AZ

Göydən gələn ölümcül təhlükə: NATO taktikanı dəyişir

Şimal qütb dairəsindən 240 kilometrdən çox şimalda NATO artilleriya bölmələri müasir döyüş meydanlarına hazırlaşır. Bu döyüş meydanlarında pilotsuz uçuş aparatlarının (PUA) geniş yayılması səbəbindən hərəkət etmək artıq həmişə düzgün qərar sayılmır...

Poliqon xəbər verir ki, bu barədə Business Insider yazır.

Uzun illər artilleriya üçün ən yaxşı müdafiə sürətli hərəkət etmək idi. Lakin indi fasiləsiz hava müşahidəsi və ucuz kamikadze dronlar şəraitində artilleriyaçılar yenidən öyrənirlər ki, nə vaxt atəş açıb dərhal mövqeni dəyişmək, nə vaxt isə möhkəmlənib gizlənmək lazımdır.

Norveç artilleriya batalyonunun əməliyyat zabiti mayor Kay-Arne Şyetne bildirib: "Kəşfiyyat və zərbə dronları indi əvvəlkindən daha geniş yayılıb. Buna görə də biz maskalanmaya daha çox diqqət yetirməyə başlamışıq"

Arktikada NATO təlimləri

Şyetnenin bölməsi Cold Response 26 adlı hərbi təlimlərdə iştirak edib. Bu təlimlər Norveçdə keçirilir və NATO qüvvələrini Arktikada döyüş əməliyyatlarına hazırlamaq məqsədi daşıyır.

Təlimlərdə:

* Britaniya komandosları
* ABŞ dəniz piyadaları
* Norveç artilleriya bölmələri birgə fəaliyyət göstərib.

Son illərdə Arktika regionu NATO üçün strateji əhəmiyyət kəsb etməyə başlayıb. Alyans rəsmiləri Rusiyanın və Çinin bu bölgədə artan fəallığından narahat olduqlarını bildirirlər.

Bu səbəbdən NATO Arctic Sentry (Arktika keşikçisi) adlı yeni çəkindirmə əməliyyatını elan edib və regiondakı hərbi təlimləri genişləndirib.

Daimi mobililik dövrü bitir

Təlimlər zamanı norveçli artilleriyaçılar qarla örtülü mövqelərdən Cənubi Koreya istehsalı olan K9 Thunder özüyeriyən haubitsasının modifikasiya edilmiş versiyası ilə atəş açıblar. Bu silah 155 millimetrlik mərmilər istifadə edir.

Paletli artilleriya uzun müddət yüksək mobilik üçün yaradılmış texnika hesab olunurdu. Lakin Ukraynadakı müharibə göstərdi ki, hərəkət etmək bəzən daha təhlükəli ola bilər.

Mayor Şyetne deyir: "Ukraynadakı vəziyyət göstərir ki, hərəkət etsəniz, sizi dron və ya digər sensorlar aşkar edəcək və məhv edəcəklər. Hətta özüyeriyən artilleriya belə indi tez-tez statik, torpağa qazılmış mövqelərdə qalır".

Ukrayna müharibəsinin dərsləri

Ukraynadakı döyüş meydanında dronların çoxluğu tərəflərə bir-birini demək olar ki, fasiləsiz izləməyə imkan verir. Ukrayna rəsmilərinin sözlərinə görə, rus hədəflərinə endirilən zərbələrin təxminən 80%-i dronların payına düşür. Bu səbəbdən hərəkət etmək xüsusilə təhlükəlidir. Açıq yollar və sahələr paletli texnikanı dron hücumlarına qarşı çox həssas edir.

Optik lif kabeli ilə idarə olunan dronların yayılması və uçuş məsafəsinin artması təhlükəni daha da artırıb. Müharibə zamanı yüzlərlə özüyeriyən haubitsanın məhv edildiyi bildirilir.

"Sağ qalma soğanı" strategiyası

Britaniya ordusunun 29-cu komando artilleriya alayının batareya komandiri mayor Robin MakArtur bildirib ki, Ukrayna müharibəsindən çıxarılan əsas dərslərdən biri sağ qalma qabiliyyətidir.

Onun sözlərinə görə əsas prinsiplər bunlardır:

* maskalanma
* sığınacaq
* aldatma
* qüvvələrin yayılması

MakArtur əlavə edib ki, bölmələr mövqelərini havadan tam görünməz etmək üçün hərbi mühəndislərlə birlikdə çalışırlar.

Bundan başqa, texnikanın elektron və istilik izlərini azaltmaq da vacibdir. Çünki dronlar istilik siqnallarını aşkar edə bilir.

Hətta radio rabitəsi belə mövqeni ifşa edə bilər.

MakArtur bunu belə izah edir: "Biz buna "sağ qalma soğanı" deyirik. Birinci qat – görünməmək. İkinci qat – tanınmamaq. Üçüncü qat – üzərimizə atəş açılmaması. Əgər atəş açılsa belə, məhv edilməmək".

HIMARS üçün də yeni taktika

Təlimlərdə ABŞ dəniz piyadalarının idarə etdiyi M142 HIMARS yüksək mobil raket sistemləri də iştirak edib. ABŞ dəniz piyadalarının HIMARS bölüyünün komandiri baş leytenant Lendon Foster bildirib ki, dronların yayılması onların taktikasına da təsir edir: "Dronlar daim bizim fikrimizdədir və mövqelərimizi necə maskaladığımıza ciddi təsir göstərir"

Bəzi bölmələr möhkəmlənmiş mövqelərdə qalmağı seçsə də, digərləri dronların istilik siqnallarını aşkar etməsi səbəbindən daha çox hərəkət etməyə məcbur qala bilər.

NATO üçün Ukraynadan digər dərslər

Analitiklərin fikrincə, NATO hələ də Ukrayna müharibəsindən çıxarılan dərsləri tam mənimsəməyib. Məsələn, Estoniyada keçirilən bir təlim zamanı NATO qüvvələri maskalanmadan düşərgə qurub və texnika yerləşdirib.

Təlimdə "rəqib tərəfi" oynayan iştirakçılardan biri bildirib: "NATO döyüş qrupu sadəcə maskalanmadan hərəkət edirdi. Nəticədə hamısı məhv edildi".

Təlimlərdə iştirak edən ukraynalı mütəxəssislər isə "Delta" döyüş idarəetmə sistemi vasitəsilə hədəflərin tez aşkar olunması və zərbə zəncirinin yaradılması prosesini nümayiş etdiriblər.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr