AZ

Hörmüz mesajı: İranın qərarı bazarlara necə təsir edəcək?

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail səfirlərini ölkəsindən çıxaran dövlətlərə Hörmüz boğazından sərbəst keçid veriləcəyini açıqlayıb. Bu bəyanat Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi vəziyyət fonunda diqqət çəkib və qlobal enerji bazarlarına mümkün təsiri müzakirə olunmağa başlanıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatı ISNA agentliyi yayıb. Bildirilib ki, belə qərar qəbul edən istənilən ərəb və ya Avropa ölkəsi növbəti gündən etibarən Hörmüz boğazından maneəsiz keçid hüququ əldə edəcək.

“Ərazisindən İsrail və ABŞ səfirlərini çıxaran hər hansı ərəb və ya Avropa dövləti növbəti gün Hörmüz boğazından tam sərbəst keçid hüququ qazanacaq”, – deyə məlumatda qeyd olunub.

Məlum olduğu kimi, Hörmüz boğazı qlobal enerji daşımalarının ən strateji nöqtələrindən biri hesab olunur. Dünya üzrə ixrac edilən neftin böyük hissəsi məhz bu marşrut vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bu səbəbdən bölgədə yaranan hər hansı siyasi və ya hərbi gərginlik qlobal enerji bazarlarına və maliyyə sisteminə birbaşa təsir göstərə bilir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, SEPAH-ın bu bəyanatı ilk növbədə siyasi mesaj xarakteri daşısa da, onun iqtisadi nəticələri də ciddi ola bilər. Onun sözlərinə görə, belə bəyanatlar beynəlxalq bazarlarda risk faktorunu artırır və bu da enerji qiymətlərinə təsir edir.

Əkrəm Həsənov

Ekspert qeyd edib ki, Hörmüz boğazı dünya enerji ticarətinin ən kritik nöqtələrindən biridir və burada hər hansı məhdudiyyət ehtimalı belə bazarların dərhal reaksiya verməsinə səbəb olur:

“Dünya neft ticarətinin əhəmiyyətli hissəsi məhz Hörmüz boğazından keçir. Bu marşrutda yaranan hər hansı gərginlik və ya məhdudiyyət ehtimalı bazarlarda panika yarada bilər. Nəticədə investorlar riskləri nəzərə alaraq qiymətləri artırırlar. Bu isə qlobal miqyasda neftin bahalaşmasına səbəb ola bilər”.

Əkrəm Həsənovun sözlərinə görə, belə bir vəziyyət qlobal maliyyə bazarlarına da təsirsiz ötüşmür:

“Enerji qiymətlərinin artması bir çox ölkələrdə inflyasiya riskini artırır və nəticədə dolların möhkəmlənməsi tendensiyasını gücləndirə bilər.

Əgər Yaxın Şərqdə gərginlik daha da artarsa və Hörmüz boğazı ilə bağlı real təhlükə yaranarsa, bu, neftin qiymətinin daha da yüksəlməsinə səbəb ola bilər. Enerji qiymətlərinin artması isə qlobal inflyasiya risklərini gücləndirir. Belə hallarda investorlar adətən təhlükəsiz valyutalara, xüsusilə dollara üstünlük verirlər. Bu isə dolların bahalaşmasına gətirib çıxara bilər”.

Ekspert hesab edir ki, regionda davam edən gərginlik fonunda enerji bazarlarında dalğalanmaların artması ehtimalı yüksəkdir:

“Əgər siyasi qarşıdurma dərinləşərsə və enerji marşrutlarına real təhlükə yaranarsa, bu, qlobal iqtisadiyyat üçün ciddi sınağa çevrilə bilər.

Belə vəziyyət təkcə neft bazarına deyil, eyni zamanda beynəlxalq ticarətə və logistika xərclərinə də təsir göstərir. Nəticədə enerji və nəqliyyat xərclərinin artması bir çox ölkələrdə məhsul və xidmətlərin qiymətinin bahalaşmasına səbəb ola bilər. Hazırda bazarlar əsasən siyasi bəyanatların real addımlara çevrilib-çevrilməyəcəyini diqqətlə izləyir. Əgər vəziyyət daha da gərginləşərsə, bu, həm neft qiymətlərində yeni artım dalğasına, həm də qlobal maliyyə bazarlarında ciddi dəyişikliklərə səbəb ola bilər”.

Tunar
NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr