AZ

Soner Demirtaş: "Hədəf komanda hesabında ilk "üçlük"də yer almaq, ən azı 5 medal qazanmaqdır"

​Türkiyə millisinin Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatında əsas hədəfi ilk "üçlük"də yer almaqdır.

Bunu ​"Report"un yarışa ezam olunan əməkdaşına açıqlamasında Türkiyənin sərbəst güləş üzrə həm əsas, həm də U-23 millisinin baş məşqçisi Soner Demirtaş deyib.

Mütəxəssis ilk olaraq komandanın heyəti və turnirdəki medal gözləntiləri barədə məlumat verib:

​"Avropa çempionatına 10 nəfərlik heyətlə gəlmişik. Ötən il dünya və Avropa çempionatlarında bir neçə medal qazanan eyni idmançılarımız burada da mübarizə aparırlar. Komanda hesabında ilk "üçlük"də yer almağı, fərdi olaraq isə ən azı 5 medal qazanmağı hədəfləyirik. Heyətimiz çox güclüdür, bəzi güləşçilərimiz artıq böyüklər kateqoriyasında yarışmağa hazırdırlar. Onlardan ən azı iki çempionluq gözləyirik".

​S.Demirtaş turnirdəki rəqabət şəraitindən və favorit hesab etdiyi ölkələrdən danışıb:

​"Çempionatda favoritlərə gəlincə, bir çox ölkə legioner idmançılarla yarışır. Hazırda bir çox ölkənin yığmasında azı 4 və ya 5 Dağıstan əsilli güləşçi var. Bu da rəqabəti çox çətinləşdirir və səviyyəni yuxarı qaldırır. Rusiya bu işi ən yüksək səviyyədə görən ölkədir və hazırda komanda hesabında da yaxşı gedirlər. Onlar ən böyük favoritdir. Ruslar öz adlarından yarışmasalar belə, digər ölkələrin heyətində yenə də favorit hesab olunurlar. Rusiya komandası burada ilk dəfə siyahıya daxil ediləcək, onlar olmayanda medallar digər ölkələr arasında paylanırdı".

​Mütəxəssis yarışın təşkilatçılığındakı nöqsanları və idmançıların üzləşdiyi çətinlikləri xüsusi vurğulayıb:

​"Təşkilatçılıq zəifdir. İdmançılar Novi Sadda qalırlar, yarış zalı oradan 80-90 kilometr uzaqdadır. Güləşçilər səhər saat 5:00-da oyanıb gəlirlər, 7:30-da çəkiölçmə olur. Gün boyu otelə qayıda bilmirlər, matrasların üzərində yatırlar. Mövcud çəkiölçmə sistemi idmançıları çox yorur. Onlar gün boyu ac qalıb 4-5 görüşə çıxırlar ki, bu da sağlamlıq baxımından çox zərərlidir. Dünya Güləş Birliyinin (UWW) bu sistemi təcili dəyişməsi, yarışdan bir gün əvvəlki qaydanın bərpa olunması lazımdır".

​Sonda baş məşqçi azarkeş marağının azalmasına və turnirin gedişatına toxunub:

​"Gördüyünüz kimi, tamaşaçı çox azdır. Səhərdən axşama qədər davam edən matçlar insanları sıxır, kimsə izləmək istəmir. Yarışların planlaşdırılması daha maraqlı və idmançıların maraqlarına uyğun şəkildə yenidən qurulmalıdır".

Seçilən
93
far.az

1Mənbələr