AZ

Ermənistan seçkilərə necə hazırlaşır?

Ermənistan növbəti seçki ilinə daxil olub. Cari il iyunun 7-də ölkədə növbəti parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Müşahidələr onu deməyə əsas veriri ki, hazırda həm iqtidar, həm də müxalifət düşərgəsində bütün qüvvələr qarşıdan gələn seçkilər üçün səfərbər edilib. Bunu seçkiqabağı dönəmdə İrəvanda və regionlarda artan gərginlikdən də görmək mümkündür. Ölkədə sağlam siyasi rəqabət mühiti yoxdur. Əksinə, seçkilərə qatılmaq istəyində olan qüvvələr - hakimiyyət təmsilçiləri, revanşistlər, sabiq liderlər, kilsə hər ötən gün qarşılıqlı ittihamları daha da kəskinləşdirirlər. Eyni zamanda, bəzi xarici güclərin də fəallıqlarını artırdıqları müşahidə edilir.  Beləliklə, Ermənistanda seçkiqabağı dönəmdə müşahidə edilən bəzi məqamlara diqqət yetirək.

Hakimiyyətin sülh və inkişaf platforması

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komanda Ermənistan rəhbərliyinə 2018-ci ildə “rəngli inqilab” dalğasında gəlib. Rəqibləri 2020-ci ildə İkinci Qarabağ müharibəsində Ermənistanın acınacaqlı məğlubiyyətini N.Paşinyanın əvəzlənməsi üçün əsl fürsət kimi dəyərləndirsələr də, bu, baş vermədi. Belə ki, 44 günlük müharibədən sonra keçirilən parlament seçkilərində də elektoratın böyük hissəsi məğlubiyyətə rəğmən, iqtidar komandasını dəstəklədi. Həmin seçkiləri əslində Ermənistan cəmiyyətinin nəbzini yoxlayan bir test kimi də dəyərləndirmək mümkündür. İlk baxışda məğlub iqtidarın seçkilərdə yenidən qalib gəlməsi absurd görünür. Ermənistanda baş verənlər isə onun təsdiqi idi ki, cəmiyyət artıq müharibədən yorulub, insanlar öz övladlarını mifik ideologiya naminə qurban vermək istəmirlər. N.Paşinyan müharibənin, gənc ermənilərin həyatlarını itirmələrinin, məğlubiyyətin bütün məsuliyyətini ölkənin ondan əvvəlki rəhbərlərinin üzərinə qoymağı məharətlə bacardı və buna görə də növbəti dəfə xalqdan dəstək qazandı.

Hakim komanda bu təcrübədən yaralanmaqla qarşıdan gələn seçkilərə də sülh və inkişaf platforması ilə gedir. Son günlərdə Baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan, XİN başçısı Ararat Mirzoyan, parlamentin vitse-spikeri Ruben Rubinyan kimi yüksək rütbəli məmurlar ard-arda açıqlamalar verərək sülhün, kommunikasiyaların açılmasının Ermənistana böyük dividentlər qazandıracağını bəyan edirlər. Bu, həqqiqətən belədir. Otuz il ərzində Ermənistan cəmiyyəti xaricdəki lobbinin, kilsənin “Böyük Ermənistan” mifinin girovluğunda qalıb. Qarabağın və ətraf rayonların işğalı sadə ermənilərin həyatında hansısa bir dönüş yaratmayıb.

Ötən il avqustun 8-də baş tutan Vaşinqton görüşündən sonra isə Ermənistan üçün yeni perspektivlər açılıb. Görüşdə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə əldə olunan mühüm razılaşmalar tamamilə fərqli reallıqlar yaradıb. İndi region heç vaxt olmadığı qədər sülhə yaxındır, TRIPP layihəsinin reallaşması ölkənin təcridinə son qoyacaq. Bütün bunlar seçkiqabağı dönəmdə iqtidar komandasının əlini gücləndirən mühüm amillərdir. N.Paşinyan və onun tərəfdarları sülhü təşviq etməklə seçiciləri inandırmağa çalışırlar ki, bundan sonra Ermənistanda real inkişaf üçün münbit zəmin təmin ediləcək və bunun qarantı hazırkı iqtidardır. Bu ritorikanın xalq tərəfindən artıq qəbul edildiyini keçirilən çoxsaylı sorğular, küçə reportajları da təsdiqləyir. Ermənistanın sadə vətəndaşları dərk edirlər ki, müharibə, revanşizm və qonşulara qarşı saxta iddialar ölkəyə və onun əhalisinə yaxşı heç nə vəd etmir. Bu səbəbdən də iqtidar komandasının təşviq etdiyi sülh siyasəti getdikcə daha çox populyarlıq qazanır.

Revanşistlərin yeni müharibə ritorikası

Bu gün Ermənistanda hakim komandaya rəqib kimi görünən revanşistlərin cəbhəsində müxalifətin müxtəlif qanadları təmsil olunurlar. Onlar müəyyən bir seçici auditoriyası qazanmaqdan ötrü iqtidarın siyasətini, o cümlədən də sülh posesi ilə bağlı əldə olunan razılaşmaları əyri güzgüdən təqdim etməyə çalışır və yeni müharibə ritorikasından çıxış edirlər. Bu baxımdan “Birlik qanadları” siyasi təşəbbüsünün rəhbəri, keçmiş ombudsman Arman Tatoyanın iddiaları xarakterikdir. Revanşistlərin cəbhəsinə keçən Tatoyan tez-tez ictimaiyyətdə çaşqınlıq yaratmaq üçün Azərbaycanın hərbi eskalasiyaya hazırlaşdığı haqda dezinformasiyalar yayır. Onun  martın 4-də baş tutan mətbuat konfransında ifadə etdiyi fikirlər buna nümunədir. Ermənistan sərhədindən bir neçə metr aralıda Azərbaycanın xüsusi sığınacaqlar tikdiyini bildirən A.Totoyan özüsayağı cəfəng nəticə çıxararaq deyib: “Onların gördüyü bu hazırlıqların hücum məqsədləri üçün də istifadə edilə biləcəyi göz qabağındadır. Onlar kəndlərimizi birbaşa nəzarət altında saxlayırlar”. Bu kimi fikirlərlə revanşistlər hakim komandanın sülh çağırışlarının əhəmiyyətini sıfırlamağa və cəmiyyəti yeni müharibə əhval-ruhiyyəsinə kökləməyə çalışırlar.

Hətta TRIPP layihəsi də hədəfə alınır. Sabiq prezident R.Köçəryan TRIPP-la bağlı suala cavabında deyib ki, bu, erməni-amerikan layihəsi olsa da, Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir. Köçəryanın sözlərinə görə, layihədə Ermənistanın maraqları nəzərə alınmır və ölkə layihədə tam tərəf kimi iştirak etmir, daha çox “yarıtərəf” roluna düşüb.

Aydın məsələdir ki, R. Köçəryan bu kimi açıqlamalarla bağlı olduğu mərkəzdən - Rusiyadan daha güclü dəstək qazanmaq istəyir. Bununla belə, Ermənistan cəmiyyətində anti-Rusiya ovqatının dərinləşməsi Moskvaya bağlı olan siyasətçilərin ümidlərinin perspektivi olmadığı reallığını ortaya qoyur.

Moskvadan dəstək gözləyən digər bir fiqur isə iş adamı S.Karapetyandır. Lakin onun komandasının da seçkilərdə uğur qazanma ehtimalı zəifdir. Buna səbəb də iqtidarın zamanında onunla bağlı önləyici  tədbirlər görməsi olub.  Qeyd edək ki, S.Karapetyan 2025-ci ilin iyun ayında həbs edilib. İş adamına qarşı “vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması” ittihamı ilə cinayət işi açılıb. 2025-ci il dekabr ayının sonlarında o, ev dustaqlığına buraxılıb.

Sülh danışıqlarına dair sənədlərin ictimailəşdirilməsi: Niyə məhz indi?

N.Paşinyan bir qədər bundan əvvəl keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı zamanında aparılan danışıqlara dair sənədləri yayacağı barədə vədinə əməl edərək onları ictimailəşdirdi. Məlum sənədlər keçmişdir və bugünkü proseslər üçün hansısa bir önəm daşımır. Aydın məsələdir ki, bu reallığı N.Paşinyanın özü də anlamamış deyil. Beləliklə, sual yaranır: Bəs Ermənistanın Baş naziri sənədlərin ictimailəşdirilməsinə niyə məhz indi lüzum görüb?

N.Paşinyanın  seçkiqabağı dönəmdə belə bir addım atması təsadüfi deyil. İndiki məqamda N.Paşinyan seçkilərə qatılmaq niyyətlərini gizlətməyən sabiqləri  hakimiyyəti üçün ən böyük təhlükələrdən biri kimi görür. 2018-ci illə müqayisədə cəmiyyətdə nüfuzunun əhəmiyyətli dərəcədə azaldığının fərqində olan N.Paşinyan bunu “köhnə qvardiya”nı nüfuzdan salmaqla kompensasiya etməyə çalışır. Zamanında Qarabağ kartından istifadə etməklə Ermənistanda uzun müddət hakimiyyətlərini qoruyan sabiqlər revanşı da məhz bu mövzudan “bəhrələnməklə” etmək istəyirlər. Onlar Baş naziri Qarabağı satmaqda, müharibəni uduzmaqda, Azərbaycan və Türkiyə ilə uyğun olmayan şərtlər əsasında razılaşmalara getməkdə ittiham edirlər. N.Paşinyan yaxşı anlayır ki, bu ittihamlar uzun müddət ərzində  “Böyük Ermənistan” xülyasının əsirliyində qalmış cəmiyyətin müəyyən kəsimlərini ondan üz döndərməyə sövq edə bilər. Baş nazir bu təhlükəni sovuşdurmağın ən optimal yolunu ictimai diqqəti sabiqlərin özlərinin iştirakı ilə aparılan danışıqlara çəkməkdə görüb.

Kilsənin zərərsizləşdirilməsi

Son vaxtlaradək Ermənistan cəmiyyətinə kilsə mifi hakim kəsilmişdi. İnsanlar kilsəyə “Allahın evi” inancı ilə yanaşaraq din xadimlərini də müqəddəs sanırdılar, onlardan gələn hər bir tövsiyə və tapşırığa tərəddüdsüz əməl etməyi özlərinə mənəvi borc sanırdılar. Ölkə xaricindəki və daxildəki bəzi qüvvələr də bundan sui-istifadə etməklə din xadimləri ilə çirkin işbirliyinə girərək, kilsədən hakimiyyətə qarşı təzyiq aləti kimi istifadə edirdilər. Beləliklə də, Ermənistan hakimiyyəti öz siyasətini böyük dərəcədə kilsənin yazılmamış qanunlarını, xüsusilə də baş keşişdən gələn mesajları nəzərə almaqla həyata keçirirdi.

Ancaq indi Ermənistanda kilsə və baş keşişlə bağlı vəziyyət tamam fərqlidir. Cəmiyyəti utopik ideyalardan, miflərdən xilas etməyə və real Ermənistan qurmağa  çalışan Baş nazir Nikol Paşinyan eyni vaxtda bir neçə qüvvəyə, o cümlədən də Apostol Kilsəsinin baş keşişinə qarşı, sözün əsl mənasında, savaş cəbhəsi açıb. Vəziyyəti dəyərləndirən erməni analitikləri irəli gedərək Baş nazirin II Qareginə qarşı açdığı savaşı onun 44 günlük müharibədə üzləşdiyi çətin vəziyyətdən daha ağır hesab edirlər ki, bu müqayisədə də həqiqət payı yox deyil.

N.Paşinyan katalikosa qarşı savaşda tədbirli davranır. Xatırlayaq ki, o, hücum planına baş keşişin qaranlıq keçmişi ilə bağlı indiyədək heç kəsin açıb-ağartmağa cürət etmədiyi faktları ictimailəşdirməklə start verdi. Təqdim olunan faktlardan aydın olur ki, II Qaregin kilsə andını pozub, onun hamıdan gizlətdiyi uşağı var. Beləliklə də, insanlarda baş keşişin müqəddəs olmasına inam sarsılıb. Təsadüfi deyildir ki, II Qareginin hakimiyyətə qarşı inqilab çağırışı səmərəsiz oldu və cəmiyyət onun çağırışını dəstəkləmədi. Bu, kilsənin tarixində görünməmiş bir haldır və o anlama gəlir ki, N.Paşinyanın atdığı ox hədəfə dəyib.

Ermənistanda Aİ-nin “hibrid sürətli reaksiya qrupu”nun yerləşdirilməsi gündəmdə

Biz yuxarıda Ermənistanda seçkilərə xarici güclərin mümkün müdaxilə ehtimalından bəhs etdik. Bu ehtimal nəzərə alınmaqla Avropa İttifaqı  parlament seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq məqsədilə Ermənistana yardım etməyə hazırlaşır. Bu çərçivədə ölkədə əvvəlcədən Kremlin dezinformasiyasına qarşı mübarizə aparacaq “hibrid sürətli reaksiya qrupu”nun yerləşdirilməsi gündəmdədir.

Bu məsələnin gündəmə gəlməsi təsadüfi deyil.  Daha dəqiq desək, müvafiq təşəbbüslə Ermənistan hakimiyyəti çıxış edib. Belə ki, xarici işlər naziri Ararat Mirzoyan fevral ayında Brüsselə məktub ünvanlayaraq İrəvana sürətli reaksiya qrupunun göndərilməsini xahiş edib.

Aİ ötən il parlament seçkiləri zamanı Moldovada hakimiyyətə qarşı sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınması istiqamətində dəstək vermək üçün təxminən 20 nəfərlik oxşar qrupu Kişineuya göndərmişdi. Həm Brüssel, həm də Kişineu bu layihəni uğurlu hesab edib və Avropa İttifaqı indi eyni mexanizmi Ermənistan üçün də tətbiq etməyə hazırlaşır. Aİ-dən bildirilib ki,  qurum “2026-cı ilin iyun seçkiləri ərəfəsində, eləcə də Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesi zamanı Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün möhkəmləndirilməsinə dəstək göstərmək” niyyətindədir.

Mübariz FEYİZLİ

Seçilən
76
yeniazerbaycan.com

1Mənbələr