Mümkün qərarın əsasən Rusiyanın Hindistana neft tədarükünə təsir edəcəyi bildirilir...
ABŞ administrasiyası Rusiyanın neft sektoruna qarşı tətbiq olunan sanksiyaların qismən yumşaldılması imkanını müzakirə edir.
Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Avropadakı tərəfdaşlarına bildirib ki, mümkün yumşalma əsasən Rusiyanın Hindistana neft tədarükü ilə bağlı əməliyyatlara şamil oluna bilər. Mənbələrin sözlərinə görə, sanksiyalarla bağlı yekun qərarları şəxsən ABŞ prezidenti Donald Tramp qəbul edəcək.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, dünya bazarında neft qiymətlərinin artması fonunda Vaşinqton enerji sektoruna tətbiq olunan bəzi məhdudiyyətlərin yumşaldılması variantlarını nəzərdən keçirir. Bu müzakirələr təkcə Rusiyaya deyil, bəzi digər ölkələrin enerji sektoruna tətbiq olunan sanksiyalara da aid ola bilər.
Bildirilir ki, Tramp bu həftə çıxışlarından birində qlobal neft qiymətlərinin kəskin bahalaşması fonunda müəyyən ölkələrin enerji sektoruna qarşı sanksiyaların yumşaldılmasının mümkünlüyünü istisna etməyib.
Bu arada Rusiya prezidenti Vladimir Putin də mövzu ilə bağlı açıqlama verərək bildirib ki, Moskva Yaxın Şərqdə vəziyyətin destabilizasiyası cəhdlərinin enerji bazarlarında qiymət artımına səbəb olacağı barədə dəfələrlə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə geosiyasi gərginliklər neft və qaz bazarlarına birbaşa təsir göstərir.
Putin eyni zamanda qeyd edib ki, Avropa tərəfdaşlarından müvafiq siqnal daxil olacağı təqdirdə Rusiya Avropa bazarına neft və qaz tədarükünü artırmağa hazırdır. Analitiklər hesab edirlər ki, enerji bazarında baş verən bu proseslər qlobal siyasət və iqtisadiyyat üçün mühüm nəticələr doğura bilər.
Poliqon.info