AZ

65 il eyni teatrda çalışan Xalq artisti: “Mənə dedilər ki, kimlərlə qohum olmusan?”

10 mart Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. 

Bu tarix ölkədə peşəkar teatr sənətinin yaranmasının ildönümü hesab edilir. Lakin bu gün Azərbaycan teatrı yalnız bayram əhval-ruhiyyəsi ilə deyil, həm də problemlərlə gündəmə gəlir. 

Son illər teatrların idarə olunması, kollektiv daxilində yaranan inzibati münaqişələr və yeni idarəetmə modelinin müəyyənləşdirilməməsi teatr mühitində böhran müzakirələrini aktuallaşdırıb. 

“Cebheinfo.az”- a açıqlamasında Xalq artisti Rafiq Əzimov bildirib ki, o, Milli Akademik Dram Teatrında fasiləsiz olaraq 64 ildir fəaliyyət göstərir. Sənətkar deyib ki, bu illər ərzində teatrda böyük və unudulmaz korifey aktyorlarla çalışmaq imkanı əldə edib və onlardan sənətin sirlərini öyrənib: 

“Dediyim kimi, o dövrdə teatrda çalışan aktyorların hər biri özlüyündə bir məktəb idi. Mən onlardan sənətin sirlərini, aktyorluğun incəliklərini öyrəndim. Universitetdə bizə öyrədirdilər ki, aktyor mütləq müşahidəçi olmalıdır. 

Aktyor həm yaxşı nümunələri görməli, həm də səhvlərdən nəticə çıxarmağı bacarmalıdır. Çünki bütün bunlar gələcək yaradıcılıq fəaliyyətində ona lazım olur. Bu səbəbdən mən də həmin dövrdən bu günə qədər, artıq 64-65 ilə yaxın bir müddətdə eyni məkanda çalışaraq teatrda baş verən hər şeyi - həm çatışmazlıqları, həm də gözəl sənət nümunələrini görmüşəm. Yaxşı olanları yaddaşımda saxlamışam, sənətimdə tətbiq etmişəm. 

Gərəksiz hesab etdiklərimi isə zamanla unutmuşam. Və beləcə gəlib bu dövrə gəlib çatmışıq. Universiteti bitirib teatra gələn çox istedadlı gənclərimiz var. Mən həmişə onları müşahidə edirəm, hər birinin sənətə münasibətini diqqətlə izləyirəm. 

Hamısı göz qabağımda olur. Aralarında elələri var ki, daha ümidvericidirlər və düşünürəm ki, onlar bizim teatrımızın gələcəyidir. Əgər bu gün repertuarda olan tamaşaların reklamlarına baxsanız, görərsiniz ki, bu sahə uzun və zəngin bir inkişaf yolu keçib. 

Teatrın tarixinin əsası isə qədimə dayanır. Həsən bəy Zərdabi öz tələbələri ilə birlikdə - Nəcəf bəy Vəzirov, Əliqulu Qəmküsar və Əsgər ağa Adıgözəlov Gorani ilə birgə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərini səhnələşdirmişdilər. 

1873-cü il martın 10-da, o dövr üçün heç kimin ağlına gəlməyən bir hadisə baş verdi ki, Azərbaycan teatrının pərdələri ilk dəfə açıldı və həmin tamaşa nümayiş olundu. Bu tarix də sonradan Azərbaycan teatrının yaranma günü kimi yadda qaldı”. 

Rafiq Əzimov xatirəsini də bölüşüb: 

“Bir haşiyə çıxmaq istəyirəm. Həyat yoldaşımın babası Azərbaycan teatrında ilk Hacı Qara rolunu ifa edib. “Vəziri Xani Lənkəran”da da baş rolun ifaçısı həyat yoldaşımın babası  Əsgər ağa Adıgözəlov Gorani idi. 

Həmçinin, mənim kiçik qaynım mərhum sənətkar Əsgər Adıgözəlovun adını daşıyır. Mən bu ailə ilə tanış olanda, Gəncədə qastrolda olarkən rəhmətlik Məmmədrza Şeyxzamanov və Muxtar Avşarov mənə dedilər ki, sən bilirsən, kimlərlə qohum olmusan? 

Sonra məni kitab mağazasına apardılar, mənə kitab aldılar və dedilər ki, bunu oxu, gör sən hansı tarixi şəxsiyyətlərlə qohumsan. O zaman mən hələ nişanlı idim”. 

Sənətkar bildirib ki, teatrın inkişafı üçün əsas prioritet gənc istedadların yetişdirilməsi və müxtəlif janrlarda əsərlərin səhnəyə qoyulmasıdır: 

“İş olmayan yerdə dedi-qodu olar. Amma bizim başımızı qaşımağa belə vaxtımız yoxdur. Gəlin görün, neçə yerdə məşqlərimiz gedir. 

O istedadlı gəncləri görəndə fəxr edirəm ki, bizim ardıcımızca gələn gənclər böyük sənətkarların yolunu davam etdirir. İnanın, o gənclər bizdən geri qalmayacaq, əksinə, irəliyə doğru addımlayacaqlar. 

Bizim yeganə arzumuz budur ki, yeni-yeni yazarlar yetişsin. Necə ki, vaxtilə var idi. Yeni və müxtəlif janrlarda əsərlər ortaya çıxanda teatrımız da müxtəlif janrlarda özünü nümayiş etdirə bilər”. 

Seçilən
87
cebheinfo.az

1Mənbələr