AZ

Tahir Kərimli elə şeylər AÇIQLADI Kİ... : “Özümdən asılı olmayaraq, elə çıxışlar edirdim”

Martın 5-də sabiq deputat, Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimlinin 70 yaşı tamam olub. 1956-cı ildə Ağsu rayonunda anadan olan Tahir Kərimli Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və ixtisas kurslarını bitirib, çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləyib. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləyib. Eyni zamanda 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, müstəqilliyimizə səs verən parlamentdarlardan biridir. Milli Məclisin 5 və 6-cı çağırış deputatı olan Tahir Kərimli 1998-2025-ci illərdə qurucusu olduğu Vəhdət Partiyasına sədrlik edib.

Bu günlərdə dar çərçivədə yubiley məclisi keçirən yubilyar Musavat.com-a açıqlamasında xeyli maraqlı açıqlamalar verib.

- Tahir bəy, yubiley yaşınızı təbrik edir, sağlam ömür arzulayırıq. Ömrünüzün 70-ində özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm. Düzü, 70 yaşa kimi düşünürdüm ki, hələ ömrümün çoxu qalıb, bu, qeyri - adi olacaq. Amma 70 yaşın tamamında bunu adi gün kimi qarşıladım. Görünür, elə buna psixoloji olaraq hazırlaşmışdım. Başa düşürəm ki, ömrümün çoxu gedib, azı qalıb. Belə bir hissiyyat yarandı. Ona görə də... Ahıl yaşdı da. Həmişə mənim bir sözüm var: deyirəm, gənclər dəyişkənlik arzusundadırlar, orta yaşlılar islahatçı ruhda olurlar, yaşlılar, qocalar isə xatirələrlə yaşayır, olanı qoruyub- saxlayırlar. Mən də həyatımda nə müsbət şeylər əldə etmişəmsə, onları qoruyub - saxlamaqdan başqa arzum, niyyətim yoxdur.

- Hələ gənc yaşlarımızda sizin çıxışları efirdən izləyirdik, müstəqilliyin ilk illərindəki parlament fəaliyyətinizdə gördüyümüz emossiya dolu Tahir Kərimlinin yerini indi çox təmkinli bir insan alıb. Yəqin fərqindəsiniz. Yaşın qazandırdıqlarından biri saymaq olarmı?

- Təbii. İnsan indi daha çox düşünür, bir sözü deməmişdən qabaq fikirləşir ki, daha təmkinli münasibət bildirsin. Həm də siz dediyiniz dövrlər çox təlatümlü idi. Müstəqil dövlət qururduq, Qarabağ məsələsi var idi, 20 Yanvar müsibəti başımıza gəldi, hərbi vəziyyət hökm sürürdü. Çox çarpışmalı, vuruşmalı dövr idi. Bir yandan Moskva imperiyası ilə, bir yandan onun burdakı nökərləri ilə vuruşmaq... Parlamentdə çox az demokratik kəsim var idi. Ona görə də mitinqlərdə, parlamentdə özümdən asılı olmayaraq, elə çıxışlar edirdim. Ancaq o zaman mən bir şey fikirləşirdim. Allah şahiddir, mən hüquqşünasam, qanunu pozan biri deyiləm, həm də əxlaqım yol verməz ki, pis söz danışım. Ona görə də mən özümü elə bil ki, buraxırdım Allahın öhdəsinə. Ürəyimə nə gəlirdisə, bəzən ürəyim partlayacaq həddə mitinqlərdə çıxışlar edirdim. Özü də mən həmişə ekspromt çıxışları xoşlamışam. Çünki təkrar olanda, ya nəsə əvvəldən düşünəndə çaşıram, elə bilirəm ahəng, təbiilik pozulur, süni alınır. Ona görə də o vaxtdan belə olmuşam. Əlbəttə, yaş öz işini görür. Həm də müstəqilliyimizi qazanmışıq, Qarabağ məsələsi həll olunub. İndi bizə nə qalır? Demokratik proseslər, hüquqi dövlət, sosial problemlərin həlli. Bunlar da gərək təmkinlə həll edək.

- İnşallah. Siz o zaman İsmayıllı rayon məhkəməsində hakim işləyərkən SSRİ prezidenti Mixail Qorbaçova qiyabi hökm çıxarmışdınız. Həmin hadisəni necə xatırlayırsınız?

- Təxminən 15 il bundan əvvəl mənə dedilər ki, Sosialist İnternasionalının baş katibi Luis Ayala gəlib, səninlə görüşmək istəyir. Dedim, ayə, o hara, mən hara? Cənab Prezidentlə görüşdü. Sonra da mənimlə görüşdü, şəkil də çəkdirdik. Getdik, bir qismət çörək də kəsdik. 170 dövlətdə Sosialist İnternasionalının üzvü olan sosialist partiyaları var idi. Qayıdandan sonra o, 20-dən artıq dildə paylaşmışdı ki, sadəcə, tanış olmaq istədim. Bildirmişdi ki, o vaxt dedilər Sovet İttifaqının ucqarında bir nəfər, dünyanın ən böyük imperatoruna ölüm hökmü çıxarıb. Onun sözü idi ki, mən dünya tarixində belə faktı xatırlamıram. İndi qismətimiz belə oldu. Amma bu hadisənin çox həyəcanları oldu. O vaxt düşünmürdüm ki, mən özüm, ya nəslim sağ qala bilər. Partiyadan da imtina etmişdim, hakimlikdən də çıxarıldım. Hətta rəhbər işçilər gəlib qaynatama dedilər ki, qızını, uşaqları götür, apar, bunu öldürəcəklər. Evimizin həndəvərində postlar qurdular, nə bilim keşik çəkdilər, su maşınlarını benzinlə doldurmuşdular ki, tanklar gəlsə, üstünə buraxacağıq. Yəni nağıla oxşayan hadisələr idi. Təsadüfdən, ya nədənsə sağ qaldım.

- Gizlənmədiniz?

- Yox. Bir dəfə fikirləşdik ki, Məhəmməd Əmin Rəsulzadə kimi Lahıcda gizlənim. Sonra dedik ki, indi helikopter, digər texnikalar var, izləyəcəklər. Həm də İsmayıllı Xalq Cəbhəsi qərara gəldi ki, Bakıya da çağırılsa, getməsin. Mənim haqqımda psixiatriya aktı-zad tətbiq etmişdilər. Deputat seçilməyimə də yerli cəbhəçilər təsir elədilər. Dedilər biz onu deputat seçməsək, öldürəcəklər. Ona görə də xalq ölüm-dirim savaşına qalxdı, məni deputat da seçdilər. Hətta meydanda iki çadır qurmuşdular, 11 minə yaxın imza topladılar. Üstəlik, pul toplayıb, mənə indi yaşadığım evi aldılar ki, Tahiri İsmayıllıdan buraxmayacağıq, burada qalacaq. Çünki tələb edirdilər ki, sən hakimlikdən çıxmısan, qayıt, get öz Ağsu rayonuna, burada nə işin var? Hətta Ədliyyə Nazirliyinin, Mərkəzi Komitənin işçiləri, milis məni çıxartmağa gələndə, yerli camaat onları əhatəyə aldılar. Çox ciddi hadisilər oldu.

- Deməli, ömrünüzün qalan hissəsinə görə İsmayıllı camaatına borclu sayırsınız, eləmi?

- Əlbəttə, mən həyatım boyu onlara borcluyam. O vaxt idarə müdiri Səftərin qardaşı var idi, Tofiq adında. 6-cı sinifdə oxuyan bir uşağı var idi, uşağının boğazından yapışıb yıxdı Bakıdan gələnlərin qabağına, bıçağı çıxartdı ki, kəsəcəyəm bunu. Belə bir dəstək görmüşəm. O xalqa tək mən yox, bütün nəslim borcludur. Bu gün mənim tay-tuşlarımın çoxu dünyasını dəyişib, amma İsmayıllı camaatı məni hədsiz çox istəyirdi. Deputat olandan sonra bir az əleyhimə təbliğat getdi ki, Tahir yumşalıb, hakimiyyətə münasibətdə. Düzü, məni istəyənlərin bir hissəsini itirdim. Amma ona baxmayaraq, onlar da məni çox çox istəyir, mən də onları hədsiz dərəcədə çox istəyirəm. Mənim heç vaxt şəxsi düşmənin olmayıb. Hədsiz radikal çıxışlarım da ancaq dövlətim, xalqım, millətimlə bağlı olub. Mən heç vaxt vəzifə hərisi olmamışam. Heç uşaqlarımın taleyini də fikirləşməmişəm. Daim düşünmüşəm ki, liderin övladları olmaz, elə bütün xalq onun övladıdır. Son illərdə bir az yumşalmışam, deyirəm ay Allah, xalq üçün əlimdən gələni edirəm, kaş işsiz qalan uşaqlarıma da iş tapılsın, öləndə bilim ki, övladlarım özlərini dolandıracaqlar. Amma uzun illər ərzində övladlarımı düşünməmişəm. 6 nəvəm var. Şükür edirəm, əlaçıdırlar.

- Bəzi siyasətçilər öz ailə üzvlərinin deputat olması, digərləri partiyanın rəhbərliyinə gəlməsi üçün çalışdılar. Sizin övladlarınız niyə siyasətə, partiyaya yaxın gəlmədilər?

- Mənim babam Qaçaq Zahid olub. Atam Zahidağa rəhmətlik xalqı düşünən şəxs olub. Mən istəyirəm ki, övladlarım Məşədi Məhəmməd babamdan halallıq, Qaçaq Zahid babamdan qəhrəmanlıq, igidlik götürsünlər. Heç vaxt təlqin eləməmişəm. Hətta ailə qurduqları zaman onların işinə qarışmamışam. Çalışmışıq ki, övladlara nümunə olaq, özləri seçim eləsinlər. Amma düzünü deyim ki, övladlarım o əzablı dövrdə yaşayıblar. Mən 22 il işsiz qaldım. Elə gün olub ki, evimizdə bir tikə çörək olmayıb. O vaxt rəhmətlik Tofiq Qasımovla fikirləşirdik ki, nə edək, gedib yolda dayanıb, dilənək, axı, dolana bilmirik...O vaxt hər ikimizi, xəbərimiz olmadan Xalq Cəbhəsinin Ali Məclis üzvlüyündən çıxartmışdılar. Düzü, çox pis olmuşduq. Biz neyləmişdik ki? Sadəcə olaraq AXC rəhbərliyinin siyasəti ilə razı deyildik. Amma gördülər ki, ətrafımızda xeyli həmfikirlər var, bizi çıxartdılar. Tofiq bəy Müsavata getdi, mən də Vəhdət Partiyasının yaradılmasına girişdim. Onda övladlarım uşaq idi, sonra ağılları kəsdi. Onlar nə bilirdilər ki, Ali Məhkəmənin sədri işləmiş ataları, ali dərəcəli hakim olan bir adam, ən yüksək ədliyyə generalına bərabər bir şəxs axşamlar gedib “Dom Sovet”in qabağında durur, İran maşınlarından kartof boşaldır, evinə 10-15 manat gətirməkdən ötrü...Uşaqlarımızı çox çətinliklər böyütdük. Qaynatam pay göndərməsəydi, çox çətin olardı. Görünür belə vəziyyət övladlarımda siyasətə etinasızlıq, bəlkə də nifrət yaratdı.

- Bəs, övladlarınız hansı sahəni seçdilər?

- İkisi İqtisad Universitetini bitirib, biri beynəlxalq münasibətlər, digəri də ingilis dili üzrə ali təhsil alıb.

- Dediniz işsiz olanı da var?

- Sonbeşiyim iş tapa bilmir. Bir iş var idi, uyğun gəlmirdi. Beynəlxalq hüququ bitirib, məcburiyyətdən o işə gedirdi. Bir il olar işsizdir.

- Bir övladınız da müharibə veteranıdır, eləmi?

- Bəli. Pis çıxmasın, mənim övladlarımın hamısı əsgərlikdə olub. Hamısı da ön xəttə xidmət edib. Sonbeşiyi də müharibə başlayan kimi, 28 sentyabrda özüm müharibəyə yola saldım. Hələ işsizdir. Gözləyirik.

- Siz həm də şəhid dayısısınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin, həmçinin bacınızın oğluna.

- Minnətdaram, yada saldığınıza görə. Mənim fikrimcə, rütbələr içərisində ən yüksək rütbədir ki, şəhid dayısıyam. Yadımdadır, rəhmətlik bacım oğlu Universitetdən könüllü getmişdi. Anası da, alim olan atası da həmin Dövlət Universitetini bitirmişdi. Orda görüş olanda anası dedi ki, mənim daha iki övladım var, onlar da Şahinin yolunu getsə, şərəf duyaram. Mənim bacım da belə əqidəli adamdır.

- Tahir bəy, deyəsən, yubileyinizi çox dar çərçivədə, təvazökarlıqla qeyd etdiniz. Niyə?

- Əvvəla, Ramazan ayıdır. Ondan sonra, açığı, bunu demək istəmirdim, şəhid bacıoğlunun böyük qardaşı İlqarı itirmişik, heç 40-ı çıxmayıb. Ona görə heç evdə qazan da asmadıq, qeyd eləmədik. Amma partiya rəsmi tədbir planlaşdırmışdı. Həmin tədbirdən sonra iftar süfrəsi də açdıq, daha şadlıq eləmədik. 50-60 nəfər iştirak edirdi. Amma mənim təşəbbüsüm deyildi, hətta kədərli baxım, etiraz elədim ki, mən o hayda deyiləm. Hər halda gəldilər, təbrik elədilər, sağ olsunlar.

- Parlament fəaliyyətinizdən, partiya sədrliyindən gedəndən sonra darıxmırsınız ki?

- Rəşid müəllim təddbirdəki çıxışında bir söz dedi, “ayə, bu Tahirlə mənim niyə ürəyimiz partlayıb, ölmürük?” (Gülür) Qəribədir e, Vətən, millət, qeyrət, namus söhbətləri gələn kimi elə bil bizə tufan, od-alov, güc-enerji gəlir, heç özümüz də başa düşmürük ki, bu, nədir. O nöqteyi-nəzərdən darıxmağım yoxdur. Həkim mənə deyib ki, yüngül şəkərə meyillilik yaranıb, yüngül təzyiq var. Həkim deyib gəzmək lazımdır. Özümdə enerji var. Amma mənim bütün həyatım öyrənməyə həsr olunub. Yarım saat, bir saat vaxt ayırıb, gəzə bilmirəm ki, internetdən, ya kitabdan nələrsə öyrənmək əlimdən çıxmasın. Elə bil xəstələnmişəm. 5-10 dəqiqə yatmaq vaxtını çıxmaqla, nələrsə öyrənməsəm, dayana bilmirəm. Oturub bir xatirələrimi yazmağa vaxt ayır bilmirəm. Etiraf edim ki, nəvələrimi görəndə hər şeyi unuduram. Elə sizdən əvvəl bir saat idi ki, nəvəmlə oynayırdım. Qalan hallarda isə ünsiyyətdən qaçıram, tək olmağı daha çox istəyirəm.

- Əlinizlə qurduğunuz Vəhdət indi etibarlı əldədir? Yenidən sədrliyə qayıtmaq istəmirsiniz?

- Yox, daha yaşım keçdi. Mən ona görə Vəhdətdən getməmişəm ki, enerjim tükənib. Düzünü deyim, bunun bir səbəbi o idi ki, elə bir namizəd istəyirdim, partiyanı maddi-texniki cəhətdən partiyanı yaşada bilsin. Çünki nə qədər deputat idim, dövlət partiyanı maliyyələşdirirdi, imkanım var idi. Sonra isə imkan olmadı. Ona görə getməyə qərar verdim. Həm də istədim hamıya göstərim ki, sədrlikdən də getmək olur, öz övladını, qardaşını da sədrliyə gətirmirsən, sübut edirsən ki, bu işlər tamahına, nəfsinə görə deyil. Yəni kürsünü də, partiyanı da asanlıqla təhvil vermək olar. Öz aramızdır, mənim yaxşı kabinetim, köməkçim, hər cür rahatlığım var idi, hamısını təhvil vermişəm. Necə ki, vaxtilə hakimlikdən imtina edib, xalq qoşuldum, 15 sutka verdiklərimlə bir yerdə gedib Ermənistandan qaçqın düşən soydaşlarımızın yerləşdirilməsi ilə məşğul oldum, bu dəfə də bənzər hərəkət elədim, partiyanı təhvil verdim ki, mən şəxsi mənafeni düşünmürəm. Həm də nümayiş etdirdim ki, heç nə əbədi deyil, partiya heç kəsin dədə-babasından qalmayıb, baxmayaraq ki, onun proqrqamını, nizamnaməsini hazırlamışdım, yaranandan min zülmünü çəkmişdim...

Elşad Paşasoy,
Musavat.com

Seçilən
93
40
musavat.com

10Mənbələr