AZ

Politoloq Samir Hümbətov: Türkiyə İran üçün nə Oman, nə Qətər, nə Bəhreyn, nə də Birləşmiş Ərəb Əmirlikləri deyil

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Hulusi Akar açıqlayıb ki, İran tərəfindən “Amerika bazası” kimi səciyyələndirilən İncirlik Hava Bazası hücuma məruz qala bilər. Lakin o əlavə edib ki, belə bir addım yanlış olardı, çünki bazanın bütün infrastrukturu – girişdən başlayaraq texniki qurğulara qədər – Türkiyənin tam nəzarətindədir. İncirlik Hava Bazası Türkiyənin Adana vilayətində yerləşir, NATO və ABŞ tərəfindən istifadə olunur, amma rəsmi olaraq Türkiyəyə məxsusdur. Rəsmi təsdiqlər olmasa da, beynəlxalq mənbələr bazada ABŞ-a aid nüvə silahlarının saxlanıldığını ehtimal edirlər.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin İncirlik hərbi bazasındakı Amerika qoşunları infrastruktur olaraq Türkiyəyə bağlıdır: “Türkiyədən icazə almadan Amerika hər hansı bir addım ata bilməz. Yəni, baxmayaraq ki, Amerika qoşunları ordadır, amma nəzarət funksiyası mexanizmi Türkiyə tərəfindən ciddi şəkildə həyata keçirilir. Düzdür, İran bəlkə də digər ölkələrdə olan Amerika bazalarını vurur. Amma Türkiyədə bunu etməsi bir az real görünmür. Türkiyə İran üçün nə Oman, nə Qətər, nə Bəhreyn, nə də Birləşmiş Ərəb Əmirlikləri deyil. Hulusi Akarın açıqlaması da İran üçün bir mesajdır ki, əgər hücum cəhd eləsə, İran üçün ağır nəticə verə bilər. Çünki Türkiyə regional bir gücdür və ona görə də bu məsələdə bir az İran ehtiyatlı davranmağa çalışır”.

Samir Hümbətov

Politoloq Samir Hümbətov qeyd edib ki, bazaya Türkiyə tərəfindən nəzarət olması və NATO-nun burada möhkəmlənməsi baxımından önəmlidirsə, həm də Türkiyənin özünün strateji maraqlarının qorunması baxımından da önəmlidir. Yəni bu da o demək deyil ki, Amerikanın bazası Türkiyədədirsə, Amerika istədiyini edə bilər. Digər ölkələrdən fərqli olaraq, Türkiyədə vəziyyət fərqlidir. Türkiyədə Amerika Birləşmiş Ştatlarının hərbi bazasına ciddi nəzarət var, Türkiyənin razılığı olmadan Amerika Birləşmiş Ştatları hər hansı bir addım ata bilməz”.

Politoloq bildirib ki, təkcə Türkiyədə deyil, Amerika Birləşmiş Ştatlarının hərbi bazaları olan bütün ölkələrdə nüvə başlıqları saxlanılır, bunun saxlanılması bir növ təhlükəsizlik təminatı rolunu oynayır: “Böyük ehtimalla, bu, Rusiyaya qarşı bir strateji gedişdir. Amma İran da bundan müəyyən dərəcədə ehtiyatla davrana bilər. Çünki nüvə məsələsi təbii ki, mövcud regional gərginliyin artmasının qarşısının alınmasında əsas vasitə kimi istifadə oluna bilər. Həm nüvə silahının olması, həm də bu bazanın Türkiyə ərazisində olması İranı müəyyən mənada dəfələrlə düşünməyə vadar edir və belə davranmağa məcburdur. Əks halda, təbii ki, burada təkcə ABŞ-İran qarşıdurması deyil, Türkiyənin sərt mövqeyi ilə rastlaşa bilər”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
bizimyol.info

1Mənbələr