AZ

Maşın çoxaldı, həyətlər parkinqə çevrildi – Bakının bitməyən problemi REPORTAJ, FOTOLAR

Bakıda avtomobillərin sayının artması ilə parklanma problemi getdikcə daha da kəskinləşir. Paytaxtın bir çox küçəsində səkilər artıq piyadalar üçün deyil, avtomobillər üçün dayanacağa çevrilib. Nəticədə insanlar yolun kənarı ilə hərəkət etmək məcburiyyətində qalır. Bakıda bəzi parklanma yerlərində sürücülərdən qanunsuz ödəniş tələb olunması da sirr deyil.

Musavat.com-un əməkdaşı paytaxtın müxtəlif küçələrində, binaların həyətlərində və yol kənarlarında müşahidə aparıb.

Müşahidələr göstərib ki, rəsmi parklanma nişanı olan yerlərdə avtomobillər az olsa da, həyətyanı sahələrdə və küçələrdə maşınların sayı xeyli çoxdur. Avtomobillər əsasən binaların qarşısında və arxa hissəsində qanunsuz şəkildə saxlanılır. Sürücülər isə bildiriblər ki, bu cür yerlərdə maşın saxlamaq üçün gündəlik 1 manat ödəyirlər.

WhatsApp

“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən yeni tikililərin birinə yaxınlaşırıq. Burada da həyətin avtomobillərlə dolu olduğunu görmək çətin deyil. Sakinlərlə söhbət edirik, onların narazılığı isə açıq şəkildə hiss olunur.

Sakinlər deyir ki, həyətlər artıq uşaqlar üçün deyil, avtomobillər üçün nəzərdə tutulmuş kimi görünür:

“Maşın əlindən həyətdə tərpənə bilmirik. Baxın, balaca bir yer var, uşaqlar futbol oynamaq istəyir, amma həyətə o qədər maşın gəlir ki... Bir tərəfdə maşın saxlayıblar, o biri tərəfdə də... Yay gəlir, uşaqlar oynamaq istəyir, biri qışqırır qovur, o biri qışqırır qovur. Belə şey olar? Hər dəqiqə ürəyimiz əsir ki, uşaqları maşın vuracaq. Üstəlik, bəziləri taksi çağırır, maşını işlək saxlayır, iyindən həyətə düşmək olmur. Burada maşın saxlayanların hamısı da bu binanın sakini deyil. Gətirib burada saxlayırlar, axşam olanda götürürlər”.

Həyətdə bir neçə sürücü ilə də söhbətləşirik. Onlar isə problemin başqa tərəfinə diqqət çəkirlər:

“Vallah, bacım, belə binaların altında qaraj olur. Amma elə qiymətə kirayə verirlər ki, imkanımız çatmır. Aylıq 80–90 manat istəyirlər. İnsaf da yaxşı şeydir”.

Digər tərəfdən, paytaxtda bəzi parklanma məntəqələrində sürücülərdən qanunsuz ödəniş tələb olunması ilə bağlı müraciətlər də daxil olur.

WhatsApp

Şəhərin bəzi yollarında artıq rəsmi parklanma nişanları quraşdırılıb və qeyri-rəsmi dayanacaqların qarşısı qismən alınıb. Lakin burada da sürücülər narazılıq edir. Onların sözlərinə görə, parklanma üçün elektron ödəniş bankomatlarının quraşdırılması daha məqsədəuyğun olardı. Bu halda mümkün sui-istifadə hallarının qarşısı alınar. Sürücülər deyir ki, maşından düşən kimi mesaj göndərməlisən:

“Göndərmədinsə, cərimə yazırlar. Ola bilər ki, telefonun konturu bitsin, ya da şəbəkə tutmasın. Amma bunlar nəzərə alınmır”.

Digər sürücü də narazılığını gizlətmir:

““Azparkinq” fəaliyyətə başlayanda ümid yaranmışdı ki, illərlə yol kənarlarında mövcud olan qeyri-rəsmi parklanma sistemi aradan qalxacaq, “narıncı jiletli”lərin özbaşınalığına son qoyulacaq. Düşünürdük ki, küçədə maşın saxladığımıza görə nağd pul tələb edənlər olmayacaq. Amma problem sadəcə formasını dəyişib”.

O da qeyd edildi ki, indi paytaxtda avtomobilini yol kənarında saxlayan vətəndaş sabit ödəniş əvəzinə hər saat üçün ayrıca pul ödəməli olur. Üstəlik, SMS göndərmədiyi və ya texniki problem yaşadığı halda cərimə ilə üzləşir.

Qeyd edək ki, yaxın günlərdə bütün bu problemlərlə bağlı “AzParking” ictimaiyyətə rəsmi açıqlama da verib:

“Məlumat üçün bildirilir ki, paytaxt ərazisində ödənişli parklanma həftənin altı günü — bazar ertəsindən şənbə gününədək saat 07:00-dan 22:00-dək qüvvədədir. Bu müddət ərzində sürücülər nəqliyyat vasitəsini parklanma məntəqəsində saxladıqdan dərhal sonra parklanma vaxtını aktiv etməlidirlər. Saat 22:00-dan səhər 07:00-dək və həftənin bazar günü parklanma tamamilə ödənişsizdir. Xüsusilə bazar günləri vaxt açmaq üçün mobil tətbiqdən və ya SMS-dən istifadə etməyə ehtiyac yoxdur. Qeyd olunan zaman intervalında sürücülərdən hər hansı ödəniş tələb olunması da qanunsuzdur.

Parklanma ödənişləri rəsmi rəqəmsal kanallar vasitəsilə — AzParking mobil tətbiqi və SMS xidməti üzərindən həyata keçirilir. Sistem vasitəsilə edilən ödənişlər avtomatik olaraq qeydə alınır və sürücüyə bildiriş göndərilir. Son dövrlərdə bəzi şəxslərin ödənişsiz vaxtlarda və ya ümumilikdə rəsmi sistemdən kənar şəkildə sürücülərə yaxınlaşaraq pul tələb etməsi halları da müşahidə edilməkdədir. Bu şəxslər rəsmi parklanma sisteminin əməkdaşları deyil və onların fəaliyyəti qanunsuz xarakter daşıyır.

Bir daha diqqətə çatdırırıq ki, rəsmi sistemdən kənar hər hansı ödəniş tələbi qanuni əsas daşımır. Sürücülərdən xahiş olunur ki, naməlum şəxslərə nağd vəsait təqdim etməsinlər, bu kimi hallarla qarşılaşdıqda diqqətli olsunlar və 902 nömrəsinə məlumat versinlər.
Şəhər ərazisində parklanmanın vahid və şəffaf sistem əsasında idarə olunması nəqliyyat axınının tənzimlənməsi, ictimai qaydanın qorunması və bütün sürücülər üçün bərabər şəraitin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyri-qanuni ödəniş halları həm vətəndaşların maddi maraqlarına zərər vurur, həm də sistemin effektivliyinə mənfi təsir göstərir”.

WhatsApp

Vətəndaşların düzgün məlumatlandırılması məqsədilə bir daha əsas qaydalar xatırladılır: Ödənişli saatlar: 07:00 – 22:00 (bazar ertəsi – şənbə) Ödənişsiz vaxt: 22:00 – 07:00 və bazar günləri (vaxt açmağa ehtiyac yoxdur) Ödəniş üsulu: rəsmi rəqəmsal kanallar (AzParking mobil tətbiqi və 1181 SMS xidməti).

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Seçilən
40
1
musavat.com

2Mənbələr