AZ

İran kəşfiyyatı İsrail və ABŞ üçün casusluqda şübhəli bilinən 40 nəfəri həbs edib

Tehran xüsusi xidmət orqanlarının son günlər “sionist-amerikan düşməninə” işlədiyi iddia edilən şəxslərə qarşı əməliyyat keçirdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkənin təhlükəsizlik və xüsusi xidmət orqanları İsrail və ABŞ ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərə qarşı geniş əməliyyat keçirib.

Nazirliyin açıqlamasına əsasən, ilkin mərhələdə 30 nəfər saxlanılıb. Onların İsrail və ABŞ kəşfiyyat strukturları ilə əlaqədə olmaqda, eləcə də müxtəlif casusluq fəaliyyətləri həyata keçirməkdə şübhəli bilindiyi bildirilib. Daha sonra aparılan əlavə əməliyyat tədbirləri nəticəsində daha 10 nəfər saxlanılıb və beləliklə ümumi saxlanılanların sayı 40 nəfərə çatıb.

Bu barədə məlumat İranın dövlət televiziya və radio şirkəti IRIB tərəfindən yayımlanıb. Rəsmi açıqlamada qeyd olunur ki, son günlər ölkənin xüsusi xidmət orqanları “sionist-amerikan düşməninə xidmət edən casuslar, onların köməkçiləri və əməliyyat agentlərini” müəyyən edərək saxlayıb.

Bununla yanaşı, saxlanılan şəxslərin kimliyi, onların hansı fəaliyyətlə məşğul olduqları və hansı bölgələrdə tutulduqları barədə ətraflı məlumat açıqlanmayıb. İran hakimiyyəti istintaqın davam etdiyini və əlavə məlumatların daha sonra açıqlana biləcəyini bildirib.

Son aylarda İran təhlükəsizlik qurumları ölkə daxilində xarici kəşfiyyat şəbəkələrinə qarşı əməliyyatların intensivləşdirildiyini açıqlayıb. Rəsmi Tehran xüsusilə İsrail və ABŞ kəşfiyyat orqanlarını ölkədə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərdə ittiham edir.

Poliqon.info

Seçilən
82
poliqon.info

1Mənbələr