Əli Orucov: “Bu, hərbi ittifaq müqaviləsi deyil ki, Azərbaycan ABŞ-a dəstək olaraq İrana qarşı müharibəyə qoşulsun”
Məlum olduğu kimi, bu ilin fevralında Birləşmiş Ştatların Vitse-prezidenti Ceydi Vens Bakıya gəldi və ayın 10-da Azərbaycan Respublikası və ABŞ Hökuməti arasında "Strateji Tərəfdaşlıq Xartiyası" imzalandı. Bu sənəd enerji, təhlükəsizlik və iqtisadi sahədə əlaqələri gücləndirərək iki ölkə arasında strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoyur.
Xartiyanı imzalamaqda məqsəd ikitərəfli strateji tərəfdaşlığı möhkəmləndirmək, siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirmək idi. Tərəflər xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm görüşlər keçirmək və digər dialoq platformaları yaratmaq niyyətindədirlər.
Maraqlıdır, sözügedən saziş Azərbaycanı ABŞ-ın apardığı hərbi əməliyyatlara məcburən qoşulmaq öhdəliyi altına alırmı? Yəni ABŞ Azərbaycandan bu sazişə görə İrana qarşı müharibəyə qoşulmasını tələb edə bilərmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, Xartiyada belə bir öhdəlik öz əksini tapmayıb: “Ümumiyyətlə, Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında belə bir öhdəlikdən söhbət belə getmir. Bu, hərbi ittifaq müqaviləsi deyil ki, Azərbaycan Birləşmiş Ştatlara dəstək olaraq İrana qarşı müharibəyə qoşulsun. Düzdür, Xartiyada təhlükəsizlik sahəsində əməkdaşlıqdan söhbət gedir. Ancaq bu, o demək deyil ki, bununla bağlı Azərbaycanın üzərinə hansısa öhdəlik düşür. Təhlükəsizliklə bağlı əməkdaşlıq dedikdə söhbət hansısa texniki vasitələrlə təminatdan, bu sahədə yardımdan gedir. ABŞ-la imzalanan Xartiyanın məzmunu əsasən iqtisadi məsələləri özündə ehtiva edir. ABŞ nəqliyyat və tranzit sahəsində Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Rəsmi Vaşinqtonun bu istəyi onun geosiyasi maraqları ilə əlaqədar olsa da tutduğu mövqeyi region dövlətlərinin maraqlarına cavab verir. Xartiyada Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir”.
Vidadi ORDAHALLI