AZ

İran Trampın təklifini RƏDD ETDİ

ABŞ, İsrail və İran arasında qarşılıqlı raket hücumları ilə davam edən müharibə 11-ci gününə qədəm qoyarkən, ABŞ Prezidenti Donald Tramp diqqətçəkən bir açıqlama verib. O, danışıqları mümkün hesab edib.

Amma İranla danışıqlar imkanına qapı açan Tramp Tehrandan sərt reaksiya alıb.

“Cebheinfo.az” xəbər verir ki,  “Fox News”-a açıqlamasında  ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar imkanına münasibət bildirib.

İranın danışıqlar tələb etdiyini iddia edən Tramp deyib: 

"İran həqiqətən danışmaq istəyir. Danışıq şəraitdən asılı olaraq mümkündür. Ancaq  danışmaq məcburiyyətində deyilik. Amma bu mümkündür”.

Trampın sözləri Vaşinqton administrasiyasının müharibənin gedişatı ilə bağlı diplomatik variantı da nəzərdən keçirməsi kimi şərh edilib. 

Digər tərəfdən, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun İranın xarici işlər naziri Abbas Arakçi ilə əlaqə saxlamağa çalışdığı bildirilir. “Əl-Cəzirə”nin Tehran bürosunun rəhbəri Nurəddin Əl-Dqirin sözlərinə görə, Vitkoffun təşəbbüsünün əsas məqsədi İranın atəşkəslə bağlı mövqeyini qiymətləndirmək idi. 

Lakin mənbələr İran tərəfinin hazırda belə bir dialoqda iştirak etmək istəmədiyini bildiriblər. Başqa bir mənbənin İran Milli Təhlükəsizlik Şurası daxilində müharibənin dayandırılmasına yönəlmiş danışıqlar üçün heç bir gündəliyin olmadığını təsdiqlədiyi bildirilir.

Bu açıqlamalardan və ABŞ tərəfinin əlaqə cəhdlərindən sonra İrandan sərt bir açıqlama gəldi. İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin atəşkəs axtarmadığını bildirib. Qalibaf deyib: 

"Biz qətiyyən atəşkəs axtarmırıq, biz inanırıq ki, təcavüzkarın ağzına yumruq vurulmalıdır ki, o, dərsini alsın və bir daha sevimli İranımıza hücum etmək barədə düşünməsin".

İsraili də hədəf alan Qalibaf əlavə edib:

"Ölkə öz dominantlığını möhkəmləndirmək üçün "müharibə-danışıqlar-atəşkəs və sonra yenidən müharibə" dövrəsini davam etdirir. Biz bu dövrü qıracağıq".

Seçilən
33
cebheinfo.az

1Mənbələr