AZ

Tramp haradan əmindir ki, Rusiya İrana kəşfiyyat məlumatları ötürməz...



Elşad Həsənov: “Tramp inkar etsə də İranın müttəfiqi olan Rusiya və Çin Tehrana kəşfiyyat məlumatları ötürür”

ABŞ prezidenti Donald Tramp Rusiyanın İrana kəşfiyyat məlumatları verməsi barədə məlumatlara inanmadığını deyib. Tramp bildirib ki, Rusiya İranla kəşfiyyat məlumatları paylaşsa belə, bunun Tehrana ciddi üstünlük qazandırdığı görünmür.

Tramp ABŞ hərbçilərinə və Yaxın Şərqdəki obyektlərinə qarşı mümkün hücumlar üçün Rusiyanın İrana məlumat ötürməsi ilə bağlı iddiaların böyük əhəmiyyət daşımadığını deyib: “Son bir həftə ərzində İranda baş verənlərə baxsanız görərsiniz ki, əgər onlar hər hansı məlumat alırlarsa da, bu onlara çox kömək etmir”.

Bu nədir? Tramp indiki anda Putini qıcıqlandırmaq istəmir, ya aralarında gizli razılaşma var? Trampda bu inam haradandır ki, Rusiya İrana kəşfiyyat məlumatları vermir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Tramp inkar etsə də reallıq fərqlidir: “ABŞ-la İsrail müharibəyə başladıqdan sonra İranın müttəfiqi olan Rusiya və Çin Tehrana kəşfiyyat məlumatları ötürür. Artıq bununla bağlı kifayət qədər ciddi məlumatlar mövcuddur. Eyni zamanda Rusiyanın çox böyük radar təyyarəsinin İran üzərində uçuşlar aparması barədə informasiyalar var. Həmin təyyarənin gəmilərdə radarları söndürməsi barədə məlumat var. Gör vəziyyət nə yerə çatıb ki, artıq Trampın köməkçisi Uitkof Moskvadan İrana kəşfiyyat məlumatlarının verilməməsi ilə bağlı xahiş edir. Bu, Rusiyanı çəkindirəcəkmi? Hesab edirəm ki, yox. Ona görə ki, dünyanı yenidən bölməklə bağlı müharibə daha da kəskinləşir. Müharibənin də əsas fiqurantları Rusiya və Çindir. İrandan sanki bir proksi qüvvə kimi istifadə edilir. Çin və Rusiya gizlicə İrana lazım olan dəstəyi göstərirlər. Xüsusilə də Çin. Çünki Çin Tayvana nəzarətini bərpa etmək istəyir. Bu baxımdan vəziyyət çox gərgindir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, Rusiya və Çin ABŞ-ın İranla müharibədə daha çox resurs itirməsində maraqlıdır. Müharibə uzanırsa, Birləşmiş Ştatlar daha çox vəsait və silah sərf etməli olacaq. Yəni Çin çalışır ki, İran vasitəsi ilə ABŞ-ı zəiflətsin. Çünki təkcə bir həftə ərzində Birləşmiş Ştatlar 5 milyard dollardan çox pul xərcləyib. Ona görə də bu müharibə uzansa ABŞ uduzacaq. Bu nöqteyi-nəzərdən də Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi barədə deyilənlər reallığa əsaslanır”.

Vidadi ORDAHALLI

Seçilən
13
baki-xeber.com

1Mənbələr