AZ

Xəzər Universitetinin 35 illik yubileyi

Bakı. TurkicWorld:

Bu il Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan Xəzər Universitetinin fəaliyyətə başlamasının 35 ili tamam olur. 1991-ci ildə tanınmış alim və ictimai xadim, professor-akademik Hamlet İsaxanlı tərəfindən təsis edilən universitet ölkədə müasir və beynəlxalq standartlara uyğun ali təhsilin formalaşmasına mühüm töhfələr verib.

TurkicWorld xəbər verir ki, ötən 35 il ərzində Xəzər Universiteti təhsil, elm və beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli uğurlar əldə edib. Bu günə kimi universitetdə müxtəlif ixtisaslar üzrə minlərlə tələbə təhsil alıb, yüzlərlə məzun ölkənin dövlət qurumlarında, özəl sektorda və beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərir.

Xəzər Universiteti Azərbaycanda ingilisdilli təhsil modelinin tətbiqi və inkişafında öncül ali məktəblərdən biri kimi tanınır. Universitet dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurur. Tələbə və müəllim mübadiləsi proqramlarında fəal iştirak edir.

Bu gün Xəzər Universiteti müasir tədris infrastrukturu, güclü professor-müəllim heyəti və innovativ təhsil yanaşması ilə ölkənin ali təhsil sistemində özünəməxsus yer tutur. Universitetin əsas məqsədi yüksək ixtisaslı, yaradıcı düşüncəyə malik və qlobal çağırışlara hazır mütəxəssislər yetişdirməkdir. Hal-hazırda universitetdə 5 mindən artıq tələbə təhsil alır. Onlardan 12 nəfəri isə şəhid övladıdır.

Universitetdə təhsil alan tələbələrin 67 faizi dövlət sifarişi ilə oxuyur.

35 illik yubiley münasibətilə universitetdə müxtəlif elmi konfranslar, görüşlər, mədəni tədbirlər və məzunlarla görüşlərin keçirilməsi planlaşdırılır.

Bu tədbirlər universitetin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı onun gələcək strategiyasını müəyyənləşdirəcək.

Xəzər Universitetinin 35 illik yubileyi Azərbaycanın ali təhsil tarixində böyük hadisə olmaqla yanaşı ölkəmizin akademik həyatında oynadığı rolun daha da güclənəcəyinə böyük inam yaradır.

Seçilən
15
1
turkic.world

2Mənbələr