Ankara, 11 mart, AZƏRTAC
Türkiyə xarici işlər və müdafiə nazirlərinin Böyük Millət Məclisinin (TBMM) xüsusi qapalı iclasında çıxışlarının stenoqrafiyası on il sonra yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, Hakan Fidan və Yaşar Güler TBMM-də İranla bağlı yarımsaatlıq məruzələrlə çıxış ediblər, daha sonra isə parlament üzvlərinin, o cümlədən ölkənin cənubu üzərində İranın ballistik raketlərinin ələ keçirilməsi ilə bağlı suallarını cavablandırıblar.
İranla bağlı parlament müzakirəsi ən azı dörd saat davam edib və yekun açıqlama verilməyib.
Media TBMM sədri Numan Kurtulmuşun qapalı iclasdan əvvəl bölgədəki hadisələrin “müvəqqəti fenomen” hesab edilə bilməyəcəyini bildirməsinə xüsusi diqqət yetirib. “Beynəlxalq sistem parçalanma dövrünə qədəm qoyub. İranla bağlı münaqişənin daha genişmiqyaslı fəlakətə çevrilməsinin qarşısını almaq bütün tərəflərin məsuliyyətidir”, - deyə N. Kurtulmuş vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan martın 10-da İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığında bildirib ki, İranın bölgədəki qardaş ölkələrə hücumları heç kimin maraqlarına uyğun deyil və bitməlidir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara