AZ

Avropa Birliyinin rəhbəri Putini qalib elan etdi

Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın son açıqlamaları şok effekt yaradıb. O bildirib ki, indiyə qədər Yaxın Şərqdəki müharibədən yeganə qazanan tərəf Rusiyadır. O əlavə edib ki, yeni reallıqda Rusiya sülhü, Çin ticarəti pozur, ABŞ isə beynəlxalq nizama meydan oxuyur.

Koşta Rusiyanı “qalib elan etməklə” tam olaraq nə demək istəyir? Aİ rəhbəri dünyanı Putinlə barışığa çağırır?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında Avropa Birliyinin Amerikanın İranda apardığı savaşın nəticələrindən narahat olmağa başladığını söylədi:

“Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın ABŞ-İran mərhələsində tərəfləri danışıqlar masasına çağırmasını bir neçə səbəblə izah etmək olar. Birincisi, müharibə gedən qısa müddətdə neftin 1 barelinin qiyməti 110 dolları keçib və hadisələr bu cür davam edərsə, qiymətin hətta 170-200 dollara qədər qalxması proqnozları da verilir. Bu cür qiymətlərin bir neçə ay qalması belə Aİ iqtisadiyyatına ağır zərbələr vurur. İkincisi doğurdan da Yaxın Şərqdə proseslərin qaynar fazaya keçməsi Rusiya -Ukrayna müharibəsini sanki ikinci plana atıb. Bu isə Aİ dövlətlərinin bir çoxunu narahat edir. Çünki Rusiyanın proseslərdə uğurla çıxmasını özünün təhlükəsizliyinə təhdid hesab edirlər.



Üçüncüsü, ABŞ İranla müharibəni İsraili nəzərə almasaq tək aparır, Avropa İttifaqı dövlətlərindən ibarət hərbi koalisya yaratmayıb, NATO-nu bu işə cəlb etməyib və planları həyata keçəcəyi halda qazancı da tək olacaq. Yəni hətta bir müddət sonra İranla istədiyi razılaşmalara nail olarsa- Rusiyanı hələlik çıxmaq şərtilə ABŞ dünyada böyük enerji daşıyıcısı olan ölkələrə nəzarət imkanını əldə edəcək. Belə vəziyyətdə isə Aİ-nin bu sahədə ABŞ-dan asılılığını daha da böyüdəcək. O səbəbdən danışıqlar masasına tezliklə oturulmasını istəyirlər. Çünki müharibənin getdiyi hər gün gələcəkdə qurulacaq danışıqlar masasında ABŞ-ın mövqelərini bərkidəcək.

Bütün bunları ittifaq rəsmiləri hətta əsaslandırmağa da çalışırlar. Aİ-nin sanksiyalar üzrə komissarı Devid  O’Sallivan sanksiyaların Rusiyanı bütün sahələr üzrə iflasa doğru apardığını və bunun yekununa az qaldığını deməklə Yaxın Şərq müharibəsinin buna mane ola biləcəyinə eyham vurur. Amma görünən odur ki, hazırda İran xarici işlər naziri, SEPAH rəhbərliyi bəyanatlarında hər hansı danışıqlar masasına oturmayacaqlarını bəyan edirlər. Avropa ittifaqı da öz növbəsində danışıqlar masasında oturub müzakirə aparacaq liderlərin bu gün üçün olmadığını deyir. Beləliklə Aİ rəsmisinin çağırılarına baxmayaraq hələlik danışıqlar masasından söhbət getmir”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr