Şotlandiya premyer-liqasında böyük sensasiya yetişir. 28 turdan sonra turnir cədvəlinə “Reyncers” və ya “Seltik” yox, “Harts” başçılıq edir. Edinburq komandası uzun seriyanı qırmağa çalışır – 1960-cı ildən bəri ilk dəfə Şotlandiya paytaxtından olan klub çempion ola bilər.
Bəs Avropanın başqa hansı ölkələrində paytaxtın “qızıl” həsrəti belə uzun çəkib?
"Football-plus.az" 10 ildən artıq müddətdə paytaxtı çempionluğa həsrət qalan ölkələrin siyahısını təqdim edirik.
Avstriya – 13 il
Paytaxtdan olan son çempion: “Austriya” (2012/13)
Bu müddətdə çempion olan komandalar: “Zaltsburq”, “Şturm”
Vyananın “Rapid” və “Austiya” klubları çempionluq sayına görə (uyğun olaraq, 32 və 24) başqalarını böyük fərqlə arxada qoyur. Ancaq 2000-ci illərin ortalarından vəziyyət kəskin dəyişib: 2005-ci ildə “Red Bull” konserni Zaltsburq “Austriya”sını alıb, ona öz adını verib və çoxlu pul yatırıb. Bu isə radikal dəyişikliyə və “yenidən doğulan” klubun hegemonluğuna səbəb olub: “Zaltsburq” 2013/14 mövsümündən bəri ardıcıl 10 çempionluq qazanıb. Düzdü, son iki mövsümdə titulu Qrats “Şturm”u ələ keçirib.
Bu mövsüm Avstriyada titul uğrunda qeyri-adi mübarizə gedir. Müxtəlif şəhərləri təmsil edən 4 klub – “Şturm”, “Zaltsburq”, Lints LASK-ı, həmçinin “qızıl”ı Vyanaya qaytarmağa çalışan “Austriya” 1-ci olmaq istəyir.
Andorra – 13 il
Paytaxtdan olan son çempion: “Luzitanos” (2012/13)
Bu müddətdə çempion olan komandalar: “Santa-Koloma”, “İnter” (Eskaldes), “Atletik” (Eskaldes), “UE Santa-Koloma”
Andorra Avropanın ən kiçik dövlətlərindən biridi. Ancaq orda da fərqli yaşayış məntəqələri var. Paytaxt Andorra-la-Velya isə futbol rayonu deyil. Son 13 ildə yerli çempionatda yalnız Santa-Koloma kəndindən və ya Eskaldes icmasından olan komandalar qalib gəlib. Onlar Andorra-la-Velya şəhərinə yaxın olsalar da, formal cəhətdən şəhərin hissəsi sayılmırlar. Ümumiyyətlə, hazırda güclülər dəstəsində paytaxtın bir təmsilçisi var ki, o da autsayder “Karroy”du.
Əslində ölkənin ən güclü komandası paytaxtı təmsil edir, sadəcə, başqa ölkənin çempionatında oynayır. Söhbət 2018-ci ildən “Barselona”nın sabiq müdafiəçisi Pikenin sahibi olduğu “Andorra”dan gedir. Hazırda bu komanda İspaniyanı 2-ci liqasında çıxış edir, autsayderlər sırasındadı.
Moldova – 15 il
Paytaxtdan olan son çempion: “Daçiya” (2010/11)
Bu müddətdə çempion olan komandalar: “Şerif”, “Milsami” “Petrokub”
Moldova müstəqillik qazanandan sonra uzun müddət yalnız Kişinyov komandaları – “Zimbru” və “Konstruktorul” çempion olub. Ancaq 21-ci əsrin əvvəlində “Şerif” erası başlayıb: Tiraspol klubu son 24 çempionatın 20-də qalib gəlib.
“Daçiya” 2010/11 mövsümündə “Şerif”in hegemonluğuna son qoysa da, həmin vaxtdan bəri Kişinyov yenə də “qızıl”a həsrətdi. Son iki mövsümdə Moldovada gözlənilməz çempionlar peyda olub – Orxeydən olan “Milsami” və Xınçeştıdan olan “Petrokub”. “Zimbru” bu mövsüm titulu paytaxta qaytara bilər, ancaq hələ ki lider “Petrokub”dan 4 xal geri qalır.
Bolqarıstan – 17 il
Paytaxtdan olan son çempion: “Levski” (2008/09)
Bu müddətdə çempion olan komandalar: “Liteks”, “Ludoqorets”
2000-ci illərin sonuna qədər Bolqarıstanda yalnız Sofiya komandaları – ÇSKA, “Levski”, “Slaviya”, “Lokomotiv” dominantlıq edirdi. İlk iki komanda hələ də çempionluq sayında (uyğun olaraq, 31 və 26) böyük fərqlə irəlidədi. Ancaq 3-cü yerdə bütün 14 titulu son 14 ildə qazanan Razqrad “Ludoqorets”i qərarlaşıb. Bu klubun tarixi bir çox cəhətlərinə görə “Zaltsburq”la oxşardı. 2010-cu ildə “Ludoqorets”i nəhəng investor, yerli biznesmen Kiril Domusçiyev alıb və həmin vaxtdan bəri bu klubun hegemonluğu başlayıb. Çox güman, bu yaz titul Sofiyaya qayıdacaq – “Levski” hazırda elə həmin “Ludoqorets”dən 12 xal irəlidədi.
İsrail – 18 il
Paytaxtdan olan son çempion: “Beytar” (2007/08)
Bu müddətdə çempion olan komandalar: “Makkabi” (Hayfa), “Hapoel” (Təl-Əviv), “İroni” (Kiryat-Şmona), “Makkabi” (Təl-Əviv), “Hapoel” (Beer-Şeva)
İsraildə son illərdə iki “Makkabi” – Hayfa və Təl-Əviv təmsilçiləri dominantlıq edir. 2010-cu illərdə Beer-Şeva və Kiryat-Şmona klubları da çempionluq qazanıb. Paytaxt Yerusəlimdə (Qüds) də futbol var, ancaq yerli nəhəng “Beytar” 20 ilə yaxındı çempion ola bilmir, hərçənd cari mövsümdə 2-ci yerdədi. Paytaxtın digər təmsilçisi “Hapoel” isə elitada qalmaq uğrunda mübarizə aparır.
Norveç – 21 il
Paytaxtdan olan son çempion: “Volerenqa” (2005)
Bu müddətdə çempion olan komandalar: “Rusenborq”, “Brann”, “Stabek”, “Molde”, “Stremsqodset”, “Bude/Qlimt”, “Vikinq”
1990-cı illərdə Norveçdə “Rusenborq” dominantlıq edirdi, ancaq 2005-ci ildə paytaxt təmsilçisi “Volerenqa” tronheymlilərin ardıcl 13 titulluq seriyasına son qoydu. Həmin vaxtda bəri 7 fərqli klub çempion olub, ancaq heç biri Oslonu təmsil etməyib. Paytaxt klubları bütün bu müddət ərzində qənimətə heç yaxın da düşməyib. Məsələn, “Volerenqa” 2024 mövsümünü, ümumiyyətlə, 2-ci divizionda keçirdi, amma tez qayıtdı. Bu komanda ötən il 6-cı, Oslonun digər təmsilçisi KFUM isə 12-ci yeri tutdu.
İtaliya – 25 il
Paytaxtdan olan son çempion: “Roma” (2000/01)
Bu müddətdə çempion olan komandalar: “Yuventus”, “Milan”, “İnter”, “Napoli”
Əsrlərin ayrıcında skudetto Romanı tərk etmədi: 2000-də “Latsio”, bir il sonra “Roma” çempion oldu. Ancaq ardından “qartallar” ortababa çevrildi, “canavarlar” isə “gümüş xəstəliyinə tutuldu”: 2000-lərdə onlar 6-cı dəfə 2-ci yeri tutdu.
İndi vəziyyətin düzəldiyini demək olmaz. Əksinə, İtaliyada rəqabət önəmli dərəcədə artıb. Maradonanın dönəmindən bəri çempion ola bilməyən “Napoli” 2023-də skudettonu qazandı, nəhənglər sırasına döndü. “Latsio” bu mövsüm heç Konfrans Liqasına vəriqə uğrunda mübarizə aparmır, “Roma” isə ilk “4-lük”də qalmağa çalışır. Artıq aydındı ki, paytaxtın titul həsrəti 25 ili ötəcək.
Lüksemburq – 32 il
Paytaxtdan olan son çempion: “Avenir Beggen” (1993/94)
Bu müddətdə çempion olan komandalar: “Jöness”, “Fola”, “Düdelanj”, “Qrevenmaher”, “Svift”, “Differdanj”
Avropanın daha bir kiçik ölkəsində paytaxt futbolda aparıcı mövqedə deyil. Ölkənin adını daşıyan paytaxtda “qızıl”ı artıq 32 ildi görmürlər. Hərçənd 3 il əvvəl titul paytaxtın sərhədinə qədər gəlmişdi: onda paytaxt ətrafında yerləşən Esperanj kommunasını təmsil edən “Sfivt” çempion oldu. Qara seriya yenə uzanacaq. Güclülər dəstəsində yarışan 16 klubdan yalnız biri – “Rasinq Yunion” paytaxtı təmsil edir ki, o da ortababdı.
Şotlandiya – 66 il
Paytaxtdan olan son çempion: “Harts” (1959/60)
Bu müddətdə çempion olan komandalar: “Seltik”, “Reyncers”, “Dandi”, “Dandi Yunayted”, “Kilmarnok”, “Aberdin”
Şotlandiyalı futbol azarkeşləri üçün yalnız bir şəhər var – Qlazqo. 1985/86 mövsümündən bəri yalnız yerli “Seltik” və “Reyncers” çempionluq savaşı aparır. 1980-ci illərin əvvəlində daha 4 komanda “qızıl” götürüb. Ancaq bunların heç biri Edinburqu təmsil etmir.
Paytaxtda nə vaxtsa çempion olan iki məşhur klub var: “Hibernian” və “Harts”. Onlar müntəzəm 3-cü yeri tutsalar da, Qlazqo nəhənglərinə “əlcək ata bilmirlər”. Düzdü, bu mövsüm sensasiya tam realdı: artıq yaz gəlib, yerli premyer-liqada isə “Harts” liderlik edir.
Almaniya – 95 il
Paytaxtdan olan son çempion: “Herta” (1931)
Bu müddətdə çempion olan komandalar: “Bavariya”, “Fortuna” (D), “Şalke-04”, “Nürnberq”, “Hannover-96”, “Rapid” (Vyana), “Drezdner”, “Manheym”, “Ştutqart”, “Kayzerslautern”, “Rot-Vayss” (Essen), “Borussiya” (D), “Ayntraxt” (Frankfurt), “Hamburq”, “Köln”, “Verder”, “Münhen 1860”, “Ayntraxt” (B), “Borussiya” (M), “Volfsburq”, “Bayer-04”
Tezliklə Berlin acı yubileyi qeyd edəcək – Almaniya paytaxtından olan komanda sonuncu dəfə 1931-ci ildə, bundesliqanın yaranmasından təxminən 30 il əvvəl çempionluq qazanıb. Həmin vaxtdan bəri AFR-də titulu 21 komanda, o sıradan 1941-ci ildə Vyana “Rapid”i də qazanıb (Almaniya onda Avstriyanı işğal etmişdi). Onu da vurğulayaq ki, ADR dönəmində Berlin təmsilçisi çempion olub – yerli “Dinamo” 10 titul qazanıb. Ancaq daha bu adda dövlət yoxdu. Xatırladaq ki, 1949-90 aralığında AFR-in paytaxtı Bonn olub, ancaq bu şəhərin komandaları da çempion olmayıb.
“Herta” indi 2-ci bundesliqada çıxış edir, “Union” isə 1-ci bundesliqanın ortababıdı. Belə görünür ki, yaxın gələcəkdə Berlinin hansısa komandası çempion ola bilməyəcək.
Uels – heç vaxt
Çempion olan komandalar: “Kumbran Taun”, “Banqor Siti”, “Barri Taun”, “Ril”, “Llanelli”, “Nyu-Seynts”, “”Konnas-Ki Nomads”
Uels çempionatı yalnız 1992-də yaranıb. Hər halda, 34 il ərzində paytaxt Kardiffin heç bir komandası çempion ola bilməyib. Müxtəlif şəhərləri təmil edən 7 klub çempionluğa sevinib.
Andorrada olduğu kimi, burda da yerli nəhəng qonşu çempionatda oynayır. “Kardiff Siti” bu müddətdə ən azı bir titul götürərdi, ancaq İngiltərədə çıxış etməyi seçib. Uelslilər 2010-cu illərdə hətta iki dəfə premyer-liqaya vəsiqə qazanıb, ancaq dərhal da buranı tərk ediblər. Onlar ötən mövsüm çempionşipdən də düşüb.
Türkiyə - heç vaxt
Çempion olan komandalar: “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “İstanbul BB”, “Trabzonsrpor”, “Bursaspor”
Bir əsrdən artıqdı Türkiyənin paytaxtı olan Ankara futbol baxımından “axsayır”. Bu şəhərin əsas komandalarından “Gənclərbirliyi” 4 il aşağı dəstədə çıxış edəndən sonra yarım il əvvəl elitaya qayıtdı. “Keçiörəngücü” 2-ci liqanın ortababıdı, “Ankaragücü” Türliyədə “komanda-lift” imicinə malikdi, hazırda 3-cü liqada oynayır. Ümumiyyətlə, Ankaranın hansısa təmsilçisinin yaxın gələcəkdə ölkə çempionu olacağı inandırıcı görünmür.
...Və Azərbaycan haqda. “Neftçi” 2021-də çempion olandan bəri Bakı titula həsrətdi. Müstəqillik dönəmində paytaxt klublarından “Bakı” və “İnter” də çempionluğa sevinib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta