AZ

Makron: Nüvə energetikası müasir dünyada müstəqilliyin əsas təminatıdır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Fransa Prezidenti Emmanuel Makron nüvə energetikasının müasir geosiyasi şəraitdə dövlətlərin inkişafı və suverenliyi üçün mühüm rol oynadığını bəyan edib.

TurkicWorld xəbər verir ki, Fransa və Beynəlxalq Atom Enerjisi Agentliyinin təşkilatçılığı ilə Bulon-Biyankur şəhərində keçirilən Nüvə Energetikası Sammitində çıxış edən Makron atom energetikasının enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olduğunu bildirib.

Sammitdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak ediblər.

Fransa prezidenti qeyd edib ki, tədbir nüvə məsələsinin İran ətrafında yaranmış gərginliklə əlaqələndirildiyi xüsusi geosiyasi şəraitdə keçirilir. O, həmçinin Yaponiyanın “Fukuşima” atom elektrik stansiyasında baş vermiş qəzanın 15 il əvvəl baş verdiyini xatırladaraq bildirib ki, bu müddət ərzində nüvə sənayesi ciddi nəticələr çıxarıb.

Makron vurğulayıb ki, təhlükəsizlik standartları və nəzarət mexanizmləri əhəmiyyətli dərəcədə gücləndirilib və bu səbəbdən nüvə energetikasını yüksək səviyyədə təhlükəsiz enerji mənbəyi kimi qiymətləndirmək mümkündür.

Fransa lideri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossiyə nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Onun sözlərinə görə, agentliyin fəaliyyəti Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə və İranla dialoqun davam etdirilməsinə töhfə verir.

Makron əlavə edib ki, mövcud şəraitdə karbohidrogen resurslarından asılılıq bəzi hallarda siyasi təzyiq və ya sabitliyin pozulması alətinə çevrilə bilər. Bu baxımdan nüvə energetikasının enerji tələbatının ödənilməsində mühüm rol oynayacağını bildirib.

O, həmçinin Avropa regionunun müəyyən dərəcədə Rusiya resurslarından asılı olduğunu etiraf edərək qeyd edib ki, dünya üzrə uran hasilatının təxminən 40 faizi Rusiyanın payına düşür və bu məsələ Avropa İttifaqı üçün ciddi çağırış olaraq qalır.

Sammit başlamazdan əvvəl “Greenpeace” təşkilatının fəalları tədbirin keçirildiyi məkanda etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarından biri nüvə energetikasının təhlükəli olduğunu iddia edən plakat açıb, daha sonra təhlükəsizlik əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.

Makron isə tənqidlərə baxmayaraq Fransanın nüvə energetikasının inkişafını davam etdirəcəyini bir daha vurğulayıb.

Seçilən
39
turkic.world

1Mənbələr