
Bağdad beynəlxalq hava limanının yaxınlığında yerləşən və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən istifadə edilən hərbi baza bu gecə altıncı dəfə hücuma məruz qalıb.
AFN.az "Shafaq News" portalına istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı (PUA) bazaya yaxınlaşmağa cəhd etsə də, İraqın hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirilib. Əvvəlki beş hücumda olduğu kimi, bu insident zamanı da hər hansı itki və ya dağıntı qeydə alınmayıb.
Martın 10-u axşam saatlarında da Bağdaddan şimalda yerləşən Balad hərbi bazasına da PUA ilə zərbə endirilməsinə cəhd göstərilib, lakin İraq Silahlı Qüvvələri onu da vurub. Qeyd edək ki, bölgədəki bu növ hücumların məsuliyyətini adətən İraqda fəaliyyət göstərən İranpərəst şiə silahlı qruplaşmaları üzərinə götürür.
Hazırda Bağdad hava limanı və ətrafındakı hərbi obyektlərdə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Beynəlxalq koalisiya qüvvələri hər hansı yeni təhdidə qarşı monitorinqləri davam etdirir.