AZ

Külli miqdarda narkotiklə tutulan Xədicə Ağayeva necə sərbəst qaldı? DTX nın “XƏDİCƏ AĞAYEVA ƏMƏLİYYATI”NIN PƏRDƏARXASI

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Martın 6-da Dövlət Təhlükəsizliyi xidməti (DTX) Azərbaycanda bəzi strateji dövlət obyektlərini partlatmaq istəyən bir qrup şəxsin ələ keçirildiyi haqda məlumat yaydı. Qurumun rəsmi bəyanatından aydın oldu ki, sözügedən şəxslər İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH-ın təlimatları əsasında hərəkət ediblər. Aralarında Azərbaycan vətəndaşları da olan terrorçular cəmiyyətdə vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi ilə Bakı-Tbilisi-Cehyan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yahudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqunu hədəfə alıblarmış. Hansı ki, əməliyyat nəticəsində onlardan 3 ədəd partlayıcı qurğu aşkar olunub.

DTX-nın məlumatına əsasən, həmin partlayıcı qurğulardan biri Qaradağ rayonunda yerləşən Gəmiqayırma Zavodu yaxınlığında aşkar edilib. SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafez Tavassoli Azərbaycan vətəndaşı Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradaraq, həmin partlayıcını 2 gün özündə saxlamasını istəyib. Əməliyyat tədbirlərilə, digərləri ilə yanaşı, Xədicə Ağayeva da saxlanılıb və ölkəmizdə planlaşdırılan dəhşətli terror aktının qarşısı alınıb.

Məlumat üçün bildirək ki, Ağayeva Xədicə Zakir qızının adının terrorçular siyahısında çəkilməsi haqlı olaraq çoxsaylı suallar doğurur. Belə ki, aparılan araşdırma nəticəsində Xədicə Ağayevanın 2024-cü ilin oktyabr ayında Nəsimi rayon polis əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat nəticəsində, digər iki tanışı ilə birgə, külli miqdarda narkotiklə yaxalandığı ortaya çıxıb. Həmin vaxt onlardan 8 kiloqramdan artıq heroin, mariuxuana, metamfetamin, 50 ədəd psixotrop tərkibli metadon həbi, eləcə də 2 ədəd elektron tərəzi aşkarlanıb. Məhz bu baxımdan cəmi 1,6 il əvvəl narkotiklə yaxalanan Xədicə Ağayevanın adının DTX-nın terrorçular siyasında yer alması kifayət qədər müəmmalıdır. Bu fakt onu deməyə əsas verir ki, ya Daxili İşlər Nazirliyi külli miqdarda narkotiklə yaxalanan X.Ağayevanı açıb buraxıb, ya da Dövlət Təhlükəsizliyi Xidməti cəmiyyətə yalan məlumat verib.

Birinci ehtimalın üzərində dayansaq, belə aydın olur ki, Xədicə Ağayeva külli miqdarda rüşvət qarşılığında ya istintaq müddətində, ya da məhkəmə zamanı məhbəsdən xilas ola bilib.

İkinci ehtimal isə ondan ibarətdir ki, bütün narkotik satıcıları, narkokuryerlər kimi Xədicə Ağayevanın da İranla bağlantısı aşkar olduğundan, DTX bu faktdan yararlanmağa çalışıb. Hərçənd ki, birinci ilə müqayisədə bu ehtimal daha az inandırıcıdır. Çünki hazırda Azərbaycanda kimisə məhz terrorçu kimi qələmə vermək üçün DTX-nın əlində onlarla belə qadın olduğu şübhəsizdir və cəmi 1,6 il əvvəl səs-küylü əməliyyatla saxlanılan Xədicə İsmayılovaya heç də xüsusi ehtiyac yoxdur. Həm də 1,6 il elə uzun müddət deyil ki, DTX-da məlum narkotik əməliyyatının unudulduğunu zənn etmiş olsunlar.

Beləliklə, görünən odur ki, bu məsələdə yenə də DİN və məhkəmə orqanları cavabdehlik daşıyırlar. Nəzərə alsaq ki, Xədicə Ağayeva qrup halında saxlanılıb və onlardan külli miqdarda narkotik aşkarlanıb, deməli, bu qadının belə qısa müddətdə hüquqi yollarla azadlığa çıxması ehtimalı mövcud deyil. O cümlədən, onun adının Amnistiya aktında və əfv siyahılarında olmadığını da nəzərə alsaq, aydın olar ki, ortada ciddi rüşvət amili öz rolunu oynayıb. Əks halda, Xədicə Ağayeva necə və hansı yollarla azadlığa çıxa bilərdi ki?!

Sonda bir məsələni də xüsusi olaraq vurğulamaq istərdik ki, əslində, bu faktın özü də Azərbaycanda narkotik ticarətinin kökünün hansı səbəbdən kəsilmədiyinin bariz nümunəsidir. Bu, eyni zamanda onu deməyə əsas verir ki, cinayətkar cəzasız qalanda o, cəmiyyət üçün daha böyük təhlükəyə çevrilir. Necə ki, qanunsuz yollarla həbsdən yayına bilən narkotik alverçisi Xədicə Ağayeva cəzasız qaldığı üçün daha böyük cinayətə - terrorçuluğa əl atmaqdan çəkinməyib.

Jalə FAMİLQIZI

P.S. Çoxlarına elə gələ bilər ki, biz bu yazımızda DTX-nı müdafiə etməyə, bu qurumun başında duran şəxsləri “sudan quru çıxarmağa” çalışmışıq. Bu, qətiyyən belə deyil. Yuxarıda qeyd olunanlar sadəcə bizim ehtimallarımızdır. Lakin o da mümkündür ki, DTX əməkdaşları böyük naşılıq və təcrübəsizlik edərək, cəmi ilyarım əvvəl həbs olunan Xədicə Ağayevanın üzərində oyun qurub. Hər halda, bu və ya digər suallara istər DTX-nın, istər də DİN-in aydınlıq gətirməsi daha doğru olardı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
hurriyyet.az

1Mənbələr