AZ

ABAD çı Əfsanə Məmmədova: Keramika həm səbir, həm də yaradıcılıq tələb edir FOTO

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şamaxı, 10 mart, AZƏRTAC

Şamaxı rayonunda yaradıcılıqla məşğul olan gənclərdən biri də 25 yaşlı Əfsanə Məmmədovadır. Təsviri incəsənət müəllimliyi üzrə təhsil alan bu gənc hazırda orta məktəbdə dərs deməklə yanaşı, eyni zamanda, keramika rəssamı kimi də fəaliyyət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri Şamaxıda fəaliyyət göstərən istedadlı ABAD-çı (Ailə Biznesinə Asan Dəstək) sənətkarla həmsöhbət olub, onun əl işləri və yaradıcılıq yolu barədə reportaj hazırlayıb.

Qeyd edək ki, "ABAD" publik hüquqi şəxs Əfsanə xanım kimi fərdi sənətkarlara brendləşmə, dizayn və satış sahəsində yaxından dəstək göstərir. Sənətkarın hazırladığı keramika nümunələri ABAD-ın müasir satış mərkəzlərində nümayiş olunaraq geniş alıcı kütləsinə təqdim edilir. Bu dəstək sayəsində gənc rəssam həm məhsulunun qablaşdırılması və logistikası qayğılarından azad olur, həm də öz ailə biznesini daha peşəkar səviyyədə qurmaq imkanı qazanır.

İki övlad anası olan Əfsanə xanım bildirir ki, məktəb illərindən sonra fərqli təhsil yolu seçsə də, uşaqlıqdan rəssamlığa böyük sevgisi onu bu gün də yaradıcılığa sövq edir. Onun sözlərinə görə, rəsmə marağı hələ erkən yaşlarından formalaşıb, televiziyada gördüyü personajları, sevdiyi gülləri və müxtəlif mənzərələri kətan üzərinə köçürməyi çox sevib. Ailəsi də onun bu istedadını vaxtında duyaraq, onu rəssamlıq sahəsində inkişaf etməyə həvəsləndirib.

Əfsanə Məmmədova artıq səkkiz ildir keramika sənəti ilə məşğul olur. Son iki ildə isə Şamaxı Yaradıcılıq Mərkəzində keramika rəssamı kimi fəaliyyət göstərir. Deyir ki, keramika həm yaradıcılıq, həm də böyük səbir tələb edən sənətdir. Hazırlanan məhsulun ölçüsündən və mürəkkəbliyindən asılı olaraq işin tamamlanma müddəti də dəyişir. Kiçik işləri bir gün ərzində hazırlamaq mümkün olsa da, daha böyük və mürəkkəb əsərlər bəzən iki-üç gün vaxt alır.

Keramika sənətinin gəlirli sahə olduğunu deyən müsahibim bildirir ki, bu, müəyyən mənada fəaliyyət göstərilən məkanla da bağlıdır. Turistik ərazilərdə bu sənət növü daha çox gəlir gətirə bilir. “Rayon yerində evdə hazırladığın məhsulları satmaq bəzən çətin olur. Buna görə də ABAD vasitəsilə işlərimi alıcı qarşısına çıxarmaq mənim üçün daha rahat oldu. Bu platforma müştəri axtarmadan məhsulların təqdim olunmasına imkan yaradır”, – deyə o qeyd edir.

Gənc sənətkarın ərsəyə gətirdiyi keramika əl işləri həm forma, həm də naxış baxımından bir-birindən fərqlənir. Onun hazırladığı məhsulların qiyməti də işin ölçüsündən və üzərində çəkilən naxışların mürəkkəbliyindən asılı olaraq dəyişir. Əfsanə xanımın sözlərinə görə, hazırladığı əl işlərinin ən ucuzu 15 manat, ən bahalısı isə 100 manata qədər alıcısını tapıb.

Bu günə qədər onun müxtəlif janrlarda keramika üzərində hazırladığı əl işləri yalnız yerli alıcıların deyil, Şamaxıya gələn xarici turistlərin də diqqətini çəkib. Gənc sənətkarın hazırladığı suvenirlər və bədii keramika nümunələri artıq dünyanın müxtəlif ölkələrinə aparılıb. Hazırda Əfsanə Məmmədovanın əl işləri fərqli ölkələrdə yaşayan insanların evlərini bəzəyərək, Azərbaycan sənətinin incə zövqünü və milli motivlərini tanıdır.

Gənc sənətkar vurğulayır ki, ailə qayğıları və iş həyatı bəzən yaradıcılığa ayrılan vaxtı məhdudlaşdırır. Buna baxmayaraq, o, sevdiyi işlə məşğul olmaqdan böyük zövq alır.

Əfsanə Məmmədova hesab edir ki, hər bir insanın, xüsusilə gənclərin müəyyən bir peşəyə sahib olması vacibdir. Onun fikrincə, təhsil hər zaman ön planda olsa da, hər kəs ali məktəbdə oxumaq imkanı əldə etmir. Bu baxımdan müxtəlif sənət və peşələrə yönəlmək gənclərin gələcək həyatında mühüm rol oynaya bilər. “Düşünürəm ki, xüsusilə qızlarımız və şagirdlərimiz müəyyən bir sənətə yiyələnməlidirlər. Bu, həm onların gələcəyi üçün faydalıdır, həm də yaradıcılıq imkanlarını inkişaf etdirir”, – deyə gənc keramika rəssamı söyləyir.

Sevdiyi sənətlə məşğul olmaqdan böyük məmnunluq duyduğunu bildirən Əfsanə Məmmədova gələcəkdə də yaradıcılığını davam etdirərək yeni əsərlər yaratmağı qarşısına məqsəd qoyub.

Müxbir - Rəşad Türkoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
azertag.az

1Mənbələr