GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Salyan bazarında satıcının almanı ağzının suyu ilə “təmizləməsi” müzakirələrə səbəb olub. Görüntülərdəki qadın Xatirə Həşimova sözügedən almaları nəvələri üçün aldığını bildirib. Buna baxmayaraq, kadrlar vətəndaşların narahatlığına səbəb olub və bazarlarda sanitar qaydalara riayət edilməməsi gündəmə gəlib.
Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bazarlar istehlakçı hüquqlarının kəmiyyət, keyfiyyət və qiymət baxımından ən çox pozulduğu satış məkanlarından biridir:
“Təəssüf ki, xüsusilə yay aylarında bazarlarda antisanitar vəziyyət müşahidə olunur. İlboyu görürük ki, göyərti və digər məhsulların satışı zamanı satıcıların məhsula münasibəti sanitariya qaydalarına uyğun olmur. Məsələn, göyərtinin üzərinə mənbəyi məlum olmayan su səpirlər ki, təzə qalsın. Balıqların saxlanma şəraitinə diqqət yetirdikdə də problemlər görünür. Onları müxtəlif qabların içində suya salınmış vəziyyətdə saxlayırlar. Pendirlərin saxlandığı qablarda və məhsulların üzərində milçəklər olur. Bəzən isə alma və digər meyvələr kirli dəsmallarla silinir ki, daha parlaq görünsün və alıcıların diqqətini çəksin”.
E.Hüseynov qeyd edib ki, bazarlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətinin zəif olduğu sahələrdən biridir:
“Bazarlarda AQTA-nın daimi nümayəndəliyi və laboratoriyaları olmalıdır. Bu sahədə ciddi problemlər var. İstehlakçılar bununla bağlı Azad İstehlakçılar Birliyinə tez-tez müraciət edir və narazılıqlarını bildirirlər. Bazarlar müəyyən standartlara cavab verməlidir. Vətəndaşlar belə antisanitar hallarla qarşılaşdıqda 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər”.
Zaira Akifqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.