Xəbər verildiyi ki, martın 4-də Hind okeanında ABŞ sualtı qayığı tərəfindən İranın “IRIS Dena” freqatı vurularaq batırılıb. İran ABŞ tərəfindən hücuma məruz qalan "IRIS Dena" freqatında 104 əsgərinin öldüyünü və 20 əsgərin itkin düşdüyünü açıqlayıb. "IRIS Dena" freqatı Hindistanda keçirilən MILAN 2026 təlimindən qayıdarkən ABŞ-ın Virciniya sinifli hücum sualtı qayığı tərəfindən batırılıb.
İran Hərbi Dəniz Qüvvələri freqatın batması və nəticədə 104-dən çox dənizçinin ölümünü hərbi əməliyyat deyil, "qırğın" adlandırıb. Bölgədən sızdırılan kəşfiyyat məlumatları, dostcasına dəvətlə başlayan prosesin qanlı pusquya necə çevrildiyini ortaya qoyur. Məlum olub ki, vurulan gəminin koordinatları gəmini oraya dəvət edən Hindistan tərəfindən ABŞ-a ötürülüb. Yəni İran dost dediyi elə Hindistan tərəfindən xəyanətə uğrayıb.
İran gəmisinin koordinatlarını İsrailə onların verdiklərini Hindistan Ordusunun Baş Qərargah rəisi, general Upendra Dvivedi də açıq etiraf edib: "İran donanmasına aid gəminin batması, əlbəttə ki, uğursuz bir hadisədir, lakin bu, beynəlxalq sularda baş verib. İran gəmisi Hindistan sularında qaldığı müddətdə qorunurdu, lakin onlar beynəlxalq sulara girəndə, İsrailin strateji müttəfiqləri olaraq, yeni strateji müqaviləmizin bir hissəsi olaraq, gəminin dəqiq yerini İsrailə bildirmək bizim vəzifəmiz idi".
İran mətbuatında yer alan xəbərlərə görə, faciənin kökləri Hindistanın ev sahibliyi etdiyi dünyanın ən nüfuzlu dəniz təlimlərindən biri olan MILAN 2026-ya dayanır. Yeni Dehli hökuməti rəsmi olaraq İran Hərbi Dəniz Qüvvələrini bu təlimə "Fəxri qonaq" kimi dəvət edib. Bu diplomatik jestin qarşılığında İran ən yüksək təlim keçmiş heyətini bölgəyə göndərib. Lakin təlim davam edərkən ABŞ və İsrailin İrana qarşı hava əməliyyatlarına başlaması hər şeyi alt-üst edib. Öz ərazi sularından minlərlə kilometr uzaqda yerləşən və artıq açıq hədəfə çevrilən “IRIS Dena” gəmisi, geri dönüş səfərində Hindistan tərəfindən xəyanətə uğrayıb. İddia edilir ki, Hindistan hökuməti müttəfiqi ABŞ-la əlaqələrini gücləndirmək üçün gəminin bütün koordinatlarını və marşrutunu gizli şəkildə ABŞ Hərbi Dəniz Qüvvələrinə ötürüb.
Tahir TAĞIYEV