AZ

“İnsan özünü dəyərli hiss etmədikdə, bunu maddi göstəricilərlə nümayiş etdirir”

Son dövrlərdə bayram və müxtəlif özəl günlərdə insanların aldıqları bahalı və ya sadə hədiyyələri sosial şəbəkələrdə paylaşması geniş yayılmış tendensiyaya çevrilib. Bəziləri bunu normal və sevinc paylaşımı kimi qiymətləndirsə də, digərləri bu davranışın problemli zehniyyətlə əlaqəli olduğunu düşünür.

 

Pravda.az-a açıqlama verən psixoloq Firəngiz Ağayevanın sözlərinə görə, sosial şəbəkələrdə bahalı hədiyyələrin paylaşılması son illərdə çox artıb və bunun bir neçə psixoloji səbəbi var:

 

“İnsan təbiətən sosial varlıqdır və başqaları tərəfindən görülmək, qiymətləndirilmək və təsdiq olunmaq ehtiyacı hiss edir. Sosial şəbəkələr isə bu ehtiyacı çox tez və asan şəkildə təmin edən bir mühit yaradır. İnsan paylaşım etdikdə aldığı bəyənmə və şərhlər ona qısa müddətli məmnunluq və diqqət hissi verir. Digər səbəblərdən biri sosial müqayisədir. İnsanlar sosial şəbəkələrdə başqalarının həyatını gördükcə istər-istəməz öz həyatları ilə müqayisə edirlər. Bəzən bu müqayisə insanlarda geri qalmamaq və ya daha yaxşı görünmək istəyi yaradır. Bu zaman bahalı hədiyyələrin paylaşılması bir növ status və dəyər göstərmək vasitəsinə çevrilə bilir”.

 

F. Ağayeva qeyd edib ki, bu davranış forması bəzi hallarda insanın daxili güvən hissinin zəif olması ilə də bağlı ola bilər: “İnsan özünü kifayət qədər dəyərli hiss etmədikdə, bunu xarici şeylərlə, məsələn, bahalı hədiyyə, marka və ya maddi göstəricilərlə nümayiş etdirməyə çalışa bilər. Yəni burada əsas məqsəd bəzən sadəcə paylaşım deyil, başqalarının gözündə daha dəyərli və xoşbəxt görünmək istəyidir. Amma münasibətin keyfiyyəti və insanların bir-birinə verdiyi dəyər hədiyyənin qiyməti ilə ölçülmür. Əsas olan münasibətdəki səmimiyyət, diqqət və emosional bağlılıqdır”.

 

Şəhanə Quliyeva

Tarix: 11 Mart 2026, 13:37   
Seçilən
11
pravda.az

1Mənbələr