AZ

Ermənistan və ABŞ sülh məqsədli nüvə enerjisi sahəsində saziş imzalamağa hazırdır

BAKI, 11 mart. TELEQRAF

Ermənistan və ABŞ hökumətləri sülh məqsədli nüvə enerjisindən istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazır olduqlarını bəyan ediblər.

Teleqraf xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Tomas DiNanno ilə görüş keçirib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının müxtəlif istiqamətlər üzrə dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, Ararat Mirzoyan və Tomas DiNanno Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin sülh məqsədli istifadəsi sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqların başa çatmasını məmnunluqla qeyd ediblər. Tərəflər sənədi müvafiq formatda imzalamağa və bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.

Görüşdə regional infrastruktur layihələri də müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, fevralın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə brifinqdə iki ölkənin sülh məqsədli nüvə enerjisi sahəsində əməkdaşlıq üzrə saziş danışıqlarının başa çatması ilə bağlı birgə bəyanat imzaladığını açıqlamışdı. Paşinyan bunun ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olacağına ümid etdiyini bildirmişdi.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr