Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Kaylin Robertsona verdiyi geniş müsahibədə qlobal təhlükəsizlik arxitekturasının çökdüyünü və dünyanın Üçüncü Dünya müharibəsi astanasında olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Zelenski Rusiya və İran arasındakı hərbi əməkdaşlığın artıq yeni, daha təhlükəli mərhələyə qədəm qoyduğunu və Moskvanın Tehrana dəstək üçün canlı qüvvə göndərə biləcəyini vurğulayıb.
Zelenski bildirib ki, Şimali Koreyanın Rusiyaya 10 min əsgər göndərməsi presedent yaradıb. İndi isə Rusiya eyni addımı İran üçün ata bilər: "Rusiya əvvəl dronlarla başladı, sonra raketlərlə dəstək verəcəyi dəqiqdir, hazırda isə 100% hava hücumundan müdafiə sistemləri ilə kömək edir. Növbəti sual budur: İlk hansı ölkə qoşun göndərməyə cəsarət edəcək? Rusiya İrana qoşun göndərə bilər".
Zelenski Donald Trampı Üçüncü Dünya müharibəsi təhlükəsi barədə şəxsən məlumatlandırdığını, lakin onun və komandasının bu təhlükəni düzgün qiymətləndirməyə qadir olduqlarına əmin olmadığını deyib: "Mən Trampa dedim ki, bizi böyük müharibə gözləyir, amma o məni eşitmədi".
Dövlət başçısı Ukraynanın əlində əvvəllər nümayiş etdirilməyən yeni hərbi və sənaye "kartlarının" olduğunu və bunun yaxın gələcəkdə cəbhədə nəticə verəcəyini qeyd edib.
Zelenskiyə görə, Yaxın Şərq ölkələri artıq raket və dron hücumları vasitəsilə Ukraynanın çəkdiyi ağrıları anlamağa başlayıblar. O xəbərdarlıq edib ki, əgər Qərb Rusiyanı vaxtında dayandırmadığı kimi, indiki münaqişəni də dayandırmasa, Yaxın Şərqdəki müharibə çox uzun sürəcək.
Ukrayna lideri Qərb ölkələrinin yeni texnoloji təhdidlərə və aqressorların ittifaqına qarşı texniki cəhətdən kifayət qədər hazır olmadığını, sürətli hərəkət edilməyəcəyi təqdirdə Putin tərəfindən məhv ediləcəklərini bildirib.
Musavat.com