ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev İran istehsalı “Şahed” tipli pilotsuz uçuş aparatlarına qarşı mübarizə təcrübəsini bölüşmək üçün Yaxın Şərqə xüsusi mütəxəssislər göndərib.
“AzPolitika” xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, Kiyev bu sahədə region ölkələri ilə texnologiya mübadiləsində maraqlıdır. Zelenski qeyd edib ki, Ukrayna özünün dron-ələkeçirici texnologiyalarını Körfəz ölkələri ilə paylaşa bilər. Bunun qarşılığında isə həmin dövlətlərdən hava hücumundan müdafiə sistemləri üçün raketlər almaq istəyir.
Söhbət xüsusilə ABŞ istehsalı olan “Patriot” kompleksləri üçün raketlərdən gedir. Bundan əvvəl “Financial Times” qəzeti yazmışdı ki, ABŞ və Körfəz bölgəsindəki bəzi ölkələr Ukraynanın hazırladığı dron-ələkeçiricilərin alınması ilə maraqlanır.
Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “Nastoyaşeye Vremya” telekanalına müsahibəsində bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr qlobal qarşıdurmanın bir hissəsi kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, İran və Rusiya arasında sıx əlaqə mövcuddur və Moskva regiondakı proseslərlə birbaşa bağlıdır.
Podolyak qeyd edib ki, İranın hərbi sənayesi, xüsusilə də dron istehsalı Ukraynaya qarşı müharibədə mühüm rol oynayır. Onun sözlərinə görə, İranın istehsal etdiyi “Şahed” dronları Rusiya tərəfindən modernləşdirilərək “Geran” adı ilə Ukraynaya qarşı istifadə olunur.
Prezident Ofisinin müşaviri bildirib ki, uzaqmənzilli dronları zenit raketləri ilə vurmaq iqtisadi baxımdan səmərəsizdir.
Onun sözlərinə görə, Yaxın Şərqdə müharibənin ilk həftəsində hava hücumundan müdafiə sistemləri üçün təxminən 800 raket istifadə olunub. Bu isə baha və qeyri-effektiv üsul hesab olunur.
Podolyak vurğulayıb ki, bu raketlər əsasən ballistik və qanadlı raketlərə qarşı daha effektivdir. Lakin kütləvi şəkildə istifadə olunan dronlara qarşı başqa texnologiyaların tətbiqi daha məqsədəuyğundur.
Podolyak hesab edir ki, İran rejiminin zəifləməsi Rusiyanın qlobal təsirini də zəiflədə bilər.Onun sözlərinə görə, Ukraynadakı müharibə artıq Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurub və İran faktorunun aradan qalxması Moskvanın mövqelərini daha da zəiflədə bilər.
Müsahibədə Ukrayna ilə Macarıstan arasında yaranmış qalmaqala da toxunulub.
Belə ki, Macarıstanda saxlanılan yeddi ukraynalı inkassator sonradan sərbəst buraxılsa da, onların daşıdığı böyük məbləğdə pul və qızıl geri qaytarılmayıb. Söhbət təxminən 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıldan gedir.
Podolyak bu hadisəni ciddi problem adlandırsa da, emosional bəyanatlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, vəziyyət qismən Macarıstanda yaxınlaşan parlament seçkiləri ilə bağlıdır.
Macarıstanın baş naziri Viktor Orbán və hakim Fidesz partiyasının seçkilər öncəsi anti-Brüssel və anti-Ukrayna ritorikasından istifadə etməyə çalışdığı qeyd olunur.
Podolyak həmçinin Ukrayna ilə Rusiya arasında sülh danışıqları barədə də danışıb. Onun sözlərinə görə, danışıqların təşkili əsasən ABŞ tərəfindən koordinasiya olunur və görüşlərin harada və nə vaxt keçiriləcəyini vasitəçi kimi Vaşinqton müəyyən edir.
Müşavir bildirib ki, hazırda Yaxın Şərqdəki gərginlik səbəbindən danışıqların logistikasında müəyyən çətinliklər yaranıb. Buna baxmayaraq, yaxın vaxtlarda prosesin yenidən davam etdiriləcəyi gözlənilir.
Podolyak əlavə edib ki, Ukrayna Yaxın Şərqdə ABŞ hərbi bazalarının və amerikalı hərbçilərin təhlükəsizliyində də maraqlıdır və bu istiqamətdə dəstək verməyə hazırdır.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.