Amasiya Rayon İcmasında “Ağbabanın Seyidilliləri” kitabının təqdimatı keçirilib
7 mart 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Amasiya rayon icmasında görkəmli tədqiqatçı, folklorşünas alim Tacir Səmiminin müəllifi olduğu “Ağbabanın Seyidilliləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının sektor müdiri Abduləli Həsənov, İcmanın Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, Amasiya rayon icmasının sədr müavini Elmar Hüseynov, Qərbi Azərbaycan İcması Elm şöbəsinin rəhbəri Şəmsi Qoca, kitabın ideya müəllifi Sevdiyar Məmmədov, eləcə də tanınmış ziyalılar Vahid Xəlilov, İmran Güllübulaqlı, Vətən müharibəsi qazisi Rasim Qədirov, koordinatorlar Elmar Kərimov, Elbrus Abbasov və Rauf Məmmədov iştirak ediblər. Həmçinin yığıncağa Amasiya rayonunun Güllücə, Hamamlının Hallavar, Heydərli, Mollaqışlaq, Dizman və Göyçənin Babacan kəndlərinin fəalları qatılıblar.
Tədbiri giriş sözü ilə açan müəllif Tacir Səmimi məruzəsində kitabın ərsəyə gəlmə prosesi və əsərin tarixi-etnoqrafik əhəmiyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, gələcək nəsillərin öz dədə-baba torpaqlarını, soy köklərini unutmaması üçün belə fundamental araşdırmaların aparılması və nəşr edilməsi mütləqdir. Böyük bir nəslin şəcərəsinin araşdırılaraq bir araya gətirilməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Müzakirələrdə çıxış edən Abduləli Həsənov, Əhməd Rzayev, Elmar Hüseynov, Sevdiyar Məmmədov, Vahid Xəlilov, Qazi Rasim Qədirov, Elbrus Abbasov və Rauf Məmmədov kitabın elmi və mənəvi dəyərindən bəhs ediblər. Kənd icmalarının nümayəndələri — Hallavar kəndindən Dağıstan Əhmədov, İmam Əhmədov, Vəli Əhmədov; Heydərli kəndindən Telman Süleymanov, Ramiz Süleymanov, Şahin Əhmədov, Vahid Süleymanov; Güllücə kəndindən isə Vüsal Hüseynov və Bəxtiyar Məmmədov çıxış edərək kitab haqqında öz ürək sözlərini deyib, müəllifə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti və Qərbi Azərbaycan İcmasına göstərdiyi diqqəti tam dəstəklədiklərini bəyan ediblər. Çıxışlarda vurğulanıb ki, hər bir soydaşımız tezliklə doğma Qərbi Azərbaycan torpaqlarına qayıdıb orada yeni həyata başlayacaqları günü böyük ümid və inamla gözləyir.
Yığıncağın sonunda kitabın ideya müəllifi Sevdiyar Məmmədov tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Amasiya icmasının sədri, akademik Abel Məhərrəmova və bütün iştirakçılara dərin təşəkkürünü bildirib. Bununla da təqdimat mərasimi öz işini yekunlaşdırıb.