AZ

Volkswagen 2030-cu ilə qədər 50.000 işçisini işdən çıxaracaq



Almaniyanın avtomobil istehsalçısı Volkswagen Group şirkəti 2030-cu ilə qədər Almaniyadakı fəaliyyətində təxminən 50.000 işçisini işdən çıxaracağını açıqlayıb.Audi, Bugatti, Seat, Skoda və Porsche brendlərini özündə birləşdirən Volkswagen Qrupu, qlobal bazarın daralması və artan xərclərin təsirini əsas gətirərək, illik fəaliyyət hesabatında Almaniyada təxminən 50.000 nəfəri işdən çıxarmaq planını rəsmiləşdirib.

Mənfəət marjasının kəskin azalmasından sonra alman istehsalçısı hədəflərini yeniləyərək, 2030-cu ilə qədər Almaniyadakı əməliyyatlarında təxminən 50.000 iş yerini ixtisar edəcəyini açıqlayıb.

Şirkət, 35.000 nəfəri əhatə edən iş ixtisarlarının əksəriyyətinin əsas Volkswagen minik avtomobil bölməsində baş verəcəyini açıqladı. Bu hədəf əvvəllər 2024-cü ilin sonundan etibarən qüvvəyə minən fərdi markalarla kollektiv müqavilələrin bir hissəsi olaraq açıq şəkildə elan edilmişdi.

Qrup daxilində digər vəzifələrin ləğvi planlaşdırılır: 2029-cu ilə qədər Audi-də 7500, Porsche-də isə müvəqqəti işçilər də daxil olmaqla 3900.

İşdən çıxarılmaların erkən təqaüd təşviqləri və işdənçıxarma paketləri vasitəsilə məcburi deyil, könüllü olması nəzərdə tutulur.

Şirkət əlavə etdi ki, əlavə ixtisarlar illik 15 milyard avro qənaət əldə etmək planının bir hissəsi olaraq proqram təminatı törəmə şirkəti Cariad-ı da əhatə edəcək.

Şirkətin illik hesabatına daxil olan səhmdarlara ünvanladığı məktubda Volkswagen-in baş direktoru Oliver Blume qrupun elektrik avtomobilləri bazarında Çin rəqiblərinin təzyiqi, ABŞ tarifləri və yüksək istehsal xərcləri ilə mübarizə apardığını bildirdi.

Blume bildirib ki, "Avropa bazarında Çin istehsalçılarının qiymət rəqabəti ilə üzləşirik. Bu, xərclər baxımından daha intensiv işləməyimiz üçün əsas motivasiyadır".

Səhmdarlara şirkətin 2024-cü ildə başlayan restrukturizasiya prosesi barədə məlumat verən Blume deyib: "2030-cu ilə qədər Almaniya üzrə Volkswagen Qrupunda ümumilikdə təxminən 50.000 iş yerini tədricən azaltmağı planlaşdırırıq".

Alman avtomobil sənayesinin müvəqqəti böhran deyil, fundamental transformasiya keçirdiyini qeyd edən Blume əlavə edib:

"Volkswagen Qrupunu və ümumiyyətlə Almaniyanı illərdir biznes mərkəzi kimi saxlayan biznes modeli artıq işlək deyil. Özümüzü Avropada artan sayda Çin rəqiblərimizlə müqayisə etməli və onlarla rəqabət aparmalıyıq".

aia.az
Tərcümə şöbəsi



Seçilən
57
aia.az

1Mənbələr