Total müharibələrlə lokal əməliyyatları fərqləndirən çoxlu cəhətlər var. Müharibələri qazandıran əsas amillərdən biri hazırlıq prosesidir ki, bu da təkcə silah-sursatla bitmir; mənəvi-psixoloji hazırlıq burada həlledici rol oynayır. Əməliyyatlarda ordunun döyüş qabiliyyəti və texniki təchizatı kifayət etsə də, müharibələrdə prosesə müxtəlif ideoloji donlar geyindirmək mütləqdir. Azərbaycan torpaqlarını işğaldan azad etmək və Xocalının qisasını almaq, Ukrayna isə vətəni müdafiə etmək ideyası ilə bu hazırlığı təmin etdi(r). Rusiya mənəvi hazırlıqla müharibə apara bilmədiyini gördükdə ictimaiyyəti "dünya ilə döyüşürük" iddiasına inandırmağa çalışır, savaşı isə pulla aparır. ABŞ və İsrail İranı nüvə təhlükəsi fonunda "şeytan" kimi göstərsələr də, məsələnin mahiyyəti hər kəsə aydındır: neft. Tramp 12 günlük toqquşmanın sonunda bəyan edirdi ki, İranın bütün nüvə potensialını məhv edib. İndi deyir ki, əməliyyata başlamasalar İran iki günə nüvə silahı əldə edəcəkdi. İran üçün isə bu müharibəyə hazırlaşmaq daha asandır; resurs bol, vətən müdafiəsi yolunda ölüm isə şəhidlik və cənnətlə mükafatlandırılmaq deməkdir.
İkinci Dünya Müharibəsində Almaniya dövrünün ən qabaqcıl texnologiyasına sahib idi. "Tiger" və "Panther" tankları mühəndislik şahəsəri sayılsa da, mürəkkəb asqı sistemləri və bahalı mühərrikləri onların kütləvi istehsalını çətinləşdirirdi. Almaniyanın bu "keyfiyyətli azlığı" SSRİ-nin "kafi dərəcədə yaxşı çoxluğu" tərəfindən boğuldu. SSRİ-nin T-34 modeli maksimal sadəliyi ilə fərqlənirdi; almanlar bir "Tiger" hazırlayana qədər, sovetlər onlarla T-34-ü cəbhəyə sürürdü. Strateji səhv həm də resursların parçalanmasında idi. Almaniya vəsaitini onlarla gizli və bahalı layihəyə dağıtdığı bir vaxtda, Müttəfiqlər resurs mərkəzlərini hədəf alırdılar. ABŞ bombardmançıları yanacaq zavodlarını məhv edərək alman qırıcılarını yerdə yanacaqsız qoydu, SSRİ isə "Uçan Tank"ları ilə alman piyadasını addım-addım sıradan çıxartdı. Hətta mühərrik seçimi belə dözümlülüyə hesablanmışdı; alman tanklarının benzin mühərrikləri şaxtada donarkən, sovetlərin dizel mühərrikli tankları hərəkətini davam etdirirdi. Almaniya həm də bugünkü dron texnologiyasının əsasını qoyaraq "Goliath", "Springer" və "Borgward IV" kimi müxtəlif yerüstü dronlardan istifadə etsə də, bu texnoloji sıçrayışlar onları resurs tükənməsindən xilas etmədi. Müharibəni ən mükəmməl silahı olan deyil, onu kütləvi və kəsintisiz şəkildə cəbhəyə çatdıran tərəf qazandı.
İran-ABŞ/İsrail qarşıdurması hərb tarixinə "Asimmetrik Tükəndirmə Müharibəsi" kimi düşəcək. Bir tərəfdə dünyanın ən bahalı texnologiyası, digər tərəfdə isə kütləvi və ucuz resurs strategiyası dayanır. İsrailin texnoloji zirvə sayılan qırıcıları radara yaxalanmadan strateji hədəfləri vura bilsə də, səmada eyni anda yüzlərlə ucuz kamikadze dronu peyda olduqda bu "görünməzlik" əhəmiyyətini itirir. Strategiya bu mükəmməl təyyarələri vurmaq deyil, onları faydasızlaşdırmaqdır; astronomik məbləğlərə başa gələn qırıcıları ucuz dronların dalınca qaçmağa məcbur etmək resursun səmada israf edilməsidir. Dünyanın ən effektiv müdafiə sistemləri belə burada riyazi bir tələyə düşür. Ucuz bir dronu zərərsizləşdirmək üçün ondan dəfələrlə baha olan raketlər sərf edildikdə, müharibə texnologiyanın iqtisadi məğlubiyyətinə çevrilir. Mürəkkəb radarlar eyni anda müəyyən sayda hədəfi izləyə bildiyi üçün İran yüzlərlə "yalançı hədəf" göndərməklə bu sistemləri doyurur və yayındırır. Müdafiə xətti bu "kəmiyyət"lə məşğul olduğu anda, arxadan gələn ballistik raketlər boşluqdan keçib hədəfə çatır. Logistika isə bu zəncirin ən həlledici həlqəsidir. Okeanın o tayından gələn hər bir ehtiyat hissəsi böyük zaman tələb etdiyi halda, resursu öz "arxa bağçasında" istehsal edən tərəf fabriklərini bir gün də dayandırmır.
Müharibənin hazırkı şərtlərlə bitməsi hərb tarixinə "Pirr qələbəsi" və ya strateji çıxılmaz vəziyyət kimi düşəcək. Trampın "bitir" dediyi nöqtədə mənzərəni emosiyasız təhlil etsək, qalib və məğlubları aydın görmək olar. İran bu qarşıdurmadan bir neçə kritik üstünlüklə çıxmış sayılır; o, ucuz dronlarla dünyanın ən bahalı müdafiə sistemlərini həm maliyyə, həm də logistik baxımdan iflic etməyin mümkünlüyünü sübut etdi. İsrailin "toxunulmazlıq" imicinin sarsılması regiondakı ərəb ölkələrinə "ABŞ sizi tam qoruya bilməz" mesajını verdi. Müharibənin dayanması İsrail üçün iqtisadi nəfəslik olsa da, İran təhlükəsini kökündən həll etmədi. ABŞ-ın öz anbarlarının boşalması və kənardan (Cənubi Koreya) mərmi axtarışına çıxması onun "Böyük Arsenal" statusuna ağır zərbə vurdu. Körfəz ölkələri Qərb texnologiyasının total müharibədəki logistik çatışmazlığını gördülər ki, bu da onların Çin və Rusiyaya doğru meylini sürətləndirəcək.
İran mövcud dünya nizamının yüksək texnoloji hərbi modelinin zəif nöqtələrini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə Qərb blokunun "texnoloji arxayınlığına" son qoydu. Avropa və digər asılı dövlətlər artıq anlayırlar ki, ABŞ-ın "nəhəng gücü" resurs tükənməsi qarşısında çox kövrəkdir. Bu, yaxın illərdə dünyanın hərbi-sənaye xəritəsinin yenidən cızılmasına səbəb olacaq.
Texnologiya bir döyüşü qazandıra bilər, ancaq resurs müharibəni qazandırır.