AZ

Hərbçilərə ərzaq pulu verilir?

Azərbaycanda hərbçilərin ərzaq təminatı məsələsi 2013-cü ildən bəri ən çox şikayət olunan mövzulardan biridir. Bir çox hərbi qulluqçu bu ödənişlərin dayandırıldığını və ya əvəzinə heç nə verilmədiyini deyir. Hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların ərzaq əvəzinə aldıqları kompensasiya məbləği 64 manatdır. Bu vəsaitdən isə 3 faiz vergi tutulur: “Nazirlər Kabinetinin 2013-cü ildə qəbul etdiyi qərara əsasən, bu məbləğ iki dəfə artırılıb. Lakin artırılan məbləğ bu günə qədər hərbi qulluqçulara ödənilmir. Real olaraq hərbi qulluqçuların qazan təminatı, yəni qidalanması üçün 128 manat məbləğində ərzaq ayrılır və həmin ərzaq qazan təminatında olan şəxsi heyətə real qida şəklində təqdim edilir. Verilməyən məbləğlə bağlı isə bu günə qədər rəsmi dövlət qurumlarından heç bir açıqlama verilməyib. Bunun əsl səbəbini də dəqiq demək mümkün deyil”.Ə,Verdiyev qeyd edib ki, bu gün bir nəfərin, vergisi çıxıldıqdan sonra qalan 62 manatla qidalanması qeyri-mümkündür: “Bu məbləğə mütləq ən qısa müddətdə yenidən baxılmalı və daha əvvəl qəbul edilən qərar yerinə yetirilməlidir. Hazırda isə müşahidə olunan odur ki, Nazirlər Kabinetinin 13 il əvvəl qəbul etdiyi qərar bu günə qədər tam həcmdə icra edilmir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
25
metbuat.az

1Mənbələr