AZ

İmtahan etirazı: “DİM in çətin sualları repetitorluğu məcburi edir”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bugünlərdə 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. 

İmtahandan dərhal sonra sosial şəbəkələrdə, müxtəlif platformalarda müzakirələr başlayıb və narazılıqlar səsləndirilir. Bildirilir ki, imtahanda düşən suallar Elm və Təhsil Nazirliyinin tədris proqramına, dərsliklərinə əsaslanmayıb. 

Nədənsə imtahandan sonra hər il bu barədə məlumatlar yayılır, etirazlar səslənir, amma nə DİM, nə də Elm və Təhsil Nazirliyi tədbir görür. Buraxılış imtahanlarında sualların çətinliyi, təhsil proqramına uyğun olmaması nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, hər buraxılış imtahanlarından sonra müzakirələr başlayır və blok imtahanlarına qədər ilkin müzakirələrinin nəticəsi həm vaideynlər, həm də repetitorlar, kurs rəhbərləri arasında geniş müzakirəsi olur: 

“Builki müzakirə hər zamankından fərqlənir. Belə ki, builki müzakirələrdə daha çox tənqid edilən həm kurs rəhbərləri, həm də repetitorlardır. Onlar da öz növbəsində Dövlət İmtahan Mərkəzini ittiham edirlər ki, sullar çox ağır, hətta blok imtahanına bərabər olub. 

Nəzərə alsaq ki, ümumtəhsil məktəblərində buraxılış imtahanları tədris müddəti başa çatmamışdan ən azı 3 ay qabaq keçirilir və bu zaman müəyyən qədər valideynlər, repetitorlar, kurs rəhbərləri özlərini bu məsələdə haqlı sayırlar. 

Bu gün ümumilikdə gərgin bir atmosfer yaranıb və bunun qarşısını almaq üçün daha yaxşı yollar düşünülməlidir”. Ekspert deyir ki, bunun üçün DİM müəyyən addımlar atmalıdır:

“Məsəslən, imtahanları tam elektron sistemə keçirməlidir. Bugünlərdə keçirillən buraxılış imtahanlarının nəticəsi 7 həftə sonra məlum olacaq. Bu da müəyyən qədər narahatlıq yaradır. Açıq tipli sualların cavablarının yoxlanılması gərginlik yaradır.

Bir tərəfdən Elm və Təhsil Nazirliyinin belə bir təşəbbüsü var ki, repetitorluğu aradan qaldırsın. Ancaq görünən mənzərə odur ki, DİM-in tərtib etdiyi suallar, onların qoyduğu qaydalar, şərtlər repetitorluğun davamını məcburi edir. 

Yaxın vaxtlarda repetitorluqla bağlı vəziyyətin aradan qaldırılmasına inanmıram. Artıq ibtidai siniflərdən uşaqlar müəllim yanına hazırlığa gedirlər. Bu, bir qədər acınacaqlı vəziyyət yaradır. Yəni bu da buraxılış imtahanlarının ağırlıq dərəcəsi ilə bağlıdır”. 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi məsələyə münasibət bildirib. Bildirilib ki, buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən çox aydın metodiki çərçivəyə istinad olunur. Bu çərçivəyə ölkədə qüvvədə olan təhsil proqramları, dərsliklər və həmin materiallar əsasında hazırlanmış buraxılış imtahanı proqramları daxildir. 

İmtahan sualları da məhz bu sənədlər nəzərə alınaraq hazırlanır. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə qeyd olunub ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün asan, orta və çətin suallardan istifadə edilir. 

Bildirilib ki, imtahan yalnız zəif və orta hazırlıqlı deyil, həm də yaxşı hazırlaşmış iştirakçıların bilik səviyyəsini müəyyənləşdirməyə xidmət etməlidir. Mərkəz vurğulayıb ki, imtahanın asan və ya çətin olması nisbi məsələdir və bu, iştirakçının hazırlıq səviyyəsindən asılı olaraq dəyişə bilər: 

"Hər hansı tapşırıq bəzi iştirakçılar üçün çətin, digərləri üçün isə asan ola bilər. Ənənəvi təhlillər isə göstərir ki, bəzən test tapşırıqlarının çətin olması ilə bağlı səsləndirilən fikirlər həqiqətə uyğun olmur". DİM-dən bildirilib ki, imtahan nəticələri hələ elan olunmayıb və bu səbəbdən konkret qiymətləndirmə aparmaq mümkün deyil: 

"İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını saytına və sosial şəbəkə hesablarına yerləşdirir. 

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. 

Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir". Bildirilib ki, martın 15-də keçiriləcək növbəti buraxılış imtahanı da eyni səviyyədə təşkil olunacaq. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

İmtahan Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
50
cebheinfo.az

10Mənbələr