AZ

Vençur fond rəhbəri: Azərbaycan startapları yalnız daxili bazarla kifayətlənməməli, qlobal düşünməlidirlər – MÜSAHİBƏ VİDEO

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycanda startap ekosisteminin inkişafı, vençur kapital bazarının formalaşması və dövlətin rəqəmsal transformasiya gündəliyi son illər daha çox diqqət mərkəzinə çevrilib. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın ilk vençur kapital fondu olan “Caucasus Ventures”in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim startap ekosisteminin inkişaf dinamikası, investor marağı və Azərbaycan startaplarının qlobal bazarlara çıxış imkanları barədə fikirlərini bölüşüb. Həmin müsahibəni təqdim edirik.

- 2025–2026-cı illərdə Azərbaycanın startap ekosisteminin inkişaf trayektoriyasını necə qiymətləndirirsiniz?

- Hərəkət və artım var, yerimizdə dayanmamışıq. Bunlar faktlardır. Amma sürətin nə qədər olması artıq müzakirə mövzusudur. Ümumiyyətlə, startap mövzusu son 1–2 il deyil, təxminən 10 ilə yaxın dövrdür ki, müxtəlif proqramlar vasitəsilə gündəmdədir. Bu təşəbbüslərin nə qədər bir-biri ilə ahəngdar və əlaqəli olduğunu demək çətindir, amma müəyyən aktivlik var.

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədən sonra isə düşünürəm ki, biz sadəcə fəallıq mərhələsindən daha strukturlaşmış bir mərhələyə keçirik. Bu isə daha peşəkar gözləntilərin formalaşmasına əsas yaradır. Startapların sayı hər il artır və kəmiyyət baxımından müsbət dinamika var. Keyfiyyət baxımından isə müəyyən struktur dəyişikliklərinə ehtiyac var idi. Hesab edirəm ki, müşavirədən sonra elan edilən fəaliyyət istiqamətləri və növbəti illər üçün planlar bu məsələlərin həllinə kömək edəcək.

Burada yalnız startapların inkişafı deyil, onların maliyyələşməsi və fəaliyyətə başlaması üçün lazım olan infrastruktur məsələləri də nəzərə alınır. Məsələn, dövlətə məxsus texniki imkanların, serverlərin, müəyyən məlumat bazalarının startaplar üçün açıq olması çox vacibdir. Həmçinin dövlət ilk müştəri rolunu üzərinə götürə bilər. Bu, startapların ilk satışlarını reallaşdırmasına kömək edər.

Bu cür addımlar investorlar üçün də risklərin azalması, yəni “de-risking” (riskdən yayınma – red.) effekti yaradır. Vençur maliyyələşməsi investisiya dünyasında ən riskli alətlərdən biridir və buna görə də indiyədək yerli investorların marağı nisbətən az olub. Amma düşünürəm ki, növbəti 2-3 ildə özəl sektordan bu sahəyə daha çox maraq görəcəyik.

Digər vacib məsələ isə startapların düşüncə modelidir. Uzun müddət startaplar əsasən yerli bazarın problemlərini həll etməyə fokuslanırdı – taksi, çatdırılma, loyallıq proqramları və s. Halbuki Azərbaycan bazarı vençur investisiya baxımından kifayət qədər kiçikdir. Ona görə də pərakəndə yönümlü B2C startapların uğur ehtimalı çox aşağıdır. Biz daha çox B2B və texnoloji, xüsusilə süni intellekt yönümlü startaplara fokuslanmağı tövsiyə edirik.

Azərbaycan “proof of concept”, yəni ideyanın sınaqdan keçirilməsi üçün yaxşı platforma ola bilər. Amma startapın əsas bazarı region və ya daha böyük ölkələr olmalıdır. “Founder”lərlə işləyərkən biz onları məhz belə düşünməyə təşviq edirik.

Son illərdə startaplara dəstək məqsədilə müxtəlif güzəştlər – texnoparklar, vergi güzəştləri, sosial ödənişlərdən azadolmalar və s. tətbiq olunur. Bunların müəyyən effekti var, amma onların real təsirinin daha dəqiq ölçülməsi lazımdır. Çünki startapların uğursuzluq səbəblərinə baxanda Vergi Məsələsi ilk sıralarda deyil. Əsas problemlər qurucular arasında anlaşılmazlıqlar, bazarın düzgün qiymətləndirilməməsi və ya rəqabət mühitidir.

Ümumiyyətlə, startapların vergi ödəməkdən qorxmasına ehtiyac yoxdur. Startap vergi ödəyəcək səviyyəyə çatırsa, bu artıq onun ənənəvi biznesə çevrildiyini göstərir. Vençur investorları üçün əsas məqsəd ilk gündən dividend deyil. Biz adətən 7–10 il gözləyirik ki, startap böyüsün, sonra satılsın və ya birjaya çıxsın.

Bu proqramlar davam etməli və daha dəqiq ölçülməlidir. Eyni zamanda, investorlar və startaplar üçün fərqli yanaşmalar tətbiq olunmalıdır. Startapların gündəlik xərcləri – serverlər, hesablama resursları, marketinq kimi məsələlərdə dəstək vacibdir. İnvestorlar isə daha çox koinvestisiya mexanizmləri və ya risklərin qismən sığortalanması kimi alətlərə ehtiyac duyurlar.

- “Azərbaycanın yeni rəqəmsal arxitekturası” konsepsiyası vençur investisiya strategiyalarına necə təsir göstərə bilər?

– Bu yanaşma ekosistemin strukturlaşması baxımından çox vacibdir. Əgər dövlət infrastrukturu, məlumat bazaları və texnoloji imkanlar startaplar üçün daha açıq və əlçatan olarsa, bu, innovasiya üçün ciddi platforma yaradar. Belə mühitdə investorlar da daha rahat qərar verə bilir, çünki risklərin bir hissəsi sistem səviyyəsində azalır.

Digər tərəfdən, rəqəmsal transformasiya dövlətin özünün də texnoloji həllərə ehtiyacını artırır. Bu isə startaplar üçün yeni bazar imkanları yaradır. Dövlətin ilk müştəri kimi çıxış etməsi bir çox texnologiya şirkətləri üçün böyük təkan ola bilər.

- Azərbaycan startaplarının regional və qlobal bazarlara çıxışı baxımından əsas maneələr hansılardır?

- Əsas məsələ düşüncə modelidir. Startaplar ilk gündən qlobal bazarı düşünməlidirlər. Azərbaycan bazarı kiçikdir və burada böyükmiqyaslı texnologiya şirkəti qurmaq çətindir. Ona görə də məhsul hazırlanarkən region və ya daha böyük bazarlar nəzərdə tutulmalıdır.

Digər tərəfdən, rəqabət çox güclüdür. Böyük beynəlxalq şirkətlərin minlərlə mühəndisi, böyük büdcələri və geniş bazar təcrübəsi var. Onlarla rəqabət aparmaq üçün startapların çox spesifik və innovativ həllər təqdim etməsi lazımdır.

Amma müsbət tərəf odur ki, son illərdə yerli startap qurucularında bu düşüncə formalaşmağa başlayıb. Onlar artıq yalnız daxili bazarı deyil, qlobal imkanları da nəzərə almağa çalışırlar. Düşünürəm ki, bu proses davam etdikcə, Azərbaycan startaplarının regionda və daha geniş bazarlarda uğurlu nümunələrini daha çox görəcəyik.

Müxbir - Pərvanə Qafarova

Videooperator - Namiq Abdullayev

Seçilən
25
azertag.az

1Mənbələr