AZ

Gərginlik fonunda enerji qiymətlərinin artmasının qlobal iqtisadiyyata hansı təsirləri olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarına dərhal təsirini göstərə bilir. Yəni həmin regionun, xüsusilə neft və qaz tədarükünün böyük hissəsini təmin edən region olduğunu nəzərə alsaq, təkcə Hörmüz boğazı vasitəsilə dünya gündəlik neft ticarətinin təxminən 20%-i, təxminən 21 milyon barelə qədər neft daşınması həyata keçirilir. Sıxılmış maye qazının da təxminən 35%-ə qədər miqdarı həmin boğaz vasitəsilə tədarük olunur".

Bunu iqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, həmin boğazdan istifadə edən bir sıra ölkələr var: "Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran, Səudiyyə Ərəbistanı və s. Bunlar dünyanın ən böyük neft tədarük edən ölkələridir. Belə olduğu halda, son hadisələr fonunda neft qiymətləri qısa müddətdə 2 dəfəyə qədər qalxa bilər.

Bu isə qlobal iqtisadiyyat üçün bir sıra həm müsbət, həm də mənfi nəticələr yarada bilər. İlkin olaraq ən böyük məsələ inflyasiyanın artmasıdır. Enerji qiymətləri yüksələndə istehsal və nəqliyyat xərcləri, eyni zamanda digər xərclər də artır. Bu da malların və xidmətlərin qiymətlərinin qalxmasına səbəb olur.

Neft qiymətlərinin təqribən 10% qalxması hardasa 0,4-0,5 dəfə inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. Enerji qiymətləri qlobal ticarət vasitəsilə digər ölkələrə də ötürülür. Buna “cost-push” inflyasiya da deyilir və belə olduğu halda qlobal iqtisadi artımın zəiflənməsi də sürətlənə bilər.

Enerji bahalaşdıqca şirkətlərin xərcləri artır, istehlakçılar isə daha az xərcləməyə başlayırlar. Yəni, hardasa neft qiymətlərində böyük artım olanda qlobal ümumi daxili məhsul təxminən 1,4-2 faizə qədər azala bilir. Bu səbəbdən də iqtisadi artım zəifləyə və bəzi regionlarda resessiya riskləri yarana bilər".

İqtisadçı bildirib ki, nəqliyyat və logistika xərclərinin artması da mühüm təsirlərdən biridir: "Enerji qiymətlərinin yüksəlməsi ən çox nəqliyyat sektoruna təsir edir. Bu zaman yanacağın bahalaşması, xüsusilə də hava nəqliyyatı ilə məşğul olan aviaşirkətlərin bilet qiymətlərinin artırılmasına gətirib çıxara bilər. Bu isə turizm sektoruna və qlobal ticarətə təsir göstərir.

Enerji idxal edən ölkələrə də fərqli təsirini göstərir. Məsələn, Azərbaycan kimi ölkələrdə, xüsusilə dövlət büdcəsi neft gəlirlərindən maliyyələşən ölkələrdə dövlət büdcəsinə daxilolmalar arta bilər. Yəni, daha çox gəlir əldə edə bilərlər. Enerji idxal edən ölkələr isə daha çox valyuta xərcləməli olurlar. Məsələn, Avropa İttifaqı kimi ölkələr.

Biz bir sıra məhsulları həmin regionlardan tədarük edirik. Xammal bazarına aid olan bir sıra məhsulları Çindən tədarük edirik və bu da maya dəyərinin artmasına gətirib çıxara bilir.

A. İbrahimov həmçinin qeyd edib ki, bu qeyri-stabillikdən ən birinci təsirlənən sahələr maliyyə bazarları olur: "Maliyyə bazarlarında bu kimi neqativ təsirlər dərhal hiss olunmağa başlayır. Müharibə və ya tədarük riskləri investorların davranışına xüsusilə təsir edir və onlar daha ehtiyatla davranmağa başlayırlar. Belə olduğu halda enerji səhmlərinin qiymətləri arta bilər, aviasiya və logistika sektorları isə təzyiq altında qalır.

Qlobal bazarlarda, yəni ümumilikdə, volatillik artmağa başlayır. Qısaca desəm, Yaxın Şərqdə gərginlik uzun müddət davam edəcəksə, dünya iqtisadiyyatı çox ciddi risklərlə üz-üzə qala bilər. Bu risklərə yüksək inflyasiya, iqtisadi artımın zəifləməsi, enerji və nəqliyyat xərclərinin artması və maliyyə bazarlarında qeyri-stabilliyin yaranması daxildir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
61
1
banco.az

2Mənbələr