AZ

İran DƏHŞƏTLİ RAKETİ işə saldı – Nüvə silahına…

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə gərginliyin artmasından sonra İsrailə qarşı indiyədək ən güclü hücumlardan birini həyata keçirdiyini açıqlayıb. İran tərəfinin yaydığı məlumata görə, hücum zamanı yeni nəsil Xorremşəhr ballistik raketindən istifadə olunub.

NOCOMMENT.az xəbər verir ki, İranın Press TV telekanalının məlumatına görə, təxminən 2 tonluq döyüş başlığı daşıya bilən bu raketlər Təl-Əviv və Hayfa şəhərlərində yerləşən hədəflərə yönəldilib. Hücum nəticəsində Təl-Əvivin bəzi rayonlarında elektrik enerjisinin qismən kəsildiyi bildirilir. Bununla yanaşı, iranlı pilotsuz uçuş aparatlarının Bağdadda yerləşən ABŞ-nin diplomatik dəstək mərkəzinə hücum etdiyi də iddia olunur. The Washington Post yazır ki, həmin mərkəz İraq hərbi bazalarının və Bağdad beynəlxalq hava limanının yaxınlığında yerləşir.

Məlumatlara görə, regionun digər ölkələrində də gərginlik artmaqdadır. Səudiyyə Ərəbistanının Şayba neft yatağında güclü partlayış baş verdiyi, İordaniya və Qətər ərazilərində raket zərbələrinin qeydə alındığı bildirilir. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına hücumların davam etdiyi qeyd olunur. Bundan başqa, ABŞ-ın Küveytdə yerləşən “Ərifcan” hərbi bazasına doğru iki raketin buraxıldığı iddia edilir.

Siyasi şərhçi Heydər Oğuz NOCOMMENT.az-a açıqlamasında bildirib ki, İranın “Xorremşəhr” kimi ağır döyüş başlıqlı raketlərdən istifadə etməsi müharibənin yeni mərhələyə keçdiyini göstərir.

Onun sözlərinə görə, bu tip raketlərin istifadəsi təkcə İsrail üçün deyil, regionun digər ölkələri üçün də potensial təhlükə yaradır:

“Bu raketlər yüksək dağıdıcı gücə malikdir və onların uçuş məsafəsi bir sıra Yaxın Şərq ölkələrini də əhatə edə bilir. Əgər İran bu arsenalı geniş şəkildə istifadə etməyə başlasa, bu, münaqişənin coğrafiyasını daha da genişləndirə bilər”.

Ekspert hesab edir ki, İranın ən güclü raketlərini işə salması psixoloji və siyasi mesaj xarakteri də daşıyır:

“Tehran bu addımla həm İsrailə, həm də regionda yerləşən ABŞ hərbi obyektlərinə ciddi xəbərdarlıq göndərir. Belə silahların tətbiqi müharibənin intensivliyini artırır və tərəflər arasında eskalasiyanı sürətləndirə bilər.

Əgər qarşı tərəf də buna oxşar gücdə cavab versə, regionda daha genişmiqyaslı hərbi qarşıdurma riski yarana bilər. Hazırkı mərhələdə əsas sual İranın bu raket arsenalından hansı miqyasda istifadə edəcəyidir. Əgər Tehran bu cür hücumları davam etdirərsə, münaqişə təkcə iki ölkə arasında qalmaz və Yaxın Şərqin bir neçə dövlətini birbaşa və ya dolayı şəkildə prosesə cəlb edə bilər. Bu isə regionda təhlükəsizlik balansının ciddi şəkildə dəyişməsinə səbəb ola bilər”.

Tunar
NOCOMMENT.az

Seçilən
105
37
nocomment.az

10Mənbələr