Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda Milli Teatr Günü qeyd edildi. Hər il olduğu kimi, teatrın üzləşdiyi çətinliklər bu gün də müzakirə mövzusu olaraq qalır. Bir çoxları bunu yetərli maliyyənin olmaması, bəziləri isə müasir Azərbaycan rejissor, aktyor və aktrisalarının səriştəsizliyi ilə əlaqələndirir.
Manset.az əlamətdar gün münasibətilə tanınmış ictimai-mədəni xadimlərə sualla müraciət edərək onlardan Azərbaycan səhnəsinin “ən”lərini öyrənib:
Yazıçı-kulturoloq, teatrşünas alim Aydın Talıbzadə:

“Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov, Həsən Turabov, Fuad Poladov, , Şəfiqə Məmmədova, Mərziyyə Davudova, Barat Şəkinskaya mənim üçün əvəzolunmaz aktyor və aktrisalardandır. Eyni zamanda, rejissorlardan isə Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev... Bu şəxslər hər zaman müasir və yeni olmağı bacarıblar. Dünyamız dəyişdiyi kimi, teatr da sürətlə dəyişir. Ona görə də teatr sənəti lap qədim dövrlərdən indiyə qədər daim böhran yaşayır. Bu böhran yeni formalar axtarışı ilə əlaqədardır. Müasir Azərbaycan rejissorları müasir tamaşaçıya adekvat formalarda reaksiya verməyi, öz fikirlərini ifadə etməyi bacarmalıdırlar”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu:

“Azərbaycan kinosu dedikdə bizim ilk ağlımıza gələn Rasim Ocaqov və Oqtay Mirqasımovun çəkdiyi filmlərdir. Onların çəkdiyi filmlər bir nəslin kino yaddaşının və kino vasitəsilə tarixi yaddaşının formalaşmasında böyük rol oynayıb. Bu filmlərdə və teatr tamaşalarında oynayan aktyor və aktrisalara gəldikdə isə ötən əsrin 70-80-ci illərində rol alan aktyor və aktrisalarla bağlı daha çox məlumatlıyıq. Azərbaycan səhnəsinin ən yaxşı aktyor və aktrisalarına misal olaraq Rasim Balayev, Şəfiqə Məmmədova, Həsən Turabov, Nəsibə Zeynalova, Amalya Pənahova kimi şəxsiyyətlərin adını çəkə bilərik. Müasir mərhələdə isə təəssüf ki, Azərbaycan kino sənayesinin geriləməsi ilə əlaqədar olaraq səhnədə parlaq və unudulmaz simalar görə bilmirik”.
Əməkdar artist, aktrisa Mehriban Xanlarova:

“Ad çəkmək istəmirəm. Belə deyim, hazırda keçmiş dövrlərin tamaşalarına, filmlərinə baxanda “heyif” deyirik. Səhnəmizin 3 unudulmaz adının - Hacıbaba Bağırov, Siyavuş Aslan və Nəsibə Zeynalovanın “Hicran” tamaşasında bir-birləri ilə danışmırlar, amma heç bir tamaşaçı tamaşa boyu bunu hiss etməyib. Budur peşəkarlıq. Yəni əsas məsələ aktyordur, mükəmməl rejissor da ola bilər, amma qarşındakı aktyor, aktrisa zəifdirsə, Londondan gələn rejissor belə keyfiyyətli iş ortaya qoya bilməz. İndiki dövrdə də fərqlənən rejissorlarımız, aktyor, aktrisalarımız var, adlarını çəkməyəcəm. Amma altlarını villalarla, maşınlarla dolduranlardan danışmıram, özünü sənətinə həsr edənlərdən danışıram. Yenə də keçmişin rejissorlarına heç kim çata bilməz. Rejissoru var edən də aktyor, aktrisadır, ona görə də bu gün sənətkara dəyər vermək lazımdır. Gedən gedir, yerini tuta bilən yoxdur”.
Milli Məclisin deputatı Razi Nurullayev:

“Məncə, Azərbaycan səhnəsinin “ən yaxşı” aktyor və ya aktrisasını xüsusi olaraq bir nəfərin adı ilə qeyd etmək düzgün olmazdı. Çünki teatr kollektiv sənətdir və səhnədə çalışan hər bir sənətkarın öz yeri, öz üslubu və tamaşaçısı var. Onların hər biri öz yaradıcılığı ilə bu sənətə dəyər qatır.
Aktyoru digərlərindən fərqləndirən əsas xüsusiyyət isə səhnədə yaratdığı səmimiyyətdir. Həqiqi sənətkar rolu sadəcə ifa etmir, onu yaşayır və tamaşaçıya da yaşadır. Məhz buna görə teatr sənəti həmişə xüsusi hörmət və diqqət tələb edən bir sahə olub. Rejissorlardan isə Rasim Ocaqovun filmlərinə daha çox üstünlük verirəm.
Milli Teatr Günü münasibətilə bütün teatr xadimlərini təbrik edir, onlara yeni yaradıcılıq uğurları və alqışlarla dolu səhnələr arzulayıram”.
Əməkdar incəsənət xadimi, teatrşünas Məryəm Əlizadə:

“Əslində, bu siyahı olduqca böyükdür. Ad özü onu daşıyan şəxsiyyət haqqında hər şeyi deyir. İlk tamaşamızı Mirzə Fətəli Axundovun əsəri ilə Bakı realni məktəbin şagirdləri hazırlayıb ərsəyə gətiriblər. Yəni teatrımızın əsası gənclər tərəfindən qoyulub. Məni məmnun edən odur ki, bu gün artıq gənc nəsil meydandadır. Ad çəkmək istəmərəm, çünki yaddan çıxanlar ola bilər. Bu gün bizim istedadlı gənc rejissorlarımız, aktyor, aktrisalarımız çoxdur. Mən ADMİU-də tədrislə də məşğulam, bu gənclərin daha yaxından şahidi ola bilirəm. Azərbaycanda nəsil dəyişmə prosesi uzun və ağır oldu bu sahədə, amma artıq bu baş verib. Artıq bu gün meydan gənclərimizindir”.
Milli Məclisin deputatı Fazil Mustafa:

“Açığı, fərqləndirmə aparmaq istəmərəm. Azərbaycanda teatr, rejissor məktəbi Mehdi Məmmədov, Adil İsgəndərov epoxasından sonra özünü göstərə bilmir. Təbii ki, istedadlı insanlar - rejissorlar, aktyorlar, aktrisalar var. Amma bunlara da mühit yaratmaq lazımdır ki, onlar özlərini təqdim edə bilsinlər. Azərbaycanda film və teatr sahəsi geriləyib, hazırda bizə dünya ilə rəqabət aparmağa çalışmaqdan daha çox Qafqazın 3 respublikası arasında bu sahədə fərqimizi ortaya qoymaq lazımdır”.
Xalq artisti, aktrisa Afaq Bəşirqızı:

“Tofiq Kazımov mən teatr, rejissor, aktyor, aktrisa və bu kimi anlayışları ayırmağa başladığım zaman tanımışam. Təbii ki, ondan əvvəl də bir çox istedadlı rejissorlarımız mövcud olub. Mənim ən çox sevdiklərimdən, işinə hörmət etdiklərimdən biri də Bəxtiyar Xanızadədir. Nicat Kazımov, Bəhram Osmanov, Samir Qulamov, Tərlan Qorçu da bəyəndiyim rejissorlar arasındadır. Yəni Azərbaycanda belə istedadlı rejissorlar həqiqətən də çoxdur. Rejissorda əvvəlcə yaradıcılıq qabiliyyəti olmalıdır. Bu, İlahidən verilən vergi kimidir. Rejissor işində istedad, istək, arzu əsas məsələlərdir”.
Fidan Vəlisoy