AZ

Nurəddin Mehdixanlı: Azərbaycan teatrı 153 illik zəngin ənənələrə malik canlı sənətdir

Bakı, 10 mart, AZƏRTAC

153 il əvvəl Azərbaycan teatrının əsasını qoyan ziyalılarımız dünya mədəniyyət prosesinin tərkib hissəsinə çevrilməyə çalışıb və bu yolda mühüm uğurlar qazanıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Xalq artisti Nurəddin Mehdixanlı deyib.

Onun sözlərinə görə, teatr canlı sənətdir və öz əhəmiyyətini itirməyəcək: “O, mənimlə danışır, məni mənə göstərir, dərdimə də, sevincimə də şərik olur. İnsanlıq var olduqca, teatr da yaşayacaq. Azərbaycan milli teatrı da bu böyük mədəniyyət prosesinin ayrılmaz hissəsidir”.

Nurəddin Mehdixanlı Azərbaycan teatrının son illərdəki inkişafını və dünya teatr məkanına inteqrasiyasını da dəyərləndirib. O bildirib ki, qloballaşma dövründə milli özünəməxsusluğun qorunması əsas şərtdir: “Bizim üçün fərdi və milli olan daha maraqlıdır. Başqa xalqların milli musiqi alətləri onlar üçün doğmadırsa, bizim üçün də mədəniyyətimizə məxsus olan dəyərlər daha yaxındır. Əgər qloballaşma prosesində bütün milli özünəməxsusluqlar yox olub ümumi, simasız bir kütlə yaranarsa, orada inkişafdan söhbət gedə bilməz. Bəşəri dəyərləri yaradan da milli dəyərlərdir. Azərbaycan mədəniyyəti də həmin ümumbəşəri mədəniyyətin dəyərli bir parçasıdır”.

Türk dövlətləri ilə teatr sahəsində əməkdaşlıq məsələsinə də toxunan sənətkar qeyd edib ki, bu cür münasibətlər qarşılıqlı tanıma və öyrənmə baxımından olduqca vacibdir.

O əlavə edib ki, ilk növbədə türk dövlətləri arasında mədəni inteqrasiya daha da gücləndirilməlidir: “Dünyanın ən böyük mədəniyyətlərini yaradan xalqlardan biri də türk xalqlarıdır. Əgər Azərbaycan xalqı, Azərbaycan türkləri Şərqdə və müsəlman dünyasında ilk peşəkar teatrı yaradıblarsa, bu, xalqımızın nə qədər güclü mədəni potensiala malik olduğunu göstərir”.

Müxbir - Günel Alıyeva

Fotoqraf - Azər İbrahimov

Videooperator - Vüsal Tağıyev

Seçilən
65
azertag.az

1Mənbələr