AZ

Özbəkistanlı ekspert: Orta Dəhliz bu gün Avrasiya ticarəti üçün ən sabit və təhlükəsiz xətdir

Bakı, 10 mart, AZƏRTAC

Yaxın Şərqdə baş verən son hadisələr təkcə regional böhran deyil, həm də qlobal ticarət sisteminin arxitekturası üçün ciddi çağırış kimi qiymətləndirilməlidir. Artan gərginlik fonunda ənənəvi dəniz ticarət marşrutlarının təhlükəsizliyi məsələsi yenidən müzakirə mövzusuna çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov bildirib.

Onun sözlərinə görə, Süveyş kanalı və Hörmüz boğazı kimi qlobal ticarətin əsas arteriyalarında təhlükəsizlik risklərinin artması beynəlxalq bazarları daha sabit və etibarlı logistik marşrutlar axtarmağa məcbur edir. “Belə bir şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz artıq sadəcə perspektivli layihə deyil, bütün Avrasiya üçün strateji zərurətə çevrilir”, – deyə Xayotjon İbrahimov vurğulayıb.

Ekspert hesab edir ki, Orta Dəhlizin əsas üstünlüklərindən biri onun geosiyasi baxımdan daha dayanıqlı marşrut olmasıdır. Dünya okeanları üzərindən keçən dəniz marşrutları piratlıq, regional münaqişələr və dar boğazlarda baş verən geosiyasi qarşıdurmalar qarşısında daha həssasdır. Orta Dəhliz isə Avrasiyanın daxili regionlarından keçdiyi üçün müəyyən mənada coğrafiyanın özü tərəfindən qorunan marşrut hesab olunur. Bu da onu müasir geosiyasi şəraitdə daha etibarlı və sabit logistik xəttə çevirir.

X.İbrahimov qeyd edib ki, Orta Dəhlizin inkişafı xüsusilə dənizə birbaşa çıxışı olmayan ölkələr üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan Özbəkistan üçün bu marşrutun inkişafı təkcə logistika məsələsi deyil, həm də iqtisadi suverenlik məsələsidir. Özbəkistan bu sistemə fəal şəkildə inteqrasiya olunaraq “Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolu layihəsinin həyata keçirilməsini təşviq edir. Layihə faktiki olaraq Orta Dəhlizə daxil olan əsas giriş qapılarından birinə çevrilə bilər. Bu layihə Mərkəzi Asiyanı tranzit regiondan güclü logistika və paylama mərkəzinə çevirmək potensialına malikdir. Eyni zamanda, bu marşrut Özbəkistan məhsullarının Xəzər və Qara dəniz limanlarına daha qısa və təhlükəsiz yolla çıxmasına imkan yaradır.

“Bu proses region ölkələrinin beynəlxalq münasibətlər sistemində rolunu da gücləndirir. Azərbaycan, Özbəkistan və digər region dövlətləri artıq yalnız tranzit vasitəçi deyil, qlobal enerji və logistika təhlükəsizliyinin təminində mühüm rol oynayan aktorlar kimi çıxış edirlər”, - deyə ekspert bildirib.

Onun fikrincə, Xəzər dənizi üzərindən yükdaşımaların artması regionda infrastruktur layihələrinə investisiyaların cəlb olunmasını, gömrük prosedurlarının rəqəmsallaşdırılmasını və liman imkanlarının genişləndirilməsini sürətləndirir. Bu isə uzunmüddətli iqtisadi inkişaf üçün möhkəm zəmin yaradır.

“Orta Dəhliz yalnız iqtisadi deyil, həm də siyasi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Ölkələr ortaq tranzit gəlirləri və iqtisadi maraqlarla bir-birinə bağlı olduqda, onlar regional sabitliyin qorunmasında və mübahisələrin diplomatik yollarla həllində daha çox maraqlı olurlar. Qlobal geosiyasi qeyri-sabitlik şəraitində Orta Dəhliz Özbəkistan, Azərbaycan və regionun digər ölkələri üçün həm riskləri azaltmağa, həm də dünya ticarət sistemində mühüm strateji mövqe qazanmağa imkan yaradan sabitlik platformasına çevrilir”, - deyə Xayotjon İbrahimov vurğulayıb.

Seçilən
81
35
azertag.az

10Mənbələr