ikili yanaşma barədə müzakirələri yenidən gündəmə gətirib.
Musavat.com