AZ

Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Proqramının təqdim etdiyi imkanlar, proqrama müraciət qaydaları və seçim meyarları haqqında gənclərin məlumatlandırılmasına həsr olunub. Prioritet ixtisas sahələri üzrə istedadlı və potensiallı gənclərin iştirakını təşviq etmək məqsədi daşıyan sessiya Tələbə Gənclər Təşkilatının yerli ali təhsil müəssisələri üzrə nümayəndələri və üzvlərinin iştirakı üçün nəzərdə tutulub.

Tədbirin açılış mərasimində Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Dövlət Proqramının ölkənin prioritet inkişaf istiqamətlərinə uyğun olaraq insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov gənclərin xaricdə qazandıqları ali biliklər vasitəsilə cəmiyyətin inkişafına töhfə verdiklərini söyləyib. O, beynəlxalq təhsil imkanlarından yararlanan gənclərin milli dəyərlərə sadiq qalaraq Azərbaycanın gələcək inkişafına təkan verməsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov gənclərin potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Dövlət Proqramı kimi layihələr gənclərin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına imkan yaradır.

Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı bildirib ki, neft kapitalının intellektual kapitala çevrilməsi dövlətin prioritet siyasətidir. Dövlət Neft Fondu proqrama əsas maliyyə dəstəyi göstərməklə ölkənin gələcək tərəqqisinə qoyulan ən səmərəli investisiyalardan birini həyata keçirir. Bu proqram sayəsində yetişən mütəxəssislər milli iqtisadiyyatın dayanıqlı idarəedilməsində mühüm rol oynayacaqlar.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov gənclərin təhsil və şəxsi inkişaf imkanları barədə məlumatlandırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətindən söz açıb. O bildirib ki, Tələbə Gənclər Təşkilatının ali təhsil müəssisələri üzrə nümayəndələrinin bugünkü tədbirə cəlb olunması Dövlət Proqramı xətti ilə xaricdə təhsil imkanları barədə məlumatlılığın artırılmasına yönəlib.

Proqram mütəxəssisləri iştirakçılara Dövlət Proqramının təklif etdiyi imkanlar və müraciət qaydaları haqqında ətraflı məlumat veriblər.

Daha sonra magistrantlar, o cümlədən London İmperial Kollecində strateji marketinq üzrə təhsil alan Nərmin Abdullayeva, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dövlət siyasəti üzrə təhsil alan Nigar İsmayılzadə-Əsgərova, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dövlət idarəetməsi üzrə təhsil alan Şəhriyar Hüseynli Dövlət Proqramının onların şəxsi və karyera inkişafındakı rolundan bəhs edib, eyni zamanda, auditoriyanın suallarını cavablandırıblar.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə Dövlət Proqramına müraciət aprelin 15-də açıq elan olunacaq. Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb. Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, mədəniyyət və incəsənət sahəsi üzrə də bu il imkanlar genişləndirilib.

“Gənclərin xarici gənclərə nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində indiyə qədər 413 nəfər bakalavriat, 1362 nəfər magistratura, 19 nəfər doktorantura təhsil səviyyəsi üzrə olmaqla, ümumilikdə, 1794 nəfər Dövlət Proqramı qalibi adını qazanıb.

Müxbir – Aysel Azadqızı

Fotoqraf – Tofiq Babayev

Videooperator – Namiq Abdullayev

Seçilən
14
4
azertag.az

6Mənbələr