Bakı, 10 mart, AZƏRTAC
Nazirlər Kabinetinin yeni müvafiq qərarına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, 3 yaşınadək uşağa qulluğa görə və dəfn üçün birdəfəlik müavinətlərin təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar sözügedən müavinətləri almaq üçün hər hansı quruma müraciət etmədən və sənəd təqdim etmədən avtomatik şəkildə müavinət ala biləcəklər. Bu sistemin tətbiqinə isə bu il mayın 1-dən başlanacaq: “Müavinətlərin proaktiv təyin olunması sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək. Vətəndaşlar sənəd toplamaq və qurumlara getmək məcburiyyətində qalmayacaqlar. Bütün məlumatlar elektron sistemlər vasitəsilə yoxlanacaq və müavinətlər avtomatik təyin ediləcək. Ümumilikdə son illərdə sosial sahədə aparılan elektronlaşma nəticəsində hazırda nazirliyin xidmətlərinin 90 faizdən çoxu elektron qaydada təqdim olunur və yeni sistem bu prosesi daha da genişləndirəcək. Bu müavinətlər indiyədək də vətəndaşlara təqdim olunub, lakin onların alınması üçün müraciət və sənəd təqdim etmək tələb olunurdu. Yeni qaydanın tətbiqi ilə proses daha sadə və avtomatik olacaq və bu müavinətlərdən istifadə edən bütün vətəndaşlar proaktiv sistemdən yararlana biləcəklər”,- deyə məlumatda vurğulanıb.