“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycanda işləməkdən məmnundur. Amma ukraynalı mütəxəssisin şikayətçi olduğu məqamlar da var.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Y.Vernidub meydançalardan narazıdır:
“Nəyisə bəyənmədiyimi söyləyə bilmərəm, yeganə problem kimi bəzi klubların süni meydançalarda oynaması xoşuma gəlmir. Bəzi meydançalarda da otun keyfiyyəti ürəkaçan deyil. Məsələn, bildiyimə görə, “İmişli”nin Qubadakı meydançası pis gündədir. Amma biz orada hələ oynamamışıq, ona görə də deyə bilmərəm. Amma kənardan izlədilərimə görə, meydança faciəvi vəziyyədədir. Ona görə də Qurban Qurbanovun tərəfindəyəm! O da bu stadiondan şikayət etmişdi”.
“Neftçi”nin baş məşqçisi bəzi komandalarımızın Ukrayna çempionatında yüksək pillələr uğrunda mübarizə apara biləcəyini düşünür:
“Sabah”, “Qarabağ” və “Neftçi” bunu bacarar. Hər üç komanda yüksək səviyyəlidir. Azərbaycan futbolu üçün mənfi təsirləri ola bilər, amma ümumi götürsək, çox müsbət haldır ki, sizin çempionatda legioner limiti yoxdur. Burada çox keyfiyyətli əcnəbi futbolçular top qovur. Hətta aşağı yerlər uğrunda mübarizə aparan komandalarda belə güclü legionerlər var. “Qarabağ”, hətta deyərdim ki, “Sabah” da Ukraynada çempionluğa oynaya bilər. “Neftçi”nin özü belə hazırkı oyunçu heyəti ilə toparlansa, orada nəyəsə nail ola bilər”.