
ABŞ müdafiə naziri Pit Heqsetin son bir ildə həyata keçirdiyi kütləvi ixtisarlar İranda qızlar məktəbinə endirilən zərbənin araşdırılması imkanlarını iflic edib.
AFN.az xəbər verir ki, belə bir iddia ilə öz mənbələrinə istinadən "Politico" qəzeti çıxış edib. Mənbələr bildirir ki, hərbi əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi üsullarının təhlili və tətbiqi ilə məşğul olan idarənin 200 nəfərlik ştatı 90% azaldılıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığında (CENTCOM) isə analoji strukturda çalışan 10 əməkdaşdan cəmi biri qalıb.
Nəşr qeyd edir ki, məhz bu orqanlar İranın Minab şəhərindəki məktəbin vurulması hadisəsini araşdırmalı idi. Fevralın 28-də baş vermiş həmin zərbə nəticəsində əksəriyyəti şagirdlər olmaqla 165 nəfərin həlak olduğu, 95 nəfərin isə yaralandığı bildirilir.
Prezident Donald Tramp martın 7-də hücumun İran tərəfindən törədildiyini iddia etsə də, buna dair heç bir sübut təqdim etməyib. Eyni zamanda, bir qrup demokrat senator zərbənin ABŞ qüvvələri tərəfindən endirilmiş ola biləcəyini əsas gətirərək Pentaqondan ciddi araşdırma tələb edib. Lakin kadr çatışmazlığı səbəbindən bu cür genişmiqyaslı insidentlərin obyektiv təhlili sual altına düşüb.