Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun PUA-lara qarşı mübarizədə əməkdaşlığı müzakirə etmək üçün Yaxın Şərqə yollandığını bəyan edib.
"Far.Az"un məlumatına görə, Ukrayna lideri bu barədə öz "Telegram" kanalındakı axşam müraciətində bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyəti konkret sazişlər hazırlayacaqlar.
"Bizim komandamız – hərbçilər və Rüstəm Umerov da daxil olmaqla – hazırda Fars körfəzi regionuna yollanır. Keçən il biz artıq ABŞ-yə dronlarla bağlı saziş təklif etmişdik. Bu, doğru yoldur: dronların istehsalı və istifadəsində bizimlə əməkdaşlıq etmək. İndi hamı görür ki, bu yanaşmanın alternativi yoxdur. Ukrayna zərbə dronlarına qarşı mübarizədə dünyada ən böyük təcrübəyə malikdir və bizim təcrübəmiz olmadan Fars körfəzi regionu, bütün Yaxın Şərq, eləcə də Avropa və ABŞ-dəki tərəfdaşlar üçün etibarlı müdafiə qurmaq çox çətin olacaq", - Zelenski vurğulayıb.
Ukrayna Prezidenti nümayəndə heyətinə kəşfiyyat, Müdafiə Nazirliyi, həmçinin Xarici İşlər Nazirliyinin əməkdaşlarının daxil olduğunu dəqiqləşdirib.
"Ukrayna etibarlı təhlükəsizlik tədarükçüsüdür və bu, təkcə bizim təhlükəsizlik sahəsindəki deyil, həm də iqtisadi sahədəki perspektivimizdir", - o əlavə edib.