AZ

Buraxılış imtahanı ətrafında narazılıqlar: Suallar həddən artıq çətin idi?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahandan sonra bir sıra şagirdlər və valideynlər sosial şəbəkələrdə sualların çətin olması ilə bağlı narazılıqlarını ifadə ediblər. Bəzi valideynlər və repetitorlar iddia edirlər ki, imtahandakı sualların bir hissəsi blok imtahanı səviyyəsində olub.

Bəs əgər həqiqətən də sualların çətinlik səviyyəsində problem varsa, gələcək imtahanlarda bu məsələni tənzimləmək üçün hansı addımlar atıla bilər?

Məzahir

Məzahir Məmmədli

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, buraxılış imtahanlarından sonra hər il oxşar narazılıqlar müşahidə olunur.

Ekspertin sözlərinə görə, imtahandan sonra sosial şəbəkələrdə, valideynlər və imtahan verən abituriyentlər arasında narahatlıq ifadə olunur:

“Bu cür narazılıqlar demək olar ki, hər il təkrarlanır. Burada kimin haqlı, kimin haqsız olduğunu isə yalnız DİM müəyyən edə bilər. Xüsusilə açıq tipli sualların qiymətləndirilməsi və izahı dəqiqləşdirildikdən sonra vəziyyət daha aydın görünəcək”.

M. Məmmədli qeyd edib ki, bəzi iddialara görə, riyaziyyat və ana dili fənlərindən müəyyən qədər çətin suallar salınıb. Lakin xarici dillə bağlı hələlik ciddi şikayətlərin səslənmədiyi bildirilir.

Ekspert əlavə edib ki, övladlarının təhsili üçün böyük məbləğdə vəsait xərcləyən valideynlər imtahan nəticələri ilə bağlı daha çox kurs rəhbərləri və repetitorlardan cavab tələb edirlər:

“Onlar da öz növbəsində bildirirlər ki, imtahan suallarının bir hissəsi blok imtahanı səviyyəsində olub və bu səbəbdən DİM-i ittiham edirlər. Amma hazırda bu məsələ ilə bağlı dəqiq nəticəyə gəlmək mümkün deyil.

Bir neçə həftədən sonra nəticələr elan olunacaq. Ondan sonra düzgün analiz aparmaq mümkün olacaq. Yəni imtahanda nə qədər çətin sualın salındığı, sualların tədris proqramına uyğun olub-olmaması o zaman daha aydın görünəcək”, – deyə o, bildirib.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
98
50
konkret.az

10Mənbələr