Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana yola humanitar yardım göndərilib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilən 30 tona yaxın humanitar yardım Azərbaycan rəhbərliyinin uzaqgörən və müdrik siyasətinin mühüm aspektlərindən biri kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, Azərbaycan həm ümumi xarici siyasətində, həm də qonşu dövlətlərlə münasibətlərində hər zaman dərin strateji hesablamalara əsaslanan xətt yürüdüb:
"Məhz bu strateji yanaşmanın nəticəsində torpaqlarımız işğaldan azad edildi və böyük güclərin neytrallaşdırılmasına nail olundu. İstər Rusiya, istər İran, istərsə də ATƏT-in Minsk qrupu həmsədrləri daxil olmaqla, Azərbaycana qarşı xoş niyyəti olmayan ölkələr belə ölkəmizin strateji vizyonu və düşünülmüş diplomatik addımları nəticəsində neytrallaşdırıldı və Azərbaycan öz siyasətini ardıcıl şəkildə həyata keçirə bildi. Hazırkı mərhələdə İrana humanitar yardımın göndərilməsi ölkəmizin praqmatik düşüncə tərzinin və güclü dövlətçilik ənənələrinin növbəti göstəricisidir. Bu addım həm regionda yaranmış gərginliyin azalmasına yönəlmiş mühüm siqnal, həm də Azərbaycanın sülh gündəminə sadiqliyinin bariz nümunəsidir"
Millət vəkili əlavə etdi ki, Azərbaycan üçün sülh gündəmi hər zaman əsas prioritet olub və bu istiqamətdə atılan addımlar ardıcıl xarakter daşıyır:
"Xatırladaq ki, Ermənistanın məğlubiyyətindən sonra Azərbaycan ilk olaraq sülh müqaviləsinin layihəsini hazırlayaraq qarşı tərəfə təqdim etmişdi. Ordumuzun güclü olmasına, Ermənistanın isə ağır məğlubiyyətə uğramasına baxmayaraq, rəsmi Bakı sülh təşəbbüsü ilə çıxış etdi və müqavilə layihəsini irəli sürdü. Bu yanaşma ölkə rəhbərliyinin müdrik və məsuliyyətli siyasətinin göstəricisidir. Hazırda ABŞ/İsrail - İran arasında müşahidə olunan genişmiqyaslı gərginlik fonunda müharibənin regiona, xüsusilə də Cənubi Qafqaza yayılmaması mühüm əhəmiyyət daşıyı":
Müsahibimiz fikrincə, humanitar yardım həm siyasi, həm də humanist jest kimi xüsusi önəm kəsb edir.
"Həcmi 30 ton olsa da, bu yardım məna və mesaj baxımından daha böyük miqyasda qiymətləndirilməlidir. Bu addım Azərbaycanın rasional və balanslı siyasət apardığını beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Bu humanitar yardım eyni zamanda simvolik, geosiyasi və qonşuluq münasibətləri kontekstində də əhəmiyyətlidir. Azərbaycan bu gün İrana humanitar yardım göndərir, eyni zamanda sərhədlərin bağlı olmasına baxmayaraq, Ermənistana münasibətdə məhdudiyyətlərin aradan qaldırılması və neft məhsullarının tədarükü istiqamətində addımlar atır. Bu, Azərbaycanın qonşular arasında ayrı-seçkilik etmədiyini və bütün region ölkələri ilə normal münasibətlərin qurulmasında maraqlı olduğunu göstərir. Ona görə də bu humanitar yardımı geniş geosiyasi və strateji hesablama kontekstində qiymətləndirmək, onu Azərbaycanın dərin, ağıllı və müdrik dövlətçilik siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır", - deyə T.Gəncəliyev vurğuladı.
Xədicə BAXIŞLI