AZ

S.Bəhlulzadə adına XDTG-nin 7b sinif şagirdlərindən nümunəvi addım

S.Bəhlulzadə adına XDTG-nin 7b sinif şagirdlərindən nümunəvi addım

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 7b sinfi bu il 8 Mart Beynəlxalq Qadınlar Gününü "Təmiz Dünya" Qadınlara və Uşaqlara dəstək İctimai Birliyinin "Mehriban" sığınacağında keçirib.

Hər il olduğu kimi, bu il də gimnaziyada müxtəlif siniflər arasında bayramların bölgüsü aparılıb. 2026-cı lin 8 Mart bayramının təşkili, bayram münasibətilə tədbirlərin reallaşdırılması 7b sinfinə tapşırılıb. Sinif rəhbəri və şagirdlər tapşırığın öhdəsindən yüksək səviyyədə gəlib. Belə ki, bütün sinif şagirdləri tərbiyəçi-sinif rəhbəri Mələk Rəştiyeva ilə məsləhətləşərək, bayram ərəfəsində xeyriyyə tədbiri reallaşdırmağa qərar verib. Bu məqsədlə şagirdlərin "Təmiz Dünya" Qadınlara və Uşaqlara dəstək İctimai Birliyinin "Mehriban" sığınacağını ziyarət etməsi məqsədəuyğun sayılıb. Ziyarət zamanı sığınacaqda olan 40-dan çox uşaqla ünsiyyət qurulub, niiden yaşadığı şəraitlə tanışlıq olub. Şagirdlər sığınacaqdakı kiçik dostları ilə müxtəlif əyləncəli oyunlar oynayıblar, onlarla fikir mübadiləsi aparıblar.

Sığınacağın rəhbəri, "Təmiz Dünya" Qadınlara və Uşaqlara dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova təşəbbüs üçün Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın rəhbərliyinə və 7b şagirdlərinə təşəkkürünü bildirib. M.Zeynalova şagirdlər qarşısında çıxış edərək, sığınacaqdakı ümumi vəziyyət haqda məlumat verib: "Sizin məktəb gözəl nümunə oldu: paylaşma, burdakı uşaqlara anlayış ənənəsini formalaşdırdınız. Mən bayaqdan müşahidə edirəm, siz onlarla nümunəvi davranırsınız. Burdakı uşaqlar içərisində müxtəlif istiqamətlərdə uğur qazananlar, eyni zamanda gözəl davranışa, tərbiyəyə malik olanlar var. Sizlərə çox təşəkkür edirəm ki, böyük hörmət və qarşılıqlı ünsiyyət nümayiş etdirdiniz. Bu, həm də sizin məktəbinizin yanaşmasını göstərdi ki, hər kəs bərabərdir, hər kəs hörmətə, dostluğa layiqdir. Bu görüş çox əhəmiyyətli görüşdür. Siz buradakı uşaqların yaddaşında dostluq nümunəsi kimi qalacaqsınız".

M.Zeynalova bildirib ki, sığınacaqda valideyn zorakılığına məruz qalan, bu və digər səbəblərdən valideyn himayəsindən məhrum olan uşaqlar yerləşdirilib: "Əgər sizin ətrafınızda da eyni problemlə üzləşən uşaqlar varsa, ona dəstək olun. Ola bilər görərsiniz ki, hər zaman yaxşı oxuyan hansısa həmyaşıdınız dərslərində geriləyir, yaxud qəmgindir, fikirlidir, üzərində xəsarət izləri var, dərhal hərəkətə keçin. Unutmayın ki, siz özünüz də bir növ ictimai səfirlərsiniz. Məktəblərdə bullinqin qarşısını almaqda, bərabərsizliyə, ədalətsiz yanaşmaya qarşı mübarizə aparmaqda sərbəstsiniz. Ətrafınızda bu gibi hallarla, valideynlər tərəfindən zorakılıqla üzləşən uşaqlarla qarşılaşdıqda, mütləq reaksiya verin, ən azı öz böyüklərinizə, müəlliminizə, məktəbinizə məlumat verin. Siz bu gün o hadisələrə sussanız, reaksiya verməsəniz onlar çoxala bilər. Bizim dövlətimiz də bu işdə maraqlıdır, aktivdir. Dövlətin siyasəti uşaqyönümlüdür, uşaqlara dəstək xarakterlidir, hər zaman uşaqların maraqlarına üstünlük verilir. Siz də uşaqların maraqlarını prioritet götürərək onları hər cür təhlükədən qorumaqda aktiv iştirakçı, dövlətimizə dəstək ola bilərsiz. Mən bir daha sizə təşəkkür edirəm ki, belə bir təşəbbüs göstərmisiz, əlamətdar gündə burdakı həmyaşıdlarınızı yalnız buraxmamısız".

7b sinfinin rəhbəri Mələk Rəştiyeva da çıxış edərək cığınacağı ziyarət etmək üçün razılıq verdiyinə görə M.Zeynalovaya minnətdarlığını bildirib. Eyni zamanda sinif şagirdlərinin bu görüşdən böyük təəssüratlarla ayrılacağına, həmçinin özləri üçün ciddi nəticələr çıxaracaqlarına inandığını qeyd edib: "Şagirdlərimiz neçə aydır böyük həvəslə sığınacağa gəlməyə hazırlaşırlar. Onların davranışlarındakı bəzi məqamlar mənim üçün də sürpriz oldu. Müşahidə etdim və şagirdlərimlə qürur duydum. Çalışacağıq ki, sığınacaqla ünsiyyətimiz davam etsin, balaca dostlarımızı tez-tez ziyarət edək".

Seçilən
42
afn.az

1Mənbələr